Sem dayının Rəisdən istədiyi


Siyasət 27 Dek 2022 11:14:00 251 0

Sem dayının Rəisdən istədiyi

ABŞ-da Türkiyəyə və şəxsən R.T.Ərdoğana vahid yanaşma mövcud deyildir. Ankaranın artan gücü və müstəqil xarici siyasəti ABŞ-da narahatlıq yaradır. Bəzi dairələr (Katon institutu, Sərhədsiz Müxbirlər, Freedom House) Türkiyəni qeyri-demokratik ölkə olmaqda, digərləri (CRS) isə 2012-16-cı illərdə dövlətə məxsus XalqBank vasitəsilə İrana Qərb sanksiyalarından yan keçməyə yardım etməkdə, ABŞ-ın F-35 qırıcılarından imtina edərək, Rusiyanın S-400 sistemlərinə üstünlük verməkdə ittiham edir. Tənqidçilər Türkiyə ilə əlaqələrin minimuma endirilməsini, Türkiyənin NATO-dan çıxarılmasını və ABŞ hərbi bazalarının digər ölkəyə dislokasiya olunmasını tələb edirlər.

Son.az Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, alternativ yanaşma qarşıda gələn prezident seçkilərində Ərdoğanın rəqiblərinə dəstək olmağı özündə ehtiva edir. Karneqi Fondu tərəfindən aparılmış araşdırmada müxalifət siyasətçilərinin siyasi baxışlarının ABŞ maraqlarına daha uyğun gəldiyi bəlli olur. Türkiyə tərəfindən dəstəklənən suriyalı qruplaşmaların tərkisilah edilməsi, Suriyada kürd Demokratik Birlik partiyası ilə əlaqələrin qurulması, S-400 sistemləri ilə bağlı məsələnin aradan qaldırılması, Aİ-yə üzvlüyün irəli çəkilməsi, xarici siyasətdə NATO ilə əlaqələrə vurğunun edilməsi, Aİ ilə əməkdaşlığın artırılması, insan haqqlarına xüsusi diqqətin ayrılması və Çində uyğur probleminə fokuslanma ilə bağlı verilən suallara müxalif namizədlər müsbət cavab vermişlər. Bununla yanaşı, müxalifətçilər Türkiyəni ŞƏT-ə salmayacaqlarını, Rusiyadan S-400 sistemlərini almayacaqlarını, Kipr probleminin tənzimlənməsində 2 dövlət modelindən çıxış etməyəcəklərini və Rusiya ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyəcəklərini bildirmişlər.

MetroPOLL şirkəti tərəfindən aparılan sorğuya əsasən hakim fraksiyanın reytinqi 44,7%, müxalifət koalisiyasınınkı isə 39%dir. Ərdoğanın öz reytinqi 45,1% civarında qiymətləndirilsə də, belə ehtimal olunur ki, seçkilərə az qalmış Ərdoğan media resurslardan və xarici siyasət təşəbbüslərindən istifadə edib mövqelərini yaxşılaşdıra biləcək.

Seçki nəticələrinin indidən proqnozlaşdırıla bilməməsi və Ərdoğanın regional və qlobal miqyasda sistem yaradan faktora çevrilməsi ABŞ-da yeni yanaşmanın yaranmasını aktuallaşdırdı. İyun ayında taxıl böhranı pik həddə çatanda Rand Corporation Qara dəniz ölkələrinin və digər maraqlı tərəflərin öz hərbi gəmilərini birləşdirərək Ukraynaya tərəf göndərəcəyini bildirdi. Mərkəzin fikrincə bu addım Rusiya qüvvələri ilə müəyyən toqquşma riskini özündə daşıyırdı. Lakin, Ərdoğanın uğurlu vasitəçiliyi potensial hərbi toqquşmanın qarşısını alıb, taxıl böhranını tənzimlədi. Hazırda Ərdoğan Putin ilə taxıl sövdələşməsinin genişləndirilməsi və dəhlizə fərqli malların daxil edilməsini müzakirə edir.

Qərb enerji təhlükəsizliyi məsələsində də Ərdoğana çox borcludur. Azərbaycandan Avropaya qaz daşıyan TANAP və TAP qaz kəmərləri Türkiyə ərazisindən keçir. Alternativ mənbələr olan İraq, İran və Şərqi Aralıq dənizi də Türkiyə vasitəsilə daşınmanı özündə ehtiva edir. Perspektivdə Türkmənistan qazının və Qazaxıstan neftinin (alternativ marşrutla) Aİ-yə daşınması da Türkiyə ərazisi üzərindən həyata keçiriləcəkdir.

NATO üzvü kimi Türkiyə alyansın Asiya (İraq, Suriya, Livan, Qətər), Afrika (Liviya, Somali) və Avropada (Bosniya və Herseqovina, Serbiya, Azərbaycan) hərbi-siyasi mövcudluğunu təmin edir. Türkiyə Rusiya ilə fərqli regionlarda rəqabət aparsa da, bu rəqabətin Rusiya-NATO qarşıdurmasına çevrilməsini liderlər arasında mövcud şəxsi diplomatiyaya əsaslanan sövdələşmə qabaqlayır.

ABŞ-da bəzi dairələr (Brookings İnstitutu) NATO-nun Türkiyəyə çox ehtiyac duyduğunu və Ərdoğanın anti-Qərb çıxışlarına rəğmən NATO-ya sadiq qaldığını bildirirlər.

Beləliklə, ABŞ qarşıda gələn prezident seçkilərində müxalifətə simpatiya nümayiş etdirsə də, cari qəliz geosiyasi şəraitdə Ərdoğan faktoru ilə hesablaşmağa məcburdur. Bu özünü belə bir sadə faktda göstərir ki, Baydenin birbaşa təsiri ilə Senat F-16-ların Türkiyəyə satışına tədbiq etdiyi əvvəlki qadağasını ləğv etdi.