Azərbaycanlı ekofəalların etiraz aksiyası “Modern Diplomacy” nəşrində


Siyasət 27 Dek 2022 14:18:00 258 0

Azərbaycanlı ekofəalların etiraz aksiyası “Modern Diplomacy” nəşrində

Son günlər azərbaycanlı ekofəalların Laçın yolunda ətraf mühitlə bağlı etiraz aksiyaları beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb edir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altındakı ərazilərdə qızıl və mis-molibden yataqlarının qanunsuz istismarının monitorinqinin aparılması üçün azərbaycanlı mütəxəssislərin həmin ərazilərə buraxılmaması, o cümlədən həmin faydalı qazıntıların Ermənistana daşınması üçün Laçın yolundan istifadənin artırılması etirazların əsas səbəbidir. Etiraz aksiyasının iştirakçıları "Ekoterrora son", "Ekoloji cinayətlərə son" şüarları səsləndirməklə təbii sərvətlərin daha da talan olunmasının qarşısının alınmasını, Laçın yolu boyunca gömrük-keçid məntəqəsinin yaradılmasını tələb edirlər. Etirazların tezliklə dayanacağı ehtimal edilmir. Aksiyanın iştirakçıları prinsipial olaraq əmindirlər ki, tələbləri yerinə yetirilməyənə qədər geri çəkilməyəcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər "Modern Diplomacy" nəşrində dərc olunan "Ekologiya: Ermənistan-Azərbaycan münaqişəsinin katalizatoru" sərlövhəli məqalədə yer alıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan hökuməti faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının qarşısının alınması ilə bağlı əvvəllər dialoq yolu ilə addımlar atıb. Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri həmin ərazilərdə ilkin monitorinqin aparılması üsullarının müəyyən edilməsi məqsədilə dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə danışıqlar aparıb. Azərbaycanlı mütəxəssislər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı dekabrın 10-da ilkin monitorinq aparmalı idi. Lakin buna əvvəlcədən təşkil olunmuş müəyyən qruplar tərəfindən imkan verilməyib. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi sülhməramlıların fəaliyyəti ilə bağlı Rusiyaya nota verib. Bu, Azərbaycan ictimaiyyətində haqlı narazılığa və hiddətə səbəb oldu. Buna cavab olaraq, qeyri-qanuni istismarın ətraf mühitə ağır təsirləri barədə məlumatlılığı artırmaq üçün bir qrup vətəndaş cəmiyyəti təmsilçisi - QHT-lər, jurnalistlər, fəallar və könüllülər ayağa qalxdılar. Etiraz aksiyasının iştirakçıları aydın mesaj verirlər: Sərvətlərimizin qanunsuz istismarında və ətrafi mühitə ciddi ziyan vurulmasında Rusiya sülhməramlı qüvvələrinin və Ermənistanın hüquqi-mənəvi məsuliyyəti var.

Yazıda dinc aksiyadan sonra Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin dekabrın 12-də etirazçıların mədən sahələrinə doğru irəliləməsinin qarşısını almaq üçün yolu bağladıqları və bunun Azərbaycanda humanitar böhrana səbəb olduğu qeyd edilib: "Azərbaycan yolun bağlanmasına görə məsuliyyəti rədd edir və bəyan edir ki, erməni tərəfi humanitar vəziyyətin pisləşməsi barədə süni şəkildə təsəvvür yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) də qeyd edib ki, "Azərbaycan hökumətinin hazırda "Laçın dəhlizi"ndə vəziyyətə nə dərəcədə nəzarət etməsi indiki mərhələdə mübahisəli və aydın deyil". 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizi boyunca dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələri və Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat verir".

Məqalədə bildirilib ki, sosial şəbəkələrdə paylaşılan videolarda içərisində humanitar malların olduğu iddia edilən Rusiya sülhməramlılarının yük maşınlarının gündəlik olaraq ərazidən keçməsinə şərait yaradıldığı görünür. Bundan başqa, ağır xəstələr Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə İrəvana aparılıb. Həmin faktlar bir daha təsdiqləyir ki, yol boyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkəti rejimi dəyişməz olaraq qalır. Bundan əlavə, Bakı Azərbaycan tərəfinin Xankəndidə yaşayan erməni sakinlərinin humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu bəyan edib.

Həmçinin vurğulanıb ki, Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarına etirazçıların hərbi təxribatların qarşısının alınması ilə bağlı tələblərinin yerinə yetirilməsinin vacibliyini xatırladıb. Maraqlıdır ki, Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarına inamsızlıq bu gün hər zaman olduğundan daha güclüdür. Qarabağda olduqları iki il ərzində onlar haqlı tənqidlərə məruz qalıblar və onların öz vəzifələrini yerinə yetirməmələri ciddi müzakirələrə səbəb olub. Videogörüntülərdən və fotoşəkillərdən də göründüyü kimi, talan edilmiş təbii sərvətlərin və hərbi texnikanın xüsusi olaraq humanitar məqsədlər üçün ayrılmış Laçın-Xankəndi yolu ilə daşınmasına şərait yaradılıb. Ona görə də Azərbaycan ictimaiyyəti onların öz öhdəliklərini - 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini kobud şəkildə pozduğuna görə narazılığını tamamilə haqlı olaraq ifadə edir.

Ən əsası isə ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi və xüsusilə ekoloji problemlərlə bağlı məsələlər hər zaman ictimaiyyəti maraqlandırıb və hökumət bunu daim müdafiə edir. Tovuz döyüşlərindən sonra Bakının Azadlıq meydanına toplaşan minlərlə etirazçı qoşunların səfərbər edilməsi və Qarabağın azad olunması tələbi ilə hökumətə müraciət etdi. Azərbaycan hökumətinin 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlanılması barədə qərar verməsi bunu təsdiqləyir. Ona görə əminliklə deyə bilərik ki, bu, Azərbaycanın ictimai rəyi və xalqın kollektiv iradəsinin Ermənistan-Azərbaycan münaqişəsi kontekstində hakimiyyəti necə hərəkətə keçirməyə vadar edə biləcəyinin növbəti sübutudur. Beləliklə, Azərbaycan ictimaiyyətinin artan narahatlığı nəzərə alınmasa, sülh prosesi daha da pisləşəcək.

Yazıda ermənilərlə azərbaycanlılar arasında ekoloji problemlərlə bağlı sosial səfərbərliyin yeni olmadığı, sovet dövrünün sonuna yaxın Şuşa yaxınlığındakı Topxana meşəsinin qırılmasına etiraz olaraq Bakıda böyük mitinqlərin keçirildiyi xatırlanıb. Hətta bu mitinqlərin sonradan Azərbaycanda milli azadlıq hərəkatına çevrildiyi və etirazların başladığı günün hazırda ölkədə Milli Dirçəliş Günü kimi qeyd edildiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycan işğal altındakı ərazilərdə ekoloji problemləri əvvəllər də israrla gündəmə gətirib, beynəlxalq təşkilatlara müraciət edib. 2006-cı il sentyabrın 7-də BMT Baş Assambleyası Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə qəbul edərək, ətraf mühitə geniş ziyan vurulması ilə nəticələnən yanğınlarla bağlı ciddi narahatlıq ifadə edib. Həmin sənəddə Azərbaycanın yanğınlardan zərər çəkmiş ərazilərində təxirəsalınmaz ekoloji əməliyyatın aparılmasının vacibliyi qeyd olunur. Qətnamənin əsasında ATƏT-in faktaraşdırıcı missiyası 2006-cı il oktyabrın 2-dən 13-dək həmin vaxt işğal altında olan və yanğından zərər çəkmiş ərazilərə səfər etmiş və belə nəticəyə gəlmişdir ki, "yanğınlar ekoloji və iqtisadi ziyanla nəticələnmiş və insanların sağlamlığına təhlükə törətmişdir". Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qətnamədə də bu missiyanın hesabatına istinad edilmişdir. Daha sonra Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti ilə bağlı fəaliyyətlər Xarici İşlər Nazirliyinin 2017-ci il aprelin 10-da BMT-nin baş katibinə ünvanlanmış Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə dair hesabatında ətraflı əksini tapıb.

"Ermənistanın Rusiya sülhməramlı qüvvələri ilə sıx əməkdaşlıq edərək Qarabağın təbii sərvətlərini istismar etməsi beynəlxalq hüququn, xüsusən də Azərbaycanın milli ehtiyatları üzərində daimi suverenliyinin pozulmasıdır. Yekun olaraq qısaca deyə bilərik ki, Azərbaycan vətəndaşları Laçın yolunun nəzarətsiz buraxılmasının yaratdığı təhlükələrdən getdikcə daha çox narahat olmağa başlayıblar. Laçın yolundan qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün, o cümlədən Azərbaycanın milli sərvətlərinin qanunsuz dövriyyəsi üçün açıq-aşkar sui-istifadə edilməsi ekosistemə qarşısıalınmaz ziyan vurmaqda davam edir. Ona görə də bu vəziyyətdən yeganə çıxış yolu daimi nəzarət-buraxılış məntəqələrinin yaradılmasıdır ki, nəzarət təmin olunsun", - deyə məqalədə qeyd edilib.

Son.az