Əli ətəyindən uzun Paşinyan:


Siyasət 27 Dek 2022 12:02:00 261 0

Əli ətəyindən uzun Paşinyan:

Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində artıq ənənə halına çevrilən MDB dövlət başçılarının iclası işinə başlayıb. Bu məqsədlə Prezident İlham Əliyev də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə sözügedən iclasda iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə yollanıb. 

İstər Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-formal görüşündə, istərsə də təkbətək görüşlərdə yenə də mühüm məsələlərin müzakirə obyektinə çevriləcəyi gözlənilir. Həmin məsələlər içərisində bir neçəsi özəlliklə diqqət çəkir. Onlardan "2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə proqramı"nı deyə bilərik.

Bu tədbirin isə Laçın yolu ətrafında Ermənistan tərəfinin manipulyasiyaları fonunda baş verməsi rəsmi Bakı üçün olduqca önəmlidir. Çünki Azərbaycana qarşı dekabrın 12-dən (Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin başlatdığı aksiya) geridə qalan 16 gün ərzindəki təzyiqlərin sayının durmadan artması məsələsinə diqqət yetirsək, bu prosesdə rəsmi Moskvanın da əlinin olduğunu istisna edilmir.

Ən azı Ruben Vardanyan amilinin birdən-birə bu qədər ön plana çıxarılması məsələsində Moskvanın xüsusi fəaliyyəti, fəallığı göz önündədir. Bu mənada dövlət başçıcı üçün Azərbaycana qarşı hazırlanan bu təxribatların dayandırılmayacağı təqdirdə qarşı tərəfin hansı şəkidlə durdurulması ilə bağlı Kreml rəhbərini şəxsən məlumatlandırması separatçılara verilən dəstəyə bir "qırmızı işıq" effekti ola bilər.

Rusiyada səfərdə olan İlham Əliyevin Putinlə regiondakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. O da məlumdur ki, Bakının bu məsələlərdə mövqeyi qətidir. Laçın yolunda aksiya iştirakçılarının tələbləri icra olunmalıdır. Dövlət başçısının hələ Rusiyaya yolda düşmədən iki gün əvvəl Qərbi Azərbaycan icması ilə görüşü zamanı "geri çəkilməyəcəyik" mesajının bir ucu elə Moskvaya gedib çıxırdı. 

Azərbaycana MDB lazımdırmı?

Vətən müharibəsindən sonra postkonflikt dövründə və hazırda dünyada baş verən qlobal geosiyasi proseslər fonunda MDB platforması olduqca önəmli əhəmiyyət daşıyır, özəlliklə İkinci Qarabağ müharibəsindən sonra yaratdığımız reallıqlar şəraitində...

Müxtəlif baxışlar olsa da fakt-faktlığında qalır ki, bu gün MDB-yə üzv olan dövlətlərin bəzən təhlükəsizlik maraqları (Ermənistan istisnadır), iqtisadi tərəfdaşlıq maraqları, eyni zamanda qarşılıqlı fəaliyyətlə bağlı olan milli məqsədləri də üst-üstə düşür.

◼️ Bəli, MDB o mühüm platformalardandır ki, ölkəmizin mövqeləri bir daha ən azı keçmiş sovet ittifaqı ölkələri arasında açıqlansın, Qarabağ ətrafında qurulan, aparılan oyunların ifşa edilərək ən azı həmin çevrədə Azərbaycan üçün təhdid yaradan, onun suverenlyinə təhlükə olan amillər diqqətə çatıdırılsın.

◼️ Nəzərə alsaq ki, bu platformada Ermənistan baş naziri Nikol Paşinyan da iştirak edir, bu baxımdan Azərbaycan üçün MDB sammiti əlavə önəm kəsb edir ki, qarşı tərəfə öncədən birbaşa lazımı məsələlərlə bağlı xəbərdarlıqlarını çatdırsın. Sonra Nikol Paşinyan Bakıya "demədin" deməsin. Rəsmi Bakı üçün bu, "yalançının şahidi yanında olar" mənasında əlavə bir fürsətdir.

◼️ Azərbaycana xüsusilə postkonflikt dövründə müxtəlif platformalarda təmsil olunması olduqca önəmlidir. Hazırda daha amansız bir savaşın - informasiya, beyin savaşının başladığını nəzərə alsaq, bu cəhətdən Azərbaycan əlinə düşən bütün fürsətləri dəyərləndirib dünya ictimaiyyətini məlumatlandırmaq nəzərdən bu imkandan yararlanmalıdır.

◼️ Bu cür platformaların Bakı üçün başqa bir müsbət cəhəti ondan ibarətdir ki, yaxın və uzaq qonşularla münasibətlərimizin kontrları, onların çatdırılması mənasında mühüm əhəmiyyət kəsb edir. Bu nöqteyi nəzərdən Azərbaycan prezidentinin belə bir tədbirdə iştirakı rəsmi Bakının müxtəlif məsələlərlə bağlı mövqeyini bəyan etməsi adına olduqca önəmlidir. 

◼️ Xüsusilə bu platforma indiki məqamda Azərbaycan üçün ümumi təhlükəsizlik kontektsində önəmlidir ki, hansı çağırışların olduğu ilə bağlı məsələlərin qabardılması Bakının Ermənistanla davamlı sülh məsələsində əlini gücləndirmək adına xeyirli ola bilər. Çünki burada müzakirə ediləcək məsələrdən biri kimi məhz MDB ölkələrinin ümumi təhlükəsizliyini təhdid edən xarici faktorlarla bağlı mövzu aktuallığı ilə diqqət çəkir. Bu nöqteyi nəzərdən Qərbdən, əsasən da erməni lobbisinin ələ aldığı Fransa dövlətindən Azərbaycana qarşı istər informasiya, istər diplomatik hücumların artması məsələsi dövlət başçımız tərəfindən qabardıla bilər. 

Çünki Azərbaycana qarşı təhdidlər hər gün artır! Burada maraqların ümumi çətir altında müdafiəsi təşkil olunmasa, MDB-yə üzv olan digər dövlətlərin təhlükəsizliyinin qoruması da çətinləşəcək. Çünki nə qədər absurd səslənsə də, fakt-faktlığında qalır ki, bu gün MDB-yə üzv olan dövlətlərdən biri (Ermənistan) digərinin - Azərbaycanın təhlükəsizliyinə təhdid olacaq qərarlar verir, addımlar atır. 

Təhməz Əsədov Son.az