Azadlıq həm də yurdun inşasıdır Bakı işğaldan inkişafa yol çəkir


Siyasət 05 Okt 2022 12:39:00 111 0

Azadlıq həm də yurdun inşasıdır  Bakı işğaldan inkişafa yol çəkir

Tək regionda deyil, dünyada söz sahibi olan ölkəmiz növbəti beynəlxalq tədbirlərdən birinə ev sahibliyi edir. Bu dəfə ilk dəfə olaraq Azərbaycan şəhərsalma tədbirinə ev sahibliyi edir. Önəmli olan həm də odur ki, Azərbaycan Milli Şəhərsalma Forumu adlı tədbir işğaldan azad edilən Ağdam şəhərində keçirilir. İlham Əliyevin iştirakı ilə keçirilən tədbir BMT-nin Məskunlaşma Proqramı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində baş tutub. 

Müxtəlif ölkələri təmsil edən nümayəndələr öz gözləri ilə bütöv bir şəhərin erməni vandallar tərəfindən necə məhv edildiyini şahidi olacaqlar. Onu da qeyd edək ki, Ağdamda bu gün işə başlayan "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - post-konflikt dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu Azərbaycan ilə UN-HABITAT arasında sıx əməkdaşlığın nəticəsidir. Azərbaycan Milli Şəhərsalma Forumunda yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri olan xarici tərəfdaşlar və digər maraqlı tərəflər iştirak edirlər. Azərbaycanda ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşdürülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından unikal və uğurlu platformadır.

44 xarici ölkədən 130-dan çox nümayəndənin qatıldığı tədbirdə ümumilikdə 400 nəfərdən çox insan iştirak edir. Forumun nəticələrinə dair Azərbaycan Milli Şəhərsalma Forumunun yekun Bəyannaməsi qəbul olunacaq. Azərbaycan Milli Şəhərsalma Forumu dünyada müasir şəhərsalma prosesinə böyük töhfədir, Azərbaycanın şəhərsalma, xüsusilə post-böhran vəziyyətində şəhərsalma modeli böyük maraqla qarşılanır. Ermənistanın 30 illik işğalından sonra azad edilmiş torpaqlardakı Böyük Qayıdış, bərpa və quruculuq işlərində dayanıqlı şəhər inkişafı prinsipləri böyük dəyər kəsb edir. İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. İşğal dövründə Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu "Qafqazın Xirosiması" adlandırıblar. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, "yaşıl enerji" və "sıfır tullantı" konsepsiyalarını tətbiq edir. Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edilir. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Yenidənqurma prosesində əsas məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

Azər Nuriyev Son.az