Postsovet məkanında antisemitizmin ən yüksək göstəricisi olan ölkə


Siyasət 31 Yan 2018 21:54:00 265 0

Postsovet məkanında antisemitizmin ən yüksək göstəricisi olan ölkə

Yəhudi ekspert: "Ermənilərin israillilərə vicdan, əxlaq və ədalət dərsi verməsinə laqeyd baxa bilərikmi?!" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Rusiya prezidenti Vladimir Putin Moskvada qısamüddətli işgüzar səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşlər keçirib. İki lider Moskvada tolerantlıq mərkəzində və Yəhudi muzeyində olub, Xolokost qurbanlarının xatirəsinə həsr olunan mərasimdə iştirak etdikdən sonra Leninqradın faşistlərin mühasirəsindən tam azad olunmasının ildönümü ilə bağlı tədbirə qatılıb. Rusiya prezidenti bəyan edib ki, müasir siyasətçilər, dini, ictimai xadimlər əlindən gələn hər şeyi etməlidirlər ki, 21-ci əsrdə tarixi yaddaşı qoruyub saxlamaq mümkün olsun. "Heç bir halda millətçi ideologiyaların cücərməsinə, antisemit, rusofob, istənilən digər fob, nifrət üzərində qurulan, köklənən hallara imkan verməməlidirlər", - deyə Rusiya prezidenti bildirib. Yəhudi lider də onunla həmfikir olduğunu bəyan edərək, bu məsələdə birlik nümayiş edilməli olduğunu bildirib. Liderlərin görüşü ilə eyni vaxtda Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner postsovet məkanında və Avropa İttifaqı ölkələrində antisemitizm hallarının səviyyəsindən bəhs edən sorğunun nəticələrini bəyan edib. Onun sözlərinə görə, müxtəlif sorğu və tədqiqat mərkəzləri Rusiyanı 2017-ci il ərzində antisemitizmin səviyyəsinə görə, 23-cü yerdə müəyyənləşdiriblər. Bu, postsovet məkanında antisemitizm səviyyəsinə görə ən aşağı yer, Şərqi Avropada isə ən aşağı göstəricilər sırasındadır. Rusiya digər protestant dövlətlər - Finlandiya, Estoniya kimi ölkələrdən belə aşağı yerdə qərarlaşıb. Postsovet məkanında antisemitizmin ən yüksək göstəricisi Ermənistanda, Avropa ölkələrində isə Yunanıstanda qeydə alınıb. Yuri Kanner bildirib ki, 2016-cı il noyabrın 1-də Moskvada antisemitizmə qarşı mübarizə mövzusunda ilk Moskva konfransı keçirilib. Onun sözlərinə görə, konfrans ərəfəsində ölkədə antisemit əhval-ruhiyyənin tədqiqi ilə bağlı böyük tədqiqat aparılıb. Nəticələr yalnız akademik külliyyatlarda dərc olunub: "Belə ki, nəticələr hələ tam tədqiq edilmədiyindən yayımlanmır. Bu il biz ikinci belə konfrans keçirəcəyik. Tədbir 2018-ci ilin oktyabrında keçiriləcək. Ölkə böyükdür, antisemitizmin səviyyəsi müxtəlifdir. Rusiyada Fransa, İsveç, və digər dövlətləri ağuşuna alan "islam" antisemitizmi deyilən bir anlayış yoxdur. Bizim islam regionları - Kazan və Ufa kimi yerlərdə güclü yəhudi icmalarımız mövcuddur. Nalçikdə isə ciddi yəhudi icması fəaliyyət göstərir".  

Bəs Ermənistanda antisemitizm əhval-ruhiyyənin güclü olmasının səbəbi nədir? Yəhudi ekspert Kanner bu suala belə cavab verib: "Bunun səbəbi bu ölkənin hakimiyyət orqanlarının millətçi siyasət yürütmələri ilə bağlıdır". O, əlavə edib ki, bunu Antidiffamasion Cəmiyyətin (ADL) keçirdiyi son tədqiqat da təsdiq edir. Həmin tədqiqat da Ermənistanda antisemitizm həddinin kritik - 60 faiz həddində olduğunu göstərib: "Müqayisə üçün deyək ki, Azərbaycan və Gürcüstanın göstəriciləri dünya üzrə orta statistik göstəricilərə yaxındır". O, əlavə edib ki, Ermənistan, Ukrayna və Baltikyanı ölkələrdə antisemitizmin yüksək səviyyəsi həmin ölkələrin hakimiyyət dairələrinin millətçi siyasət yürütmələri ilə bağlıdır. Bir faktı da qeyd edək ki, Ermənistanda antisemit əhval-ruhiyyənin güclənməsi barədə məsələ dəfələrlə ABŞ Konqresinin Nümayəndələr Palatasında qaldırılıb. Ermənistanda etnik və dini azlıqlara münasibətdə tolerantlığın olmaması, habelə bu ölkədə antisemitizm problemi qaldırılıb. Lakin təəssüflə qeyd edilməlidir ki, hər hansı bir qərar qəbul edilməyib. Görünür, yəhudi icması erməni lobbisinə bu məsələdə müqavimət göstərə bilməyib.

Yeri gəlmişkən, ölkəmizin tolerant, bütün xalqlara qarşı dözümlülük nümayiş etdirən bir xalq olduğunu tanınmış ekspertlər, beynəlxalq tədqiqat mərkəzləri də dəfələrlə təsdiq edib. Məsələn, israilli ekspert Arye Qut İsrail və Azərbaycan arasında səmimi və mehriban münasibətlərin nümunə ola biləcəyini bəyan edib. Ekspert hesab edir ki, 2016-cı ilin aprel hadisələrindən sonra həqiqətən Ermənistanda antiisrail isteriyası müşahidə edilir, hətta İsraildə erməni icması Azərbaycan-İsrail tərəfdaşlığı əleyhinə etiraz mitinqləri keçirib. Ermənistanın "Armenian Report" adlanan saytı isə açıq-aşkar antisemit və antiisrail təbliğatı aparır və hətta İsrail dövlətini məhv etməyə çağırır. O, daha sonra qeyd edir ki, antisemitizmin və faşizmin dövlət ideologiyasına çevrildiyi, postsovet məkanında antisemitizm üzrə birinci yeri tutan ölkədə İsrail dövlətinin məhv edilməsinə çağırışları milli ideologiyanın bir hissəsi hesab etmək olar. A.Qut deyib: "Hamı yaxşı bilir ki, Ermənistan, şovinizm, millətçilik, faşistlərin və antisemitlərin tərifləndiyi, Sarkisyan rejiminin dövlət siyasətinin tərkib hissəsinə çevrildiyi ən monoetnik ölkədir. Vurğulanmalıdır ki, bu qaniçən faşistlərə və antisemitlərə pərəstiş hansısa marginal siyasi qruplar tərifindən həyata keçirilmir. Bunun arxasında dövlət, daha doğrusu, müasir Ermənistanın cinayətkar terrorçu rəhbərliyi durur. Faşist və antisemit general Qaregin Njdeyə qoyulan abidənin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirakı bir daha sübut edir ki, onlar özlərini erməni faşistinin həqiqi varisləri sayırlar. Tarix və yəhudi xalqı, İkinci Dünya müharibəsində faşist Njdenin yaradıcılarından biri olduğu 20 minlik erməni legionunun zülmünü heç vaxt unutmayacaq. Arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlar var. General Njdenin rəhbərlik etdiyi erməni legionunun məqsədi basqınların törədilməsi, yəhudilərin və alman ordusu üçün "arzuolunmaz" digər xalqların məhv edilməsi idi. Məhz erməni legionunun sayəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, eləcə də Qərbi Krımın digər rayonları yəhudilərdən qismən təmizlənmişdi. Məgər bundan sonra biz müasir Ermənistanda erməni faşisti və antisemitin milli qəhrəman səviyyəsinə yüksəldilməsinə, üstəlik, ermənilərin biz israillilərə vicdan, əxlaq və ədalət dərsi verməsinə laqeyd baxa bilərikmi?! Ermənistanın bəzi "yəhudi" rəhbərləri isə mənə sübut etməyə çalışacaqlar ki, Ermənistanda heç bir antisemitizm, yəhudilərə və İsrailə nifrət yoxdur".