Mikoyanın xilas edə bilmədiyi qumarbaz səfir Bekzadyan xəyanətinin güdazına gedib


Dünya 30 Sen 2022 20:44:00 101 0

Mikoyanın xilas edə bilmədiyi qumarbaz səfir  Bekzadyan xəyanətinin güdazına gedib

26 iyul 1938-ci ildə "NKVD" başçısı Nikolay Yejov "1-ci kateqoriya" üzrə (güllələnmə) repressiya olunacaq şəxslərin növbəti siyahısını İosif Stalinə təqdim edəndə Vyaçeslav Molotov və Anastas Mikoyan da həmin görüşdə olublar. Siyahıda 138 nəfərin adı yer alıb. Stalin adlara nəzər yetirdikdən sonra siyahını Molotova verib. Molotov da gülələnəcək şəxslərə heç bir etiraz bildirməyib. Stalin birinci səhifənin başlığına dərkənar qoyub: "İcra edilsin". Bu məqamda siyahını nəzərdən keçirən Mikoyan bu işin ona aidiyyatı olmasa da müdaxilə edib:

- İosif Vissarionoviç, məncə, bu siyahıda olanlardan bir nəfər haqqında məlumatlar düzgün toplanmayıb.

Bir az xahiş, bir az da irad formasında deyilən bu söz Yejovun xoşuna gəlməsə də, "NKVD" rəhbəri susmağa üstünlük verib. Stalin isə Mikoyanın fikrini öyrənməyi lazım bilib:

- Anastas, kimi nəzərdə tutursan?

- Yoldaş Stalin, Aleksandr Bekzadyanı. O, partiya qarşısında böyük xidmətlər göstərib, fəal inqilabçı olub.

Bu dəfə Stalin üzünü Yejova tutub:

- Bəs siz necə düşünürsünüz? Bekzadyanın antisovet fəaliyyəti haqqında tutarlı faktlar varmı?

- Əlbəttə, yoldaş Stalin. Biz onun haqqında sizə əlavə materiallar təqdim edərik.

Cəmi bir neçə gündən sonra Yejov Bekzadyan haqqında Stalinə bir qovluq sənəd təqdim edib. Sənədlərlə tanış olduqdan sonra Stalin Bekzadyanın güllənlənməsinə razılıq verib.

Aleksandr Bekzadyan kim olub, Yejov onun haqqında Stalinə hansı sənədləri təqdim edib?

1879-cu ildə Şuşada anadan olan Bekzadyan Kiyev Politexnik İnstitutunda təhsil alıb. 1903-cü ildə bolşeviklər partiyasına üzv olub, təbliğat-təşviqat işlərinə cəlb edilib. 1905-ci ci ildə siyasi baxışlarına görə həbs olunan Bekzadyan bir neçə həftə həbsxanada qaldıqdan sonra qaçmağa nail olub və İsveçrəyə mühacirət edib.

1914-cü ildə yenidən Rusiyaya qayıdan Bekzadyan Bakıda və Şimali Qafqazda inqilabi hərəkatda fəal iştirak edib. 1919-1920-ci illərdə Zaqafqaziya diyar partiya komitsinin üzvü seçilib.