Şamaxıda tutan Ərdəbil radiosu İranın məkrli təbliğatını


Digərləri 08 Dek 2022 08:12:00 97 0

Şamaxıda tutan Ərdəbil radiosu  İranın məkrli təbliğatını

Sirr deyil ki, İran rejimi uzun illər ərzində din pərdəsi altında xain məqsədləri üçün Azərbaycanda özünün təsir dairəsini yaradıb. Xeyli insanın beynini Qumda, digər yerlərdə "dini təhsil"lə, "Kərimə dövləti" cəfəngiyyatı ilə "yuyublar".  Son illərdə, xüsusən son bir neçə ayda biz bunun fəsadlarını görməkdəyik.

Təbii, konkret cinayət əməlləri olan, dövlətə qarşı proseslərdə yer alan şəxslər xüsusi xidmət orqanları tərəfindən neytrallaşdırılır, həbs olunur.  Onlarla yanaşı, kifayət qədər potensial İran agenti olacaq şəxslər də var. Şübhəsiz, onlar da daim nəzarətdə saxlanılır.

Son.az musavat.com-a istinadən bildirir ki, İranın Azərbaycanda şəbəkə qurmaq, təbliğat aparmaq vasitələrindən biri də kütləvi informasiya vasitələridir. Davamlı şəkildə İran mediası, Tehrandan xüsusi xidmət orqanlarının yönətdiyi saytlar, radiolar, TV-lər anti-Azərbaycan təbliğatı aparırlar. Məlum olduğu kimi, son aylarda bu proses daha radikal və dözülməz hal alıb.

Bu məsələ Milli Məclisdə də narahatlıqla ifadə olunub. Deputat Ceyhun Məmmədov parlamentdəki çıxışında bildirib ki, İranın xəbər agentlikləri, televiziya kanalları, xüsusilə səhər kanalı Azərbaycana və Azərbaycan Prezidentinin ünvanına hədyanlar yağdırmağa davam edir.

"Eləcə də Azərbaycanın bir sıra bölgələrində İran radioları Azərbaycanın efir məkanına müdaxilələr edirlər. Burada söhbət təkcə sərhəd bölgələrindən getmir. Eyni zamanda son vaxtlar İranın sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif xalqların adından istifadə edərək Azərbaycanda gərginlik yaratmaq cəhdləri açıq müşahidə olunur. Bu məqsədlə həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır" - deputat bildirib.

C.Məmmədov qeyd edib ki, bu baxımdan "Səhər" kanalının peyk vasitəsilə yayımının, eləcə də İran radiolarının ölkəmizin efir məkanına müdaxiləsinin qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir: "Uzun illərdir bu barədə müzakirələr getsə də, hələlik konkret nəticə yoxdur. Bununla yanaşı, hesab edirəm İranın Azərbaycanda uzun illər ərzində formalaşdırdığı şəbəkənin və həmin şəbəkənin bütün üzvlərinin zərərsizləşdirilməsi istiqamətində də ciddi addımlar atılmalıdır. Eyni zamanda İranda yaşayan soydaşlarımıza ünvanlanmış verilişlərin hazırlanması və ya televiziya radio kanalının açılması məsələsi xüsusi diqqətdə saxlanılmalıdır. Eyni zamanda hesab edirəm Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşası məqsədilə müxtəlif dillərdə, o cümlədən ərəb və fars dillərində verilişlərin yayımlanması istiqamıtində də ciddi düşünməliyik. Bu gün dünyanın əksər ölkələri bunu edirlər".

Nəzərə çatdıraq ki, İran radioları, TV-ləri nəinki sərhəd rayonlarında, hətta Şamaxıda, Ağsu aşırımında da Azərbaycanın efir məkanına qanunsuz olaraq soxulur. Bunu jurnalistlər dəfələrlə fiksə edərək, ictimailəşdiriblər.