Mobil telefonlara görə 12 min manat


Digərləri 27 Dek 2022 13:37:00 497 0

Mobil telefonlara görə 12 min manat

Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə cərimələr müəyyən edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə yeni təklif edilən maddədə əksini tapıb.

Dəyişikliyə əsasən, fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək. Qeyd olunan xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər 9 min manatdan 12 min manatadək məbləğdə cərimə ediləcək. Qanun 2023-cü il aprelin 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.