Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq”


Digərləri 30 İyl 2021 15:42:13 228 0

Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq”

-Bank öz brend kimliyini niyə dəyişdi?

Ölkənin ən böyük bankı bu günlərdə əhəmiyyətli dəyişikliyə qərar verdi. Azərbaycan Beynəlxalq Bankı bundan sonra  fəaliyyətinə ABB brend kimliyi ilə davam edəcək. Bu maliyyə qurumunda başqa hansı transformasiya prosesləri baş verir? ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı Taleh Tahirli ilə söhbətimiz bu sual ətrafında olacaq.

-Bu addım son illər ABB-də həyata keçirilən transformasiya proseslərinin məntiqi davamıdır. Biz öz brend kimliyimizi 30 il ərzində formalaşmış dəyərlərimiz, təcrübə və inam üzərində yeniləyirik. ABB adı ilə Bankın həyatında yeni bir inkişaf dönəmi başlanır. Bu ad indiyə qədər əldə etdiyimiz nailiyyətlərimizi və gələcək hədəflərimizi özündə bir araya gətirir.  

-Bu yeni dövrün aparıcı inkişaf istiqamətləri, əsasən, nələr olacaq?

-Bu dönəmdə biz daha çox texnologiyaların inkişafı və rəqəmsallaşma, müştəri xidmətlərimizin inkişafı, biznes-modelinin yenilənməsi, istedadların cəlbi və yetişdirilməsi, eyni zamanda yeni strateji əməkdaşlıqların qurulmasına doğru irəliləyirik. Başqa qurumlarla sıx əməkdaşlıq hesabına müştərilərimizə ənənəvi bank xidmətləri ilə bərabər, əlavə fayda və rahatlıq yaradan yeni xidmətlər də göstərəcəyik. Bu məqsədlə artıq bir neçə strateji partnyorumuzla danışıqlara başlamışıq.

-Burada rəqəmsal inteqrasiya, yəqin ki, aparıcı yer tutur. Müştərilər bundan necə faydalanacaqlar? 

-Rəqəmsal təcrübə bu günün müştərisinin həyatına dəyər qatır. Getdikcə daha çox müştəri bu imkanlardan faydalanmağa başlayır. Bunu ABB-nin gündəlik fəaliyyətində də görürük. Korporativ müştərilərimizin hazırda apardıqları əməliyyatların təxminən 90%-i İnternetBank vasitəsilə yerinə yetirilən əməliyyatların payına düşür. Yeri gəlmişkən, bu ilin sonuna kimi korporativ müştərilərimiz üçün tamamilə yenilənmiş İnternetBank sistemimizi istifadəyə verəcəyik. Eyni tendensiya pərakəndə bankçılıqda da özünü göstərir. Ötən il təxminən elə bu vaxtlar yenilənmiş ABB mobile tətbiqimizi müştərilərimizə təqdim etdik. Tətbiq 1.5 milyon dəfədən çox yüklənib. Bir il ərzində tətbiqdə qeydiyyatdan keçmiş müştərilərimizin sayı 500 minə çatıb. Bunlar onu göstərir ki, müştərilərimizin rəqəmsal təcrübələri getdikcə artır. Eyni zamanda onlar bu təcrübələrindən irəli gələrək indi vahid bir platforma axtarışındadırlar. Dünya trendi də ona doğru gedir ki, insanlar bir platforma üzərindən müxtəlif ehtiyaclarını qarşılamaq, həmçinin əlavə imkanlar, üstünlüklər qazanmaq istəyirlər. Biz bu istəyi əsas götürüb inkişaf layihələrimizi həyata keçiririk. Məqsədimiz budur ki, müştərilərimiz çox rahatlıqla həm lazımi maliyyə xidmətlərini əldə edə bilsinlər, həm də əlavə faydalar qazansınlar.

-ABB mobile tətbiqi ilə bağlı əsas planlar nədən ibarətdir? 

-ABB mobile tətbiqi müştərilərimizlə əsas kommunikasiya kanallarımızdandır. Bu tətbiqi 100 nəfərə yaxın təcrübəli, gənc və çevik əməkdaşımızdan ibarət komanda ilə yaratmışıq. Tətbiqlə bağlı strategiyamızın ilk addımı müştərilərimiz üçün ABB mobile üzərindən fasiləsiz və sürətli rəqəmsal bankçılıq həllini təmin etmək idi. Buna nail olduq, indi gün ərzində yüz  minlərlə istifadəçi bu tətbiqlə bank əməliyyatlarını yerinə yetirir. Statistikanı diqqətlə izləyirik, əməliyyatların 99.4%-i heç bir texniki problem yaranmadan həyata keçir. ABB mobile tətbiqinə hər ay 60 mindən çox yeni istifadəçi qoşulur. Maraqlı bir məqamı da diqqətinizə çatdırım: həm App Store-da, həm də Play Market-də mobil tətbiqimizi 50 mindən çox istifadəçi qiymətləndirib. Reytinq göstəricilərimizlə biz hər iki platformada lider mövqeyindəyik. Qarşıya qoyduğumuz hədəfə nail olmuşuq və bu nailiyyəti qorumağı bacarırıq. Təbii ki, bu məsələdə əsas köməyimiz müştərilərimizin rəyləridir, onların bölüşdüyü təcrübələridir.

-Bunu necə öyrənirsiniz?