İranda 5ci dalğa: Tehran küçələri boşaldı, hər yan qapandı...


Digərləri 23 İyl 2021 03:27:00 146 0

İranda 5ci dalğa: Tehran küçələri boşaldı, hər yan qapandı...

Tehranın küçələri iyulun 21-dən etibarən boşalıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb pandemiyanın yenidən baş qaldırmasına görə hakimiyyətin bir gün öncə 6 günlük  sərt karantin rejimi tətbiq etməsidir.

Hazırda İran Covid-19 virusunun 5-ci dalğası ilə üzləşib. Buna səbəb ölkədə Covidin Hindistan variantı kimi tanınan "Delta" variantının sürətlə yayılmasıdır. Və İran özü koronavirusa qarşı milli vaksin icad etdiyini açıqlasa da ölkədə əhalinin çox az hissəsinə vaksin vurulduğu bildirilir. Bundan əvvəl İran Çin istehsalı olan vaksin tətbiq edirdi, Qərb ölkələrinin istehsalı olan vaksinlər isə İran üçün əlçatan deyil.

Xəbərə görə Tehran və Əlburz əyalətlərində vacib müəssisələri çıxmaq şərtilə, hər yan qapanıb. Dövlət televiziyası əksər ofislər, teatrlar və idman zallarının bağlandığını xəbər verir. İran Yaxın Şərqdə pandemiyanın epidsentri sayılır. İyulun 20-də bu ölkədə rekord həddə-27 mindən çox yeni yoluxma halı qeydə alınıb. Həmin 250 nəfərin  bu virusdan öldüyü və artıq ölü sayının 87 min nəfəri keçdiyi bildirilir. Əslində ölənlərin sayı rəsmi rəqəmlərdən qat-qat yuxarıdır.

Hökumət  səmərəli peyvənd kampaniyası apara bilmədiyinə görə sosial şəbəkələrdə tənqidlərlə üzləşib. Məlumatlara görə 83 milyon əhalisi olan İran əhalisinin indiyədək yalnız 2,3 milyonu vaksinin iki dozasını alıb.  İran rəsmiləri isə vaksinlərin alınması ilə bağlı gecikmələrin ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu iddia edirlər.

Qeyd edək ki, İranın Ərbuz vilayəti Azərbaycanın cənub zonası ilə həmsərhəd olan bölgədə yerləşir. Covidin "Delta" variantının artıq Azərbaycana da çatdığı məlumdur. Azərbaycan səhiyyə nazirliyinin iyulun 13- də yaydığı məlumata görə, 31 nəfərdə koronavirusun Delta variantı aşkarlanıb. Həmin vaxtdan etibarən Azərbaycanda da yoluxma sayında müəyyən artım müşahidə olunur.