Uşaqları xəstəliklərdən qoruyan əsas faktorlar hansılardır?


Digərləri 23 Yan 2021 23:15:00 130 0

Uşaqları xəstəliklərdən qoruyan əsas faktorlar hansılardır?

"İmmunitet - orqanizmin vacib sistemlərindən biri olub, onun yad amillərə, infeksiya törədicilərinə qarşı müdafiəsidir. Körpə doğulduqdan sonra ana südü ilə qidalandırıldıqda, ananın keçirmiş olduğu xəstəliklərə qarşı yaranan immunoqlobinlər ana südü vasitəsilə uşağa keçir. Təbii ki, uşağın həyatının ilk günlərində onu xəstəliklərdən qoruyan ən böyük faktorlardan biri ana südüdür".

Bunu pediatr, Gömrük Hospitalının həkimi Nigar Mirzəyeva bildirib.

Körpə və uşaqların immun sisteminin möhkəmləndirilməsi barədə danışan həkim bildirib ki, bəzən analar südün əkilməsi zamanı aşkarlanmış stafilokokk nfeksiyasına görə ana südü verməkdən imtina edir və ana südündən uşağa mikrob keçəcəyindən qorxurlar:

"Təbii ki, dərimizdə yüzlərlə bakteriya var və südü sağıb analizə verən zaman həmin mikrobların süddə tapılması normaldır. Bunu səbəb gətirərək uşağı əmizdirməyən analar, bununla da körpələrə bir sıra infeksion xəstəliklərin keçməsi riskini artırmış olurlar".

Bəs hansı hallarda ana südü verilməməlidir?

Mütəxəssis həmin halların aşağıdakılar olduğunu deyib:

- Əgər anada aktiv vərəm varsa

- Əgər ana QİÇS xəstəsidirsə

- Əgər ana onkoloji xəstəliyinə görə kimyaterapiya alırsa, bu zaman ana süd verməyə bilər.