Uşaqlarda dəmir çatışmazlığının qarşısını necə almaq olar?


Digərləri 17 Okt 2020 22:55:00 278 0

Uşaqlarda dəmir çatışmazlığının qarşısını necə almaq olar?

Uşaqların inkişafında ən vacib olan elementlərdən biri də dəmirdir. Körpəlik dövründən başlayaraq normal miqdarda dəmir qəbul etməyən uşaqlarda dəmir çatışmazlığı yaranır, bu isə bir çox problemlərə yol açır. Körpələrdə dəmir çatışmazlığı nədir və onun profilaktikası necə aparılmalıdır?

Son.az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin bununla bağlı hazırladığı  (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) materialı təqdim edir:

Körpənin 3-4-cü ayında fizioloji anemiya (qanazlığı) deyilən bir vəziyyət yaranır. Uşaqlar çox sürətlə inkişaf etdiklərindən normal inkişaf üçün dəmirə ehtiyac duyurlar. Hamiləlik dönəmində anadan dölə keçən dəmir onun orqanizmində depolanır və doğuşdan sonrakı 6 ay ərzində bu depo onun tələbatlarını təmin edir.

6 aylıqdan sonrakı dövrdə isə orqanizm dəmir almasa, dəmir defisitli bir vəziyyət yaranır. Ağır dəmir çatışmazlığı uşağın zehni və psixomotor inkişafını ləngidir. Sonradan dəmirin səviyyəsini normallaşdırdıqda belə, uzun müddətli problemlərin yaranmasına yol aça bilər. Uşaqda davranış pozuntuları, öyrənmə çətinliyi kimi problemlər yaranır.

Dəmir çatışmazlığının profilaktikası necə olmalıdır?

Südəmər dövrdə bu problemin həlli uşağın düzgün qidalanmasıdır. Hər bir körpə doğulduğu andan 6 ayınadək yalnız ana südü ilə qidalanmalıdır. Ana südünün tərkibində olan dəmirin 50%-i körpənin bağırsaqlarından qana sorulduğu halda, inək südündən dəmirin yalnız 10%-i sorulur. Dəmirin bağırsaqlardan sorulmasın qarşısını alan hər hansı bir dərman preparatı və ya xroniki xəstəliklər dəmir defisitinin daha nadir səbəbləridir.