Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirildi


Digərləri 26 Okt 2017 18:22:03 230 0

Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 20 oktyabr 2017-ci il tarixində iclası keçirilib. Cari ilin 9 ayının yekunlarına həsr edilmiş iclasa Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadə sədrlik edib.

Son.az xəbər verir ki, iclasda Maliyyə Sabitliyi Şurasının üzvləri - Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak ediblər.

İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən icmal-hesabat təqdim edilmişdir. Hesabatda ölkədə gedən makroiqtisadi proseslərin, habelə Maliyyə Sabitliyi Şurası tərəfindən 2016-cı ilin sonunda qəbul edilmiş "2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"nın icra vəziyyəti öz əksini tapıb.

Müzakirələr zamanı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında vurğulandığı kimi cari ilin 9 ayında ölkə iqtisadiyyatının inkişafında pozitiv dinamika müşahidə edilmiş və bu dinamikanın formalaşmasında makroiqtisadi sabitlik xüsusi rol oynamışdır.

Ölkənin tədiyə balansında profisit bərpa olnmuş, strateji valyuta ehtiyatları artmışdır. Tədiyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı mal və xidmət idxalı üzrə azalma meyilinin davam etməsi, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi təsir göstərib.

Valyuta bazarında vəziyyət stabilləşmiş, valyuta təklifinin tələbi üstələməsi şəraitində manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənmişdir. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi isə 2015-ci ilin əvvəlindən bəri 38%-dən çox ucuzlaşmışdır ki, bu da ixracın artımına və idxalın əvəzlənməsinə əhəmiyyətli təsir göstərir.

Makroiqtisadi sabitliyin bərpası qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsinə şərait yaradır. Yanvar-sentyabr aylarında qeyri-neft sektorunda 2.5%-lik iqtisadi artım qeydə alınmışdır.