Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın


Siyasət 13 İyn 2025 13:54:00 89 0

Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın

Avropa Şurasının baş katibi Alen Bersenin Ermənistana səfəri siyasi hadisə yox, bivec mətnli əyalət tamaşası təəssüratı yaratdı. "Demokratik islahatlara dəstək", "sülhməramlı icmaların davamlılığına töhfə", "Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına çağırış" kimi bəyanatlar artıq çoxdan mənasını itirmiş, inandırıcılıqdan məhrum olmuş nimdaş, klişe diplomatik ifadələrə çevrilib.

Bu, real diplomatiya yox, dekorasiyalara inamını itirmiş aktyorların rol aldığı yorucu siyasi səhnədir.

Əslində belə səfərlər Avropanın bölgəyə marağının göstəricisi deyil, onun institusional acizliyinin rəsmi təsdiqidir. İdeoloji ziddiyyətlər və daxili siyasi dağınıqlıq içində boğulan Ermənistan, Qərb strukturları ilə əlaqələri yalnız maliyyə mənbəyi və xarici siyasi sipər kimi dəyərləndirir. Əvəzində rəsmi Brüssel regionda getdikcə zəifləyən təsir imkanları fonunda sadəcə vasitəçi imitasiyası və özünün geosiyasi aktuallığını qorumağa yönəlmiş illüziya əldə edir.

Avropa Şurası Ermənistanın islahatlarını alqışlasa da, əslində ölkədə dövlət institutlarının dağılması prosesi gedir. Baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsinə (EAK) və müxalifətə qarşı daxili mübarizə ilə məşğuldur. O, nə aydın gündəm təqdim edə bilir, nə də Azərbaycanla nizamlama istiqamətində hansısa öhdəlik götürmək niyyətindədir. İrəvan tez-tez "sülhə hazırlıq" bəyanatları səsləndirsə də, real kompromisə doğru heç bir addım atmır.

Əsas maneə Ermənistanın Konstitusiyasıdır - burada hələ də Azərbaycana qarşı ərazi iddiaları qorunub saxlanılır. Paşinyan populizm və praqmatizm arasında manevr edərək, bəzən dəyişikliklərin zəruriliyini etiraf edir, bəzənsə daxili qüvvələrin təzyiqi ilə geri çəkilir. Bu hüquqi ziddiyyət sülh danışıqlarını mənasız və real nəticədən uzaq edir.

Əgər doğrudan da Avropa Şurası Cənubi Qafqazda sabitlik istəyirsə, niyə İrəvanla dialoq gündəmində Ermənistanın Konstitusiyasındakı sülhə mane olan müddəaların dəyişdirilməsi məsələsi yer almır?

Niyə heç bir dəfə Ermənistanın silahlanması və yeni hərbi texnika alması, yəni danışıqlar ruhuna zidd hərəkətləri barədə sərt mövqe bildirməyib?

Cavab aydındır: Avropaya tez həll olunmuş münaqişə lazım deyil. Onun üçün idarə olunan və davam edən bir qarşıdurma gərəkdir - bu, ona arbitrlik rolu oynamağa imkan verir. Qarışıq və qeyri-sabit "status-kvo" şəraitində Brüssel bölgədə minimal xərclə - nə siyasi, nə maliyyə baxımından - iştirakını qoruyub saxlayır.

Nikol Paşinyan isə "islahatçı dövlət" obrazını Qərbə sataraq resurs qazanmağa çalışır. 2023-2026-cı illər üzrə Avropa Şurasının Ermənistan üçün hazırladığı və 19 milyon avro dəyərində olan Fəaliyyət Planı demokratiyaya investisiya deyil - sadəcə sədaqətə görə verilən güzəşt və imtiyazdır. Bu məbləğ uğrunda İrəvan istənilən ritorikanı səsləndirməyə hazırdır - əsas odur ki, görünüşdə "dayanıqlı inkişaf" təsiri yaransın.

Ermənistan artıq uzun müddətdir ki, "islahatlar" pərdəsi altında dövlətçiliyin imitasiyasına, hüquqi arxaikliyin qorunmasına və institutların sistemli aşınmasına meydan verən bir platformaya çevrilib. Paşinyan və onun xarici himayədarları üçün əlverişli olan bu modeldə forma məzmuna, bəyanatlar real addımlara, səfərlər isə yalnız imic təmirinə xidmət edir.

Formal islahat ritorikasına baxmayaraq, Ermənistanda faktiki olaraq avtoritar hakimiyyət konsolidasiyası gedir. 2018-ci ildən bəri Paşinyan idarəçiliyin bütün əsas alətlərini öz əlində cəmləşdirib və əvəzində hakimiyyət bölgüsünü təmin edən institutları məqsədli şəkildə zəiflədir.

Demokratiya və Seçki Yardımı üzrə Beynəlxalq İnstitutun (IDEA) məlumatına görə, Ermənistan 2022-ci ildən bəri yenidən "demokratiya eroziyası yaşayan ölkələr" kateqoriyasına daxil edilib. Səbəblər arasında məhkəmə sisteminə təzyiqlər, parlamentə icra hakimiyyətinin təsir imkanlarının artması və müxalifətə qarşı repressiv praktikalardır.

2023-cü ildə hökumət "Ermənistan" və "Tsarukyan" bloklarının nümayəndələri daxil olmaqla bir sıra müxalif liderlərə qarşı təqib kampaniyasına başlayıb. 2024-cü ilin yanvarında isə Konstitusiyanın dəyişdirilməsi və Azərbaycanla sərhədin müəyyənləşdirilməsinə etiraz edən 25-dən çox dinc fəal saxlanılıb və dindirməyə cəlb edilib. "Human Rights Watch" və "Amnesty International" Ermənistan hakimiyyətinin sərbəst toplaşmaq azadlığını sistematik şəkildə pozduğunu və müstəqil məhkəmə sisteminin əslində olmadığını bəyan ediblər.

Nikol Paşinyan faktiki olaraq icra, qanunverici və geniş mənada məhkəmə hakimiyyətini öz nəzarəti altına alıb. 2020-ci ildə keçirilən təmizləmələrdən sonra Konstitusiya Məhkəməsi tam şəkildə iqtidarın nəzarətinə keçib. "Freedom House" təşkilatı 2024-cü il hesabatında qeyd edir ki, Ermənistan demokratiya sahəsində davamlı irəliləyiş göstərmir və "hakimiyyət institutlarının alətə çevrilməsi daha da sistematik xarakter alır".

Bu reallıqda Avropa Şurası baş katibinin İrəvana səfəri sülhün, sabitliyin və demokratik dəyərlərin təşviqi yox, sadəcə siyasi səhnənin dekorasiyasıdır. Həqiqi sülhə deyil, simulyasiya olunmuş proseslərə xidmət edən, dəyərsizləşmiş və təkrarlanan Avropa mizan-səhnəsi.

Paşinyanın pafoslu bəyanatlarında tez-tez vurğulanan "qəbul edən icmaların davamlılığı" və "insan hüquqları təşəbbüsləri" reallıqda Ermənistanın nə məcburi köçkünlərin inteqrasiyasına dair milli proqramı, nə də uyğun infrastrukturunun olduğunu ört-basdır edə bilmir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 2023-cü il hesabatına əsasən, İrəvan 2020-ci ildən sonra humanitar missiya ilə bağlı səsləndirdiyi iddialara baxmayaraq, nə qaçqınların qəbulu, nə də onların sosial adaptasiyası üzrə konkret plan təqdim edib.

Üstəlik, son üç il ərzində Ermənistan hakimiyyəti nə daxili məcburi köçkünlər, nə də qaçqınlar üçün sosial dəstək sisteminin yaradılmasına məqsədyönlü büdcə ayırmayıb.

Əslində isə hətta ən sadə humanitar təşəbbüslər belə yalnız beynəlxalq maliyyə və xarici təşkilatların nəzarəti ilə həyata keçirilir. Buna nümunə kimi Avropa İttifaqının maliyyələşdirdiyi və insan hüquqlarının pozulması hallarını monitorinq edən QHT-lərə 2,5 milyon avro ayırdığı "EU4HumanRights" layihəsini göstərmək olar.

Fəqət proqramın 2024-cü ilin dekabrında dərc olunmuş illik hesabatında qeyd olunur ki, Ermənistanın dövlət orqanları təqdim olunmuş məlumatlardan istifadə etmir və pozuntu hesabatlarına reaksiya vermir.

Avropa Şurası tərəfindən maliyyələşdirilən və 2023-2026-cı illəri əhatə edən "Ermənistan üçün Fəaliyyət Planı" ümumilikdə 19 milyon avro büdcəyə malik olsa da, real islahat alətinə çevrilə bilməyib.

Avropa Şurasının 2025-ci ilin aprelində yayımladığı daxili icmalına əsasən, bu plan çərçivəsində nəzərdə tutulan 36 tədbirdən cəmi 9-u qismən həyata keçirilib və onlardan da əksəriyyəti milli nazirliklərin adekvat iştirakı olmadan baş tutub. Qalan təşəbbüslər isə ya sabotaj olunur, ya da yalnız hesabat konfransları və heç bir institusional davamlılığı olmayan nəşrlərlə məhdudlaşır.

Bu şəkildə həyata keçirilən demokratiya imitasiyası Ermənistanla Azərbaycan arasındakı danışıqlara da birbaşa təsir göstərir.

Paşinyan davamlı olaraq "sülhə hazırlıq" ritorikasından istifadə edir, lakin bunu konkret addımlarla müşayiət etmir. 2021-ci ildən bu yana İrəvan sülh müqaviləsini imzalamağa hazır olduğunu beş dəfə bəyan etsə də, hər dəfə ya "formulyarların kifayət qədər işlənməməsi", ya da hökumətin özünün təşviq etdiyi daxili etirazlar bəhanəsi ilə bu prosesə əngəl yaradılıb.

Sülhün qarşısındakı əsas maneə isə 2025-ci ilin mayına olan vəziyyətə görə hələ də dəyişdirilməmiş Ermənistan konstitusiyasıdır.

Məzkur sənəddə "erməni xalqının birliyi" və "tarixi ədalətin bərpası" kimi ifadələr saxlanılır ki, bunlar da Azərbaycana qarşı ərazi iddiaları kimi şərh olunur. Avropa İttifaqı, ATƏT və hətta bəzi ABŞ rəsmiləri bu maddələrin dəyişdirilməsinə çağırsa da, Ermənistan rəhbərliyi bu tövsiyələri ardıcıl olaraq qulaqardına vurur.

Hətta 2025-ci ilin martında Nikol Paşinyan bəyan etdi ki, "Konstitusiyanın dəyişdirilməsi suverenlik məsələsidir", bununla da beynəlxalq tərəfdaşların konstruktivliyə dair çağırışlarını tamamilə heçə endirdi.

Bütün bunlara baxmayaraq, Avropa hələ də Ermənistanı guya "islahatçı tərəfdaş" kimi dəstəkləməkdə davam edir. 2025-ci ilin mayında Alen Bersenin səfəri də bu tendensiyanın bariz sübutudur.

Nə sülh prosesindəki ləngimələrə dair konkret mövqe, nə konstitusion ziddiyyətlərə istinad, nə də müxalifətə qarşı təqiblərin dayandırılması ilə bağlı bir tələb səsləndirildi. Avropa Şurasının baş katibi yalnız "sülh səylərinə dəstək" və "demokratik inkişafın əhəmiyyəti" kimi ümumi formullarla kifayətləndi.

Bu fonda isə Ermənistana paralel şəkildə silah tədarükü açıq-aşkar absurda çevrilir. 2025-ci ilin yalnız ilk rübündə Ermənistan Fransiyadan (155 milyon avro dəyərində) və Hindistandan (ikinci "Akash" zenit-raket komplekti) iki yeni hərbi texnika müqaviləsi imzalayıb. Silah tədarükü ilə "sülh bəyanatları" yanaşı gedir və bu, Avropa strukturlarında heç bir reaksiya doğurmur. Bu davranış yalnız ikili standartlarla deyil, həm də Aİ-nin regionda konkret strateji xəttə malik olmaması ilə izah olunur.

Avropa İttifaqı Cənubi Qafqazda təsir imkanlarını qorumağa çalışsa da, nə real siyasi kapitala, nə də effektiv təsir mexanizmlərinə sahibdir. Ermənistanın dəstəklənməsi - bu ölkənin Rusiya və Türkiyənin təsirinə qarşı "dayaq nöqtəsi"nə çevrilməsi üçün edilən cəhdin bir hissəsidir. Bu isə bəzən Avropanın öz prinsiplərindən imtina etməsi bahasına başa gəlir. Gerçəkləşməyən islahatları dəstəkləmək və təkzibolunmaz faktları görməzdən gəlmək - Avropanın İrəvana münasibətində əsas siyasətə çevrilib.

Avropa bu gün başqalarının qurduğu səhnədə sadəcə tamaşaçıya çevrilib. Ermənistan isə - imitasiya, ambisiya və qorxu içində bərqərar olmuş bir siyasi mozaikadır.

İmitasiya - çünki islahatlar yalnız kağız üzərində mövcuddur.

Ambisiya - çünki Paşinyan hələ də hakimiyyətini xarici legitimliklə qorumağa ümid edir.

Qorxu - çünki Azərbaycanla real normallaşma sadəcə bəyanatlar deyil, ağrılı institusional dəyişikliklər və tarixi ərazi miflərindən imtina tələb edir.

Brüssel hadisələrə göz yumduğu, İrəvan isə diplomatiyanı formal bəyanatlarla əvəz etdiyi müddətcə sülh prosesi dondurulmuş vəziyyətdə qalacaq. Avropa vasitəçi deyil, getdikcə siyasi mistifikasiyanın iştirakçısına çevrilir və burada real məqam - bütün Cənubi Qafqazın təhlükəsizliyidir.

Azərbaycan üçün artıq getdikcə daha aydın görünür ki, İrəvan nə real sülh sazişinə doğru hərəkət edə bilir, nə də belə bir niyyət nümayiş etdirir.

Formal bəyanatlar, təkrarlanan səfərlər, konkret addımların olmaması - bütün bunlar Bakının narazılığını artırır və danışıqlara olan inamı dağıdır.

Əgər Avropa bu yersiz güzəşt və loyal siyasətindən imtina etməzsə, regionda malik olduğu azsaylı təsir alətlərini də birdəfəlik itirəcək.

Ermənistan getdikcə siyasi şounun səhnəsinə çevrilir, burada isə Avropa institutları yalnız ikinci dərəcəli rollar oynayır və prosesin məzmununa təsir edə bilmir. Paşinyan populizm və geosiyasi ritorika arasında balans saxlamağa çalışdığı, Avropa isə hər şeyin plan üzrə getdiyinə özünü inandırdığı bir vaxtda, region artan qeyri-sabitliklə üz-üzə qalır.

Bu məzmunsuz "sülh pyesi"ndə Avropa Şurasının rolu - səhnədə baş verənləri izləyən, lakin nəticəyə təsir göstərmək gücündə olmayan tamaşaçı roludur.

Elçin Alıoğlu Trend

Qazın qiyməti dəyişir  Yeni tarif sistemi kimə necə təsir edəcək? like
  • 13 İyn 13:46  
Digərləri Qazın qiyməti dəyişir Yeni tarif sistemi kimə necə təsir edəcək?

2028-ci il iyulun 1-dən qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (

arrow Ətraflı
İranda internetə məhdudiyyət qoyuldu like
  • 13 İyn 13:40  
Dünya İranda internetə məhdudiyyət qoyuldu

İranda internet məhdudlaşdırılıb. 

arrow Ətraflı
İran prezidenti xalqa müraciət edəcək like
  • 13 İyn 13:35  
Digərləri İran prezidenti xalqa müraciət edəcək

İran prezidenti Məsud Pezeşkian İsrailin İrana hücumu ilə əlaqədar tezl

arrow Ətraflı
Səhiyyə sahəsində məsuliyyətsizlik halları üçün cərimələr artırıldı like
  • 13 İyn 13:31  
Digərləri Səhiyyə sahəsində məsuliyyətsizlik halları üçün cərimələr artırıldı

Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulma

arrow Ətraflı
Prezident fərman imzaladı like
  • 13 İyn 13:30  
Siyasət Prezident fərman imzaladı

Prezident İlham Əliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamən

arrow Ətraflı
Yaxın Şərqdə müharibə havası  Azərbaycan iqtisadiyyatı necə təsirlənəcək? like
  • 13 İyn 13:20  
Siyasət Yaxın Şərqdə müharibə havası Azərbaycan iqtisadiyyatı necə təsirlənəcək?

Xəbər verdiyimiz kimi, iyunun 13-də gecə saatlarında İsrail İranın bir s

arrow Ətraflı
Nəzrinin ölümündə təqsirləndirilən Sənan Mehdiyev məhkəmə qarşısında like
  • 13 İyn 13:04  
Digərləri Nəzrinin ölümündə təqsirləndirilən Sənan Mehdiyev məhkəmə qarşısında

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm

arrow Ətraflı
Azərbaycanda orta aylıq əmək haqqı artdı like
  • 13 İyn 12:55  
Digərləri Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan

arrow Ətraflı
Bakıda "Şah Abbas Namə" tamaşasının premyerası keçiriləcək like
  • 13 İyn 12:47  
Kriminal Bakıda "Şah Abbas Namə" tamaşasının premyerası keçiriləcək

Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tama

arrow Ətraflı
Son zəng günü Bakıda 34 dərəcə isti olacaq like
  • 13 İyn 12:46  
Digərləri Son zəng günü Bakıda 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz

arrow Ətraflı
SOCARın transformasiyası: Azərbaycanın enerji tarixinin yeni səhifəsi like
  • 13 İyn 12:40  
Digərləri SOCARın transformasiyası: Azərbaycanın enerji tarixinin yeni səhifəsi

Azərbaycan iqtisadiyyatının təməl sütunu olan SOCAR yeni transformasiya m�

arrow Ətraflı
“Gürcü Arzusu”nda yerdəyişmələr: Tbilisidə əslində nə baş verir? like
  • 13 İyn 12:40  
Siyasət “Gürcü Arzusu”nda yerdəyişmələr: Tbilisidə əslində nə baş verir?

Son aylar Gürcüstan həm ölkə daxilində, həm də xaricdə müşahidəçil�

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 13 İyn 12:34  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Sivas vilayətinin Gürün rayonunda 4 bal gücündə zəlzələ qe

arrow Ətraflı
Həkimlərə xəbərdarlıq  Qanunsuz tibbi təcrübələrə görə cəza sərtləşdirildi like
  • 13 İyn 12:31  
Digərləri Həkimlərə xəbərdarlıq Qanunsuz tibbi təcrübələrə görə cəza sərtləşdirildi

Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostik

arrow Ətraflı