Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı
Siyasət 28 Okt 2025 14:54:00 73 0
Türkiyə və Azərbaycan - iki dövlət, iki respublikadır. Amma bu iki xalqı birləşdirən daha dərin bir məna var: tarixi, mədəni və dil yaxınlığı, "iki dövlət - bir millət" şüuru. Bu, sadəcə şüar yox, əsrlər boyu formalaşmış ailəvi, mədəni və diplomatik əlaqələrin ifadəsidir. Bununla yanaşı, hər bir dövlətin müstəqilliyi və daxili, həm də xarici siyasətdə sərbəst qərarvermə hüququ dəyişməz qalır.
Buna görə də Türkiyə mediasının bəzi dairələrinin birdən-birə Azərbaycana qarşı ittiham və təhriflərlə dolu materiallar yayması təəccüb doğurur.
Sual yaranır: niyə belə kampaniya başladı və niyə indi?
Səs-küylü epizodlardan biri - Avropa Ravvinlər Konfransının (European Conference of Rabbis, CER) Bakıda keçirilməsinin ləğv edilməsidir. İsrailin Ynet nəşri yazır ki, 3-6 noyabr tarixlərində Bakıda keçiriləcək bu tədbirdə təxminən 600 nəfərin - dini liderlərin, siyasətçilərin və ravvinlərin, o cümlədən Davud Yosef və Kalman Berin, habelə İsrail nazirlərinin - Amihay Şikli və Amihay Eliyahunun iştirakı planlaşdırılırdı. Məqalədə qeyd olunurdu ki, "Konfrans Azərbaycan hökumətinin dəvəti ilə keçirilməli və müasir dünyada yəhudilərin həyatı ilə bağlı əsas məsələlərin müzakirəsinə xidmət etməli idi".
Türkiyə mediasında bu qərar "təhlükəsizlik problemi" və ya "riskli vəziyyət" kimi təqdim olundu, bəzi hallarda isə açıq-aşkar antiazərbaycan tonla. Halbuki burada bir məqamı unutmaq olmaz: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibəti yanlış informasiya üzərində gərginliyə çevrilməməlidir.
Türkiyə hazırda mürəkkəb siyasi durumdadır: bir tərəfdən Azərbaycana olan qardaşlıq vurğulanır, digər tərəfdən Ankaranın Yaxın Şərqdə - o cümlədən İsraillə münasibətlərdə - öz maraqları var. Azərbaycan mövqeyindən baxsaq, dostluq tənqidsiz itaət deyil, dostluq - maraqları, gücləri, riskləri və faktları aydın görmək bacarığıdır.
Bəzi şeylər var ki, onları diplomatik nəzakət xatirinə susmaq olmaz. Çünki yalan vasitəyə çevriləndə, o artıq jurnalistika deyil, təzyiq texnologiyasıdır. Belə anda susmaq qardaşlıq yox, zəiflik əlamətidir. Azərbaycan isə heç vaxt zəiflik rolunu oynamayıb.
Əslində, bu proses Avropa Ravvinlər Konfransının Bakıda ləğvindən daha əvvəl başlamışdı. Bizə elə təqdim olunur ki, guya Azərbaycan qorxdu, təhlükəsizliyi təmin edə bilmədi, buna görə də konfrans təxirə salındı. Bu versiya bizə müəllim tonunda, günahkarlıq iması ilə izah olunur. Guya Baku nəyisə "bacarmadı".
Kökündən yanlış, mənhus yanaşmadır.
Konfrans doğrudan da böyük tədbir idi: İsrail mənbələrinə görə, təxminən altı yüz ravvin və dini lider iştirak etməli idi, İsraildən yüksək vəzifəli şəxslər, baş ravvinlər, ictimai xadimlər gəlməyə hazırlaşırdı. Yəni söhbət kiçik bir sinaqoq görüşündən yox, beynəlxalq miqyaslı forumdan gedirdi. Və bəli, tədbir Azərbaycan hökumətinin dəvəti ilə, Bakıda - müasir yəhudi icmasının gələcəyi haqqında müzakirə platforması kimi planlaşdırılmışdı.
İndi isə ciddi sual qoyaq. Əgər siz elə bir dövlətsiniz ki, yaxın keçmişdə küçə partlayışlarını, təxribat cəhdlərini, xarici qüvvələr tərəfindən törədilən dini təxribatları yaşamısınız - siz nəyi seçərdiniz: kameralar qarşısında "igidlik nümayişi"ni, yoxsa yüzlərlə xarici qonağın təhlükəsizliyini? Bakıda "terror" sözünün mənasını yaxşı bilirlər. Ona görə Azərbaycan məsuliyyətli ev sahibi kimi davranır: təhlükə siqnalı varsa, tədbir ləğv olunur. Nöqtə.
Amma maraqlı olan odur ki, bundan sonra Türkiyə mediasında isterik, aqressiv, mənəvi üstünlük tonunda yazılar peyda olur. Guya bu, "müsəlman həmrəyliyinə zərbədir", "İsrailə güzəşt", "İsrail lobbinə xidmət" və s.
Gerçəkdən?! Təhlükəsizlik məsələsini siyasi oyun kimi təqdim etmək - məhz manipulyasiyadır.
Əslində, yaşananlar Bakıya qarşı yönəlmiş kampaniyadır. Məqsədli, çirkli və qərəzli kampaniya. Və o, bu gün yaranmayıb.
Çünki bundan əvvəl başqa bir hekayə vardı. Bu dəfə zərbə ravvinlər üzərindən yox, Fələstin mövzusu üzərindən "vurulduq". Türkiyə mediasında SOCAR-a, yəni Azərbaycan dövlətinə qarşı "Qəzzə ilə həmrəylik yoxdur!", "Azərbaycan ticarət edir, boykot etmir!", "Azərbaycan vicdandan çox iqtisadiyyatı düşünür!" kimi başlıqlar səslənirdi. Heç nəyi unutmamışıq, hamısını xatırlayırıq.
Mexanizm tanışdır. Formula çox sadədir. Birinci addım: Azərbaycan "ümumi müsəlman xəttinə xəyanət edib" kimi göstərmək. İkinci addım: Azərbaycanı "İsrailin soyuqqanlı tərəfdaşı" kimi təqdim etmək. Üçüncü addım: Bakuya qarşı iqtisadi təzyiq yaratmaq.
Və bunu nə Parisdəki erməni saytları, nə də ölkəmizə düşmən təxribatçılaredir. Bunu bəzi türk kütləvi informasiya vasitələri. Yəni bizi "qardaş" adlandıran, amma qardaşlıq maskası altında açıq-aşkar hörmətsizlik edənlər.
Buna görə açıq demək lazımdır: Türkiyə və Azərbaycan - bəli, iki dövlət, bir millətdir. Amma bu, o demək deyil ki, bizdə bir pasport, bir hökumət, bir xarici siyasət var. Biz müttəfiqik, amma bir-birimizin vassalı deyilik. Hər birimizin öz geosiyasəti, öz maraqları, öz təhlükəsizlik prioritetləri var. Bu, qardaşlığı zəiflətmir. Əksinə - onu dürüst və dayanıqlı edir.
Çünki əsl qardaş sənin müstəqilliyini hörmətlə qəbul edir. Səndən diktə ilə, yad tamaşaçının qarşısında rəqs etməyi tələb etmir.
İndi isə konkret faktlara keçək - riyakarlığın miqyasını ölçmək üçün.
2021-ci ildə İstanbulda İslam Ölkələri Ravvinlər İttifaqının ilk toplantısı Zarafat deyil: Türkiyə yəhudi icmasının dəvəti ilə müsəlman ölkələrinin ravvinləri İstanbulda toplanmışdılar. İstanbula 14 ölkədən, o cümlədən Rusiyadan nümayəndələr gəlmişdi. Tədbirdə Türkiyənin rəsmi şəxsləri də iştirak edirdi. Daha sonra nümayəndə heyəti Ankaraya getdi. Və diqqət edin - ravvinləri qarşılayan sıradan bir məmur yox idi. Onları şəxsən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.
Cənab Ərdoğanq ravvinlərlə görüşündə demişdi: "İslam Ölkələri Ravvinlər İttifaqının saygılı mənsubları, Türkiyəjəki yəhudi toplumunun qiymətli üzvləri, dəyərli qonaqlar... Sizi ən səmimi duyğularımla salamlayıram. Prezident Sarayına, millətin evinə hamınız xoş gəlmisiniz. Sizinlə bir araya gəlməkdən böyük məmnuniyyət duyuram. Sizin şəxsinizdə öz vətəndaşlarımızla birlikdə bütün yəhudiləri şəxsən öz adımdan və millətim adından səmimiyyətlə salamlayıram".
Bu, sadəcə protokol yox, siyasi mesaj idi. Sadə dildə desək: "Xalqın evinə xoş gəlmisiniz. Sizin simanızda bütün yəhudiləri - həm prezident, həm də xalqım adından - ürəkdən salamlayıram". Yəni Türkiyə kimi müsəlman ölkəsinin məşhur və nüfuzlu yəhudi din xadimlərinə deyirdi siz burada yad deyilsiniz, siz bu evin hörmətli qonağısınız.
Ərdoğan o vaxt daha bir mühüm fikir səsləndirmişdi: Ankara bölgədə müxtəlif din və mədəniyyətlərin dinc yanaşı yaşadığı bir mühit görmək istəyir; Türkiyə İsraillə münasibətlərin inkişafında maraqlıdır; Fələstin məsələsində fikir ayrılığı olsa da, Türkiyə və İsrail arasında iqtisadi, ticarət və turizm əlaqələri normal axarla davam edir və hər iki tərəfə fayda gətirir. Bu, emosiyasız, praqmatik və realist bəyanat idi.
Və indi diqqət edin. O vaxt da Qəzzədə qan axırdı. Fələstinlilər ölürdü. Fələstin məsələsi heç yerə itmirdi, blokada, itkilər, dövlət qurmaq imkanının əlindən alınması - hamısı artıq vardı. Sadəcə bugünkü miqyasda deyildi. Bu faciə dünən yaranmayıb.
Amma həmin fonunda Türkiyə İsraillə yalnız diplomatik nəzakət nümayiş etdirmirdi. Münasibətlər dərin, çoxşaxəli və konkret sahələr üzrə qurulurdu: hərbi əməkdaşlıq, texnologiya, ticarət, turizm, logistika, enerji, infrastruktur. İki ölkə arasında biznes əlaqələri yüksək səviyyədə idi. İsrail Türkiyənin əsas ticarət tərəfdaşlarından biri idi, Türkiyə də İsrailin ilk beş ticarət tərəfdaşı arasında yer alırdı. Həcm milyardlarla dollar idi - konkret rəqəmlərlə, real təchizat zəncirləri ilə, emosiyasız iqtisadi reallıqla.
Bəs yaxşı, o vaxt Türkiyə mediasında, xüsusilə də indi Bakını tənqid edən mətbuat orqanlarında kim çıxıb deyirdi ki, "Fələstin qan içindədir, amma Ankara Təl-Əvivlə ticarət edir"? Heç kim. Səssizlik. Televiziya efirlərində sükut. Qəzetlərin baş səhifələrində - susqunluq. İndi isə həmin ağızlar birdən-birə "ədalətli qəzəb"lə yanır, çünki məsələ Azərbaycana aiddir.
Bunun bir adı var: sifarişli mənəviyyat, seçmə qəzəbnaklıq.
Metod yeni deyil. O, artıq istifadə olunub. O zaman da, Ermənistan planlı şəkildə etnik təmizləmə aparanda - yüz minlərlə azərbaycanlını doğma torpaqlarından qovanda, kəndləri yandıranda, məscidləri dağıdanda, qəbiristanlıqları qazanda - Türkiyə bunların hamısını bilirdi. Amma eyni zamanda, türk biznesi Ermənistanda işləyirdi. Türk malları erməni mağazalarında satılırdı. Ermənilər Türkiyədə rahat yaşayır, biznes qurur, istirahət edir, alış-veriş edirdi.
Həmin illərdə İstanbulda "Agos" adlı erməni qəzeti çıxırdı. Bu qəzet açıq şəkildə antiazərbaycan xətti aparırdı. Bu xəttə isə susqun dözümlə yanaşılırdı. Hamımız "Hepimiz ermeniyiz!" plakatlarını, bu şüarın necə ictimai diskursa çevrildiyini xatırlayırıq. Və anlayırıq ki, bu formula bəzən humanizm nişanı kimi yox, Azərbaycanı vurmaq üçün istifadə olunurdu.
Bəs onda qardaşlıq hissi harada idi? Onda niyə heç kim "Axı bu, Azərbaycana zərbədir!" demirdi? Niyə heç kim efirdə "Bakuya nədən xəyanət edirsiniz?" hayqırmırdı? Cavab sadədir: çünki o dövrdə Ankaranın maraqları bunu tələb edirdi - praqmatik, sakit və öz maraqlarına uyğun şəkildə.
2008-ci ildə baş verən bir hadisəni Bakıda unutmurlar. O, "futbol diplomatiyası" və ya "Sürix protokolları" kimi tanınır - Türkiyə ilə Ermənistan arasında Azərbaycanın arxasında başlanan normallaşma cəhdi. Baku bunu haqlı olaraq Qarabağ məsələsinin kənara itələnməsi kimi qəbul etdi. "Əvvəl sərhədləri açaq, sonra ədalət barədə düşünərik" prinsipini Ankaraya xatırlatdı. Əgər Azərbaycanın sərt reaksiyası, diplomatik və ictimai mövqeyi olmasaydı, kim bilir, o zaman həmin proses hara yönələcəkdi.
Yəni fakt budur: Türkiyə lazım gələndə Azərbaycan maraqlarına qarşı da çox praqmatik ola bilir. Biz isə bunu anlayışla qarşıladıq. Bakıda heç kim isterika yaratmadı, türk şirkətlərinə qarşı kampaniya aparmadı, "Türkiyə azərbaycanlıların qanını satdı" kimi şüarlar səsləndirmədi. Çünki biz başa düşürdük: Ankaranın maraqları var, Bakının maraqları var. Mübahisələr böyüklər kimi - masa arxasında - həll olunur.
İndi isə bizə deyirlər ki, "oyunun qaydaları dəyişib". İndi Azərbaycan guya beynəlxalq hüquqa, təhlükəsizliyə və iqtisadi məntiqə deyil, bir neçə türk jurnalistinin və bloqerinin efir emosiyalarına tabe olmalıdır.
Bu "moralistlər" haqqında ayrıca demək lazımdır. Bəli, Türkiyə sosial şəbəkələrində Baku "yəhudilər üçün təhlükəli", "israillilər üçün riskli", "ravvinlərə dözümsüz" kimi göstərilməyə çalışıldı. Bəzən bu, açıq-aşkar təxribat səviyyəsinə çatır - Bakının mərkəzində çəkilmiş videolar, təxrikedici şərhlərlə yayımlanır. Guya "xalqın səsi"dir. Əslində isə bu, əvvəlcədən yazılmış ssenariyə uyğun çəkilmiş manipulyativ mediakontentdir.
İndi isə hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bakıda ravvinlər konfransının ləğvi nə ksenofobiya ilə, nə də guya "Azərbaycanın antisemitizmi" ilə əlaqəlidir. Azərbaycan elə bir ölkədir ki, burada yəhudi icmaları əsrlər boyu yaşayır; dağ yəhudiləri bu torpaqda qonaq kimi yox, cəmiyyətin ayrılmaz hissəsi kimi tanınır; sinaqoqlar muzey ekspozisiyası kimi deyil, canlı ibadət və icma məkanları kimi fəaliyyət göstərir. Azərbaycanda insanlara dini mənsubiyyətinə görə əl qaldırmaq adət deyil. Bu, təbliğat şüarı deyil - nəsillərin böyüdüyü real həyatdır.
Konfransın təxirə salınması sırf təhlükəsizlik amilləri ilə bağlı idi. Diplomatik pərdələmə cəhdlər olmadan yazıram: terror təhlükəsi və xarici təxribat ehtimalı səbəbindən. Vəssalam. Burada nə "sionizmə güzəşt", nə də "Fələstinə qarşı oyun" var. Burada söhbət Azərbaycan torpağında, Azərbaycan paytaxtında, insan həyatını qorumaqdan gedir.
Belə məqamda Azərbaycan tam mənəvi haqqla deyir: biz kiminsə daxili siyasi oyununun dekorasiyasına çevrilmək məcburiyyətində deyilik. Bizim adımız və nüfuzumuz kiminsə türk teleefirində reytinq toplamaq səhnəsinə çevrilməyəcək. Biz, dünən susmaq onlara sərf edəndə susan, bu gün isə qışqırmaq sərf edəndə qışqıran peşəkar riyakarlara öz reputasiyamızı qurban verməyəcəyik.
Bəli, Azərbaycan hər zaman Türkiyə ilə qardaşlıqdan danışacaq. Bu, tariximizin bir hissəsidir, kimliyimizin təməlidir. Amma qardaşlıq - qamçı deyil. Qardaşlıq qarşılıqlı hörmətdir. Bu, Ankaranın öz maraqları olduğu kimi, Bakının da öz maraqları olduğunu anlamaq deməkdir. Və bizdə yetərincə yaddaş var ki, deyək: biz Türkiyənin maraqlarına hörmət etmişik, hətta bu, bizə acı gələndə belə. İndi isə maraqlarımıza hörmət etməyin vaxtıdır - şantajsız, isterikasız, böhtansız.
Bakı bir həqiqətin çox aydın dərk olunmasını istəyir: Azərbaycan müstəqil dövlətdir. Daxili siyasətini özü müəyyən edir. Xarici siyasətini də özü qurur. İstanbul mediasındakı bir neçə aqressiv köşə yazısı, bir neçə isterik televiziya efiri, bir-iki "reportyor-bloqer"in küçə şouları Azərbaycanın siyasi kursunu dəyişə bilməz. Bu, sadəcə səsdir. Studiya işığının qızmar istiliyi qədər təsirsiz səs.
Azərbaycan mediası uzun müddət türk həmkarlarına qarşı diplomatik zəriflik sərgilədi. Bəlkə də çox uzun müddət. Bəlkə də hörmətdən. Bəlkə də ümumi tarix, ümumi qan, ümumi zəfər borcundan. Amma Azərbaycanı sistemli şəkildə hədəfə alan, gündəlik diffamasiya texnologiyasına çevrilmiş kampaniya başlayanda, bu səssizlik dövrü bitir.
Çünki Bakının cavabı var. Və o cavab səslənəcək.
Və o zaman Ankarada bir çoxlarına çox xoş olmayan xatirələr yada düşəcək - Sürix protokolları, "futbol diplomatiyası", o illər ki, türk biznesi Ermənistanda özünü evdəki kimi hiss edirdi, halbuki azərbaycanlıları doğma torpaqlarından qovurdular və öldürürdülər. Xatırlamaq ağır olacaq ki, Türkiyədə illərlə anti-Azərbaycan təbliğatı aparan, "biz hamımız erməniyik" şüarını informasiya gündəminə çevirən strukturlar sərbəst işləyirdi. Ağrılı olacaq xatırlamaq ki, türk mediası İsraillə milyard dollarlıq ticarət əlaqələrini susqunluqla keçirdi, indi isə nədənsə "müsəlman dünyasının vicdanı" obrazına girərək Azərbaycana dərs keçməyə çalışır.
Buradan çıxan nəticə təkcə siyasi deyil - mənəvi yetkinlik göstəricisidir. Əgər danışmağın zamanı gəlibsə, danışaq. Amma danışmaq qardaşlığı sarsıtmaq demək deyil. Danışmaq - qardaşlığı parazitlərdən təmizləmək deməkdir.
Azərbaycan qardaşlığın da, dostluğun da, müstəqilliyin də qiymətini çox yaxşı bilir.
Nə idxal olunmuş moralistlərin isterikaları, nə Bakının küçələrindən çəkilmiş təxribatçı videolar, nə SOCAR-a atılan eyhamlar, nə də "kim Fələstinlə, kim İsraillə" tipli efir süjetləri Azərbaycanın siyasi xəttini dəyişə bilər.
Türkiyəyə sevgimizi, Türkiyə ilə qardaşlığımızı isə ümumiyyətlə, heç kim və heç nə dəyişə bilməz.
Yoxdur dünyada elə qüvvə.
Elçin Alıoğlu Son.az
Amerikalı milyarder İlon Mask "Grokipedia" adlı yeni onlayn layihə
Türkiyədə yaşayan azərbaycanlı model Pərvin Həsənzadənin paylaşımı
Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatlarının
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akade
Marketdə iş yoldaşını qətlə yetirən 2005-ci il təvəllüdlü Sənan Ş�
Ağstafa rayonunun Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərində sakinlə
Keniyanın Kvale bölgəsində təyyarə qəzaya uğrayıb.
Tele-aparıcı Vüsalə Əlizadə verilişinin təkrar yayımlanması izləyicil
Video çəkməkdə məqsədim atamı biabır etmək deyildi. Sadəcə illərlə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Lətif Şahhüs
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Uzun illər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan aka
Ötən gün Gəncə şəhərində dəm qazından zəhərlənən tələbələrin
Müğənni Günel Zeynalova maraqlı açıqlamalar verib.
