Bakı "Lacivərd dəhliz"i həyata qaytarır
Siyasət 08 İyl 2025 11:51:00 65 0
Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitində səslənən çıxışlar və sonrakı yekunlar fonunda bir epizod demək olar ki, diqqətdən kənarda qaldı - halbuki buna ciddi diqqət ayrılmalı idi. Söhbət Əfqanıstan nümayəndə heyətinin - iqtisadi məsələlər üzrə baş nazir müavini Molla Əbdül Qani Bəradərin rəhbərliyi ilə - sammitdən sonra da Azərbaycanda qalmasından gedir. Bu, heç də təsadüfi deyildi.
Bu xəbəri də oxu: Zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Sammit başa çatan kimi əksər nümayəndə heyətləri dərhal ölkələrinə qayıtdılar. Amma "Taliban" hökumətinin təmsilçiləri tamamilə fərqli gündəmlə gəlmişdilər. Sammitin protokol çərçivəsindən kənarda, rəsmi salonlardan uzaqda - Bakıda daha dərin və strateji mövzularda müzakirələr aparılırdı: marşrutlar, resurslar və geoiqtisadi alternativ oxlar.
"Lacivərd dəhlizi" ("Lapis Lazuli Route", LLR) - 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış sazişlə təməli qoyulmuş nəqliyyat-loqistika layihəsidir. Layihə adını - qədimdən Bədəxşan vilayətindən ixrac edilən qiymətli dağ daşı lagivərddən götürüb. İlkin məqsəd Əfqanıstanın Herat şəhərini Bakı limanı ilə, oradan isə Tbilisi və Ankara üzərindən Avropa bazarları ilə birləşdirmək idi. Bu marşrut İrana və Pakistana alternativ olaraq qurulmuşdu - həmin dövrün Əfqanıstan hakimiyyətinin daxili və xarici siyasi prioritetlərini əks etdirirdi.
Fəqət 2021-ci ilin avqustunda Kabildə hakimiyyət dəyişikliyindən və "Taliban" hərəkatının iqtidara dönməsindən sonra layihə faktiki dayanma həddinə çatdı. Qərbli investorlar iştiraklarını dayandırdılar, Türkmənistan və Gürcüstan ikitərəfli çərçivədə təşəbbüsü irəli aparmadı, Azərbaycan isə diqqətini daha sabit marşrutlara yönəltdi - Zəngəzur dəhlizindən tutmuş Orta Dəhliz ("Middle Corridor") çərçivəsində Transxəzər xəttinə qədər.
Dörd ildən sonra bu dəhliz yenidən gündəmə qayıdır. Bu dəfə köhnə layihənin davamı kimi deyil, yeni geoiqtisadi parametrlərlə formalaşan yanaşma kimi. Və görünən odur ki, Azərbaycanın burada aparıcı rola iddiaları artmaqdadır.
Əfqanıstan İqtisadiyyat Nazirliyinin müavini tərəfindən sosial şəbəkə "X"də paylaşılmış rəsmi məlumat təsdiqlədi ki, Bakı ticarət dövriyyəsinin genişləndirilməsi, logistik əməkdaşlıq və Əfqanıstan ərazisində tranzit infrastrukturuna investisiyalarda maraqlıdır.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk yarısında Əfqanıstanla ikitərəfli ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 13,6 milyon dollardan 19,2 milyon dollara yüksəlib. Bu dövriyyənin 87%-i kənd təsərrüfatı və ərzaq məhsullarının payına düşür.
Burada iqtisadi maraq tam aydındır. Əfqanıstan dünyanın ən böyük litium, berillium, uran və nadir torpaq elementləri yataqlarına sahib ölkələrindəndir. 2021-ci ilə qədər bu sahədə Çin, Hindistan və İran şirkətləri fəal şəkildə yer tutmağa çalışırdılar. Azərbaycan isə Kabilə daha diversifikasiya olunmuş ixrac bazarlarına - o cümlədən Avropa və Türkiyə bazarlarına - çıxış təklif edir. Üstəlik, Azərbaycanın logistika platformaları - Ələt Azad İqtisadi Zonasından, Bakı Limanından və Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməklə - Əfqanıstan məhsulları cənub Avropaya və Qara dəniz regionuna çevik şəkildə çatdırıla bilər.
2025-ci ilin mayında Azərbaycan şirkəti "AzLogistics" ilə Əfqanıstanın "Lapis Trade Group" şirkəti Herat-Türkmənbaşı-Bakı marşrutu üzrə birgə logistik operatorun yaradılması barədə memorandum imzalayıblar. Bu addım Azərbaycan investorlarının Bədgis vilayətində - Əfqanıstanın Türkmənistanla sərhədində - anbar-hab kompleksinin tikintisində iştirak etməsi ilə dəstəklənir. Həmin kompleksdə kənd təsərrüfatı məhsulları və yarıqiymətli daşlar üçün quru terminalın yerləşdirilməsi nəzərdə tutulur.
"Lacivərd dəhlizi" əvvəlki geoiqtisadi arxitekturanın davamı kimi yox, Əfqanıstanın Avrasiya logistikası subyekti kimi yenidən ortaya çıxmasının siyasi-iqtisadi jesti kimi qayıdır. Diqqətəlayiqdir ki, 2024-cü ildən etibarən Kabil "strateji neytrallıq" siyasətini tətbiq etməyə başlayıb. Bu, həm Pakistanın logistik asılılığından, həm də İranın tranzit monopoliyasından uzaqlaşma xəttidir. 2025-ci ilin iyununa olan Əfqanıstan İqtisadiyyat Nazirliyinin məlumatlarına əsasən, son altı ayda Əfqanıstanın Türkmənistanla ikitərəfli ticarəti 54%, Azərbaycanla isə 41% artıb. Bu zaman İranla artım cəmi 8% təşkil edib.
Əslində, bu, Bakı üçün siyasi cəhətdən asılı və qeyri-sabit marşrutlar - Ermənistan və ya Rusiya üzərindən keçən yollar - əvəzinə, Mərkəzi Asiya ilə əlaqələri bərpa etmək üçün unikal fürsət pəncərəsi deməkdir. Üstəlik, Qərb və Şərq arasında artan qarşıdurma fonunda Azərbaycan heç bir geosiyasi düşərgəyə bağlanmadan logistik vasitəçi statusunu möhkəmləndirir.
Marşrutun dirçəlişi region diplomatiyası üçün həm çağırışdır, həm də sınaq. Yeni reallıqda Əfqanıstan sabitlik zəmanəti təqdim edə bilmir - bunu onun tərəfdaşları da açıq şəkildə qəbul edirlər. Avropa İttifaqının Nəqliyyat Davamlılığı Mərkəzinin 2025-ci ilin aprelində dərc olunmuş hesabatına görə, "Lacivərd dəhlizi"nin Əfqanıstan ərazisindən keçən hissəsinin təxminən 39%-i "yüksək riskli" kimi qiymətləndirilir - burada qeyri-qanuni silahlı qrupların fəaliyyəti və infrastrukturun olmaması başlıca səbəblərdəndir.
Bəhs etdiyimiz səbəbdən dolayı Azərbaycan mərhələli inteqrasiya strategiyasını seçib: ilkin mərhələdə - ikitərəfli ticarətin genişləndirilməsi, sonrakı mərhələdə - sınaq logistik reyslərinin buraxılması, yalnız bundan sonra - Bakı Limanı və BTQ-nin tam hüquqlu Avrasiya dəhlizinə birləşdirilməsi.
Bundan əlavə, 2025-ci ilin iyununda Aşqabadda keçirilmiş hökumətlərarası görüşlər çərçivəsində Türkiyə və Türkmənistanın siyasi dəstəyi də regional koordinasiya üçün vacib dayaq rolunu oynayır. Elə buna görə də, 2025-ci il iyulun 4-də qəbul edilən Türkiyə Xarici İşlər Nazirliyinin logistik təhlükəsizlik üzrə yenilənmiş strateji sənədində Lacivərdmarşrutu xüsusi yer alıb.
Strateji Xankəndi sammitindən dərhal sonra Əfqanıstan nümayəndə heyətinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfəri adi diplomatik jest deyil - bu, 2025-ci ilin geoiqtisadi mozaikasında parlaq vurğudur. Səfərin və aparılmış danışıqlarla müzakirələrin əsasında regionda logistika, siyasət, infrastruktur və ticarət sahəsində gedən mühüm dəyişikliklər dayanır. Azərbaycan sadəcə açıqlıq nümayiş etdirmir - o, fəal şəkildə yeni bir nəqliyyat əlaqəliliyi arxitekturası formalaşdırır. Bu arxitekturaya Əfqanıstan da gözlənilməz dərəcədə əhəmiyyətli bir oyunçu kimi daxil olur.
Siyasi qeyri-sabitlik və sanksiya mühiti fonunda belə, Əfqanıstan 2020-ci illərin əvvəlindən bəri logistik cəhətdən gözlənilməz fəallıq nümayiş etdirir. Eurostat-ın məlumatına görə, 2024-cü ildə Əfqanıstandan Avropa İttifaqına ixrac 38,7 milyon avroya çatıb ki, bu da 2023-cü illə müqayisədə 15,8% artım deməkdir. Bu, rekord olmasa da, artım tempi çox vacib göstəricidir. Xüsusilə də ixrac portfelinin tərkibini nəzərə alsaq: 61%-i kənd təsərrüfatı məhsulları (əsasən qoz, quru meyvələr və zəfəran), 22%-i tekstil və əl işi xalçalar, 9%-i isə dərman bitkiləridir.
Əvvəllər əsas hədəf bazar olan Pakistan və İran artıq cəlbediciliyini itirir. Pakistan üçün səbəb - təhlükəli hərbi-siyasi mühit, İran üçün isə - sanksiyalar və infrastrukturdakı yüklənmədir. Bu fonda Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən Avropaya yönələn marşrut artıq sadəcə alternativ deyil, geoiqtisadi zərurətə çevrilir.
Bu dəyişikliklərin başlıca təkanverici qüvvələrindən biri məhz "Lacivərd dəhlizi"dir. 2018-ci ildə fəaliyyətə başlayan bu dəhliz Heratı Türkmənbaşı limanı ilə, oradan isə Xəzər dənizi vasitəsilə Bakı ilə birləşdirir. Bakıdan isə dəhliz Tbilisi və Qars üzərindən İstanbula və oradan Avropanın müxtəlif istiqamətlərinə uzanır.
2019-cu ildə bu marşrutla cəmi 175 ton yük daşınmışdı. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nəzdində fəaliyyət göstərən Beynəlxalq Nəqliyyat Forumu bildirir ki, 2025-ci ilin ortasına bu rəqəm 48 min tonu keçib - altı il ərzində 274 dəfə artım! Daşınan əsas yüklər: quru meyvələr, pambıq, küncüt, bitki yağları və xalçalardır.
Əfqanıstan Ticarət Nazirliyi 2025-ci ilin mayında rəsmən bəyan etdi ki, "Lacivərd dəhlizi" ölkənin xarici iqtisadi əlaqələrinin bərpası üçün "əsas vektor" sayılır. Bu bəyanat Tacikistanın paytaxtı Düşənbədə keçirilən Regional Davamlı Logistika Forumunun kuluarlarında səsləndirildi və Xəzər regionunun logistik operatorları arasında canlı rezonans doğurdu.
Amma daha fundamental əhəmiyyət kəsb edən məsələ Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur (TITR). Bu dəhlizə artıq ardıcıl şəkildə həm Bakı, həm də Kabil inteqrasiya olunur. TITR Konsorsiumunun 2025-ci ilin iyun ayına olan hesabatına əsasən, Çin - Qazaxıstan - Xəzər - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa marşrutu üzrə konteyner daşımalarının həcmi 2024-cü ilin ilk yarısı ilə müqayisədə 66% artaraq 6 milyon ton həddini keçib. Bu yüklərin 74%-ni sənaye məhsulları və avadanlıq hissələri təşkil edir. Əfqanıstan isə əsas xəttin cənubunda yerləşsə də, Tirmiz istiqamətində və türkmən qapıları vasitəsilə bu arteriyaya qoşulmağa başlayıb.
Bundan da əhəmiyyətlisi odur ki, 2025-ci ilin iyununda Əfqanıstan Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan yeni logistika strategiyasında Bakı "əsas logistik mərkəz" və "Avropa bazarına çıxış qapısı" kimi təqdim edilib. Bu, ilk dəfədir ki, Azərbaycanın logistik infrastrukturu Əfqanıstanın milli planlaşdırma sənədində prioritet kimi qeyd olunur.
Loqistik sürətlənmənin əsas hərəkətverici qüvvəsi dəmir yolu şəbəkəsinin genişləndirilməsidir. Artıq Məzari-Şərif - Xayraton - Özbəkistan sərhədi istiqamətindəki xətt üzrə işlər tamamlanıb. 2025-ci ilin iyulunda bu marşrutla ilk sınaq tədarükü həyata keçirilib - Əfqanıstan sementi Özbəkistan stansiyaları vasitəsilə Tacikistana çatdırılıb. Hazırda üçtərəfli razılaşdırılmış daha bir layihə - Qəndəhar-Herat dəmir yolu - inkişaf mərhələsindədir (Əfqanıstan, İran, Özbəkistan). Lakin ən strateji əhəmiyyət daşıyan istiqamət - Türkmənistana, oradan da Türkmənbaşı limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanına doğru uzanan marşrutdur.
Azərbaycanda Əfqanıstandan ayda 200 vaqona qədər əfqan məhsulunun qəbuluna tam texniki hazırlıq mövcuddur, bu göstərici 600 vaqona qədər artırıla bilər. Ölkəmiz Əfqanıstan loqistikasının inteqrasiyasını yüksək rentabelli uzunmüddətli infrastruktur layihəsi kimi dəyərləndirir.
Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq sadəcə bir logistika nöqtəsi deyil - bu, dinamik şəkildə inkişaf edən tammiqyaslı nəqliyyat və logistika ekosistemidir. 2025-ci ilin ilk altı ayında limanın yükləmə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39% artıb. Limanın 30 iyun tarixli rəsmi press-relizində qeyd edilir ki, ümumi daşımaların 74%-i tranzit yüklər olub, əsas seqment isə Xəzər üzərindən həyata keçirilən quru ixrac əməliyyatlarıdır.
Əfqanıstan nümayəndə heyətinin səfəri çərçivəsində limanda bir sıra mühüm məsələlər müzakirə olunub: logistikanın rəqəmsallaşdırılması, yüklərin elektron izləmə sistemi, əvvəlcədən gömrük təmizlənməsi imkanları və ixrac məhsullarının konteynerləşdirilməsi üzrə pilot layihənin tətbiqi gündəmdə olub.
Bəhs olunan proseslər daha dərin və strateji meyli əks etdirir: Azərbaycan artıq sadəcə "tranzit ölkəsi" deyil, bölgənin logistik memarına çevrilməkdədir. Balanslaşdırılmış xarici siyasət, modernləşdirilmiş infrastruktur və müxtəlif ölkələrlə - Qazaxıstandan Əfqanıstana qədər - əməkdaşlıq qurmaq bacarığı Bakını marşrutların, yüklərin və qərarların cazibə mərkəzinə çevirir.
Azərbaycan Hindistandan Rumıniyaya qədər logistik axınları, qeyri-sabit bölgələrdən və sanksiya burulğanlarından yan keçməklə, sinxronlaşdırmaq iqtidarında olan yeganə dövlətdir." Bu reallıq artıq Türkmənistan, Çin, Özbəkistan, Əfqanıstan və hətta regional siyasi fərqlərə baxmayaraq Gürcüstan kimi oyunçuların strateji planlarında nəzərə alınır.
Bugünkü dünyada siyasi məntiq getdikcə ticarət məntiqi ilə toqquşduğundan nəqliyyat və logistika şəbəkələri sabitliyin təməl daşı rolunu oynayır. Bu baxımdan, Əfqanıstan nümayəndə heyətinin Bakıya səfəri sadəcə diplomatik jest deyil.
Yeni Avrasiya geoiqtisadiyyatı artıq kağız üzərində qurulan meqalayihələrlə deyil, real zəncirlər, real yüklər və real razılaşmalarla inşa olunur. Yaşanan prosesdə ölkəmiz iştirak etmir - o, hadisələri istiqamətləndirir.
İndi Kabil Bakıya qapı kimi baxır. Sabah nəqliyyat qovşağı, hab kimi. Birisi gün - bəlkə də, "strateji tərəfdaş" kimi. Bu əməkdaşlıq nə qədər ağıllı və praqmatik şəkildə inkişaf etdirilərsə, təkcə Əfqanıstan ixracının deyil, bütün Avrasiya logistik konfiqurasiyasının taleyi formalaşacaq.
Bugünkü Əfqanıstan sadəcə qeyri-sabitlik məkanı deyil, eyni zamanda fürsətlər bölgəsidir. Onun yeni marşrutlarda iştirakı - alternativ yollar üçün artan qlobal tələbatın göstəricisidir. Onun məhsulları - ixtisaslaşmış, lakin bazarda tələb olunan mallardır. Onun inteqrasiya iradəsi - bəyanat yox, strateji xəttdir. Əgər Bakı bu əlaqəni möhkəmləndirməyi bacararsa, Azərbaycan yalnız yeni bir iqtisadi tərəfdaş deyil, həm də Himalaylardan Bosfora qədər uzanan yeni nəqliyyat və ticarət kuşağında əsas müttəfiq qazanacaq.
Məhz bu cür ilk baxışdan "ikinci dərəcəli" görünən detallarda - sammitlərin pərdəarxası təmaslarında, limanlarda, stansiyalarda və logistika protokollarında gerçək geosiyasət özünü büruzə verir.
Elçin Alıoğlu TREND
İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu ü

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfind�

Son illərdə ölkədə çatdırılma xidmətlərinə tələbatın artması ilə

Müğənni İbrahim Borçalı açıqlaması ilə diqqət çəkib.

Ermənistan parlamenti "Hayastan" fraksiyasının deputatı Artur Sark

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birl

Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Rusl

Donald Tramp BRİKS üzvü olan ölkələrinin ABŞ-nin maraqlarına qarşı �

Lənkəranda ötən axşam ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hamiləlik dövründə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təbi

Bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində elektrik enerji

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası Parisdə, UNESCO-nun m

Şəxsən anti-dövlət qruplaşması tərəfindən ələ keçirilən erməni ki

"Azərbaycan ərazisində son günlər müşahidə olunan nisbətən sərin

Türkiyənin ən uzun ömürlü seriallarından olan "Arka sokaklar"a
