Təhlükəsizlik, yoxsa rifah? Avropa yenidən silahlanma astanasında
Siyasət 07 İyl 2025 11:29:00 71 0
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Bu xəbəri də oxu: İlham Əliyev Çinlə imzalanmış müqaviləni təsdiqlədi
İyun ayında Haaqada başa çatan NATO sammitində alyans ölkələri özlərinə yeni iddialı bir hədəf qoydu: 2035-ci ilə qədər hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmaq. Bu planı alyansın bütün 32 üzvü yekdilliklə dəstəklədi. Beləliklə, Avropa açıq şəkildə yeni bir mərhələyə qədəm qoyur - genişmiqyaslı silahlanma və strateji özünütəsdiq dövrünə.
Rusiyanın doğurduğu təhdidlər və ABŞ prezidenti Tramp administrasiyası ilə münasibətlərdəki soyuma, Avropa İttifaqını öz müdafiə müstəqilliyini bərkitməyə məcbur edir. Əvvəlcə bu konsepsiya iqtisadi artım, yeni iş yerləri vəd edir, amma uzunmüddətli baxsaq, borcların artması, sosial xərclərin qırpılması və ciddi qənaət rejimi ilə müşayiət oluna bilər.
Avropa liderlərinin mesajı son dərəcə aydın idi: artıq sonsuzadək ABŞ-ın "təhlükəsizlik çətiri"nə bel bağlamaq mümkün deyil, xüsusilə də Vaşinqtonla arada yaranan gərginlik fonunda. 2024-cü ilin payızında keçirilən Eurobarometer sorğusuna əsasən, ilk dəfə olaraq Avropa İttifaqı vətəndaşlarının üçdə biri təhlükəsizlik və müdafiəni prioritet saydığını bildirib - bu rəqəm miqrasiya və iqtisadi problemləri belə qabaqlayıb. Ən çox narahatlıq isə Finlandiya, Polşa və Baltik ölkələrində hiss olunub - respondentlərin yarısına yaxını təhlükəsizlikdən ciddi əndişələndiyini söyləyib. İspaniya və Yunanıstan kimi Rusiyaya daha uzaq ölkələrdə bu narahatlıq, təbii ki, xeyli aşağı səviyyədədir.
Eyni zamanda ABŞ öz klassik "Avropanın təhlükəsizlik zəmanətçisi" obrazından getdikcə uzaqlaşır və müttəfiqlərindən açıq şəkildə tələb edir ki, öz ordularına daha çox yatırım etsinlər. Yeni yanaşmanın əsasında bu dayanır: Avropa böyüyüb ayağa qalxmalıdır və öz vətəndaşının müdafiəsini öz çiyninə götürməlidir.
Burada əsas qığılcım rolunu oynayan amil geosiyasi vəziyyətin kəskin gərginləşməsi oldu. Demək olar ki, Avropa sərhədlərinin dibində müharibə, amerikalıların kollektiv müdafiəyə bağlılığının qeyri-sabit qalması və Ukraynaya yüksək ictimai dəstək Brüsseli təcili şəkildə hərbi sahədə güclənməyə sövq etdi.
Hələ 2024-cü ilin yayında Avropa Komissiyası açıq şəkildə etiraf etdi ki, Avropanın qarşıdakı on ildə əlavə 500 milyard avro həcmində hərbi sərmayəyə ehtiyacı var - həm silah anbarlarını doldurmaq, həm də aşkarlanan boşluqları aradan qaldırmaq üçün.
2025-ci ilin martında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "2030 Hazırlığı" adlanan nəhəng bir plan təqdim etdi. KİV-lər bunu dərhal "Avropanın yenidən silahlanması" kimi adlandırdı. Bu layihə çərçivəsində təxminən 800 milyard avro cəlb etmək nəzərdə tutulur. Bu məbləğin 150 milyardı kredit xətləri şəklində veriləcək, qalan 650 milyardı isə yumşaldılmış büdcə qaydaları hesabına üzv dövlətlər öz müdafiə proqramlarına yönəldə biləcəklər.
NATO-nun proqnozlarına görə, Rusiyanın Avropada yeni hücum riski 3-5 il ərzində baş qaldıra bilər və bu, proqramın icrası üçün maksimal müddəti 2030-cu ilədək müəyyənləşdirir.
Avropa Komissiyasının dərc etdiyi sənəddə açıq şəkildə artan təhdidlər vurğulanıb və konkret rəqəmlər göstərilib. Əgər Aİ-yə üzv olan NATO ölkələri nəhayət köhnə 2 faiz hədəfini yerinə yetirsə belə, bu cəmi 60 milyard avro gətirəcək - ki, bu rəqəm bəs eləmir. Ona görə də əlavə 500 milyardlıq vəsait tələb olunduğu xüsusi qeyd edilib. "2030 Hazırlığı" planının yekun hədəfi - onilliyin sonuna qədər 800 milyard avronu cəlb etməkdir.
Bu vəzifənin icrası əsasən milli hökumətlərin üzərinə düşür. Avropa İttifaqı isə yalnız bu prosesi təşviq etməyi planlaşdırır: kreditlər, ortaq layihələr və müdafiə xərclərinin koordinasiyası yolu ilə. Məsələn, raketdən müdafiə sistemləri, pilotsuz uçuş aparatları, kibertəhlükəsizlik və ya qoşunların operativ daşınma qabiliyyətinin gücləndirilməsi layihələrinə dəstək veriləcək.
Yeni maliyyə aləti - 150 milyardlıq "Avropanın Təhlükəsizlik Tədbirləri" (SAFE) adlı kredit paketi - artıq hazırlanıb.
Milli büdcələrə yükü bir qədər yüngülləşdirmək üçün isə Avropa Komissiyası 2025-2028-ci illər arasında sabitlik paktına xüsusi rejim tətbiq edəcək; beləliklə, hər bir ölkə hərbi xərclərini illik 1,5 faiz artırsa da, bu, büdcə kəsiri limitlərinin pozulması sayılmayacaq. Bu yolla təxminən 650 milyard avroya qədər əlavə potensial açılacaq. Üstəlik, Avropa İnvestisiya Bankına da müdafiə layihələrini maliyyələşdirmə səlahiyyəti genişləndiriləcək, Komissiyanın özü isə satınalmaların koordinasiyasına rəhbərlik edəcək ki, vəsaitlər daha məqsədyönlü və az pərakəndə xərclənsin.
Bütün bu mexanizmlərin sintezi - kreditlər (150 milyard avro) və milli proqramlardan gələn xərclər (650 milyard avro) - Ursula fon der Lyayenin dilə gətirdiyi həmin 800 milyardı təşkil edir.
Burada bir məsələ qəti şəkildə vurğulanır: bu strategiya NATO-nu əvəzləmək üçün deyil, onu tamamlamaq üçündür. Yəni Avropa orduları öz ayaqları üstündə möhkəm dayansa da, ABŞ qüvvələri ilə əməkdaşlıq və ortaq təlimlər davam edəcək. Brüsseldə dəfələrlə bildirilib ki, Aİ-nin hərbi potensialını möhkəmləndirmək əslində 2030-cu ilə qədər NATO-nun ümumi gücünü artırmaq deməkdir.
"450 milyon avropalı özünü qorumaq üçün 340 milyon amerikalıya möhtac qala bilməz," - deyə Aİ-nin müdafiə məsələləri üzrə ilk komissarı Andryus Kubilyus sərt şəkildə bəyan edib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) ekspertləri də hesab edir ki, Avropanın yeni müdafiə proqramları NATO-nu zəiflətməyəcək, əksinə, alyansın döyüş qabiliyyətini daha da yüksəldəcək.
Avropanın yeni silahlanma səbəti: nələr alınacaq?
Avropanın SAFE kredit mexanizmi ilk növbədə hava hücumundan və raket zərbələrindən müdafiənin gücləndirilməsinə, müasir artilleriya sistemlərinin qurulmasına, sursat anbarlarının dolmasına, pilotsuz uçuş aparatlarının və onlara qarşı mübarizə vasitələrinin alınmasına yönələcək. Ən strateji mövqelərdə isə kibertəhlükəsizlik, peyk rabitəsi və açar infrastrukturun inkişafı dayanır.
Avropa Komissiyası birbaşa olaraq qitə boyunca qoşun və texnikanın sürətli daşınmasını təmin etmək məqsədilə təxminən 500 "zəif həlqə"ni göstərib - dəmir yolu tunellərinin genişləndirilməsindən tutmuş körpülərin möhkəmləndirilməsinə, liman və hava limanlarının yenidən qurulmasına qədər.
Brüssel həmçinin Avropanın öz müdafiə sənayesini dirçəltməyə xüsusi önəm verir. Komissiya açıq bildirir ki, alınacaq bütün texnika Avropada istehsal olunmalı, komponentlərin isə azı 65 faizi Avropa İqtisadi Zonası və ya Ukraynadan gəlməlidir. Məqsəd aydındır: idxaldan asılılığı minimuma endirmək və eyni zamanda Avropa maşınqayırma və yüksək texnologiyalar sektorunu canlandırmaq.
Bundan əlavə, Brüssel müdafiə sənayesində konsolidasiyaya ümid edir. Məntiq sadədir - xırda istehsalçılar əvəzinə iri kooperasiyalar, iri oyunçular meydan sulasın. Bunun üçün dövlət dəstəyinin artırılması, "Defence Omnibus Simplification" adlı proqram vasitəsilə bürokratiyanın kəskin yüngülləşdirilməsi və vahid silah alış bazarının möhkəmləndirilməsi təklif olunur. Ekspertlər yaxın illərdə panavropa müdafiə alyanslarının hətta konsernlərin birləşməsinə qədər gedib çıxacağını proqnozlaşdırır.
Avropa həmçinin dayanıqlı sursat və ehtiyat hissələri anbarı qurmağa, texnoloji standartları birləşdirməyə və hərbi zavodları fasiləsiz işlətməyə məcburdur. Komissiyanın sənədində açıq şəkildə qeyd olunur ki, Ukraynaya göndərilən sursatların yerinin doldurulması və illərlə davam edən maliyyə çatışmazlığından sonra "itirilmiş imkanların bərpası" zəruridir.
Beləcə, 800 milyardlıq paket həm yeni silahların - tank, təyyarə, raketlərin - alınmasını, həm infrastrukturun yenilənməsini, həm də istehsalat güclərinin artırılmasını əhatə edəcək. Kreditlərin verilməsi üçün əsas şərtlərdən biri də budur ki, iri layihələrdə mütləq azı iki Aİ ölkəsi iştirak etsin - məsələn, raket zavodunun tikintisi zamanı.
Hesabla müdafiə: kim qazanacaq?
Əslində müdafiə xərcləri dövlət investisiyalarından fərqlənmir; qısamüddətdə bu vəsaitlər elə sənaye subsidiyaları qədər iqtisadiyyatı canlandırır. Avropa analitiklərinin hesablamalarına görə, 2026-2027-ci illərdə yeni sifarişlərin hesabına Aİ iqtisadiyyatı 0,1-0,2 faiz arta bilər - təbii ki, pulun əsas hissəsi qitə daxilində xərclənsə. Goldman Sachs-ın araşdırması da bu təsiri təsdiqləyir: müdafiəyə xərclənən hər 100 avro təxminən 50 avro ÜDM əlavə edə bilər, əgər idxaldan asılılıq azalarsa və istehsal lokallaşdırılarsa.
Kiel Dünya İqtisadiyyatı İnstitutunun mütəxəssisləri isə daha iddialı rəqəmlər ortaya qoyur: əgər müdafiə xərcləri ÜDM-in 2 faizindən 3,5 faizinə qalxsa və sifarişlər yüksək texnologiyalara yönəlsə, illik iqtisadi artım 0,9-1,5 faizə qədər çata bilər. Ekspertlər vurğulayır ki, hərbi investisiyalar süni intellektdən tutmuş yeni materiallara, kibertəhlükəsizliyə qədər çoxsaylı innovasiyalara təkan verəcək.
Bununla belə, köhnə 3 faizlik hədəf artıq arxivə gedir. Daha 2025-ci ilin yanvarında ABŞ prezidenti Tramp NATO müttəfiqlərindən müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağı tələb etmişdi. Əvvəlcə Avropada, xüsusən Almaniyada bu ultimatum skeptik qarşılandı, amma iyunun əvvəlində əhval dəyişdi: Almaniyanın müdafiə naziri Boris Pistorius açıq şəkildə 5 faizlik məqsədə hazır olduqlarını bildirdi, Şimali, Şərqi və Mərkəzi Avropadan 14 ölkə də bu planı dəstəklədi.
Nəhayət, 25 iyun tarixində NATO sammitində yekdil razılıq əldə olundu: 2035-ci ilə qədər 5 faiz hədəfi rəsmən qəbul edildi. Baxmayaraq ki, İspaniya əvvəlcə buna qarşı çıxırdı - baş nazir Pedro Sançes belə sərt yanaşmanı "məntiqsiz" və "effektsiz" adlandıraraq bloklamağa çalışdı - nəticədə kompromisə getdi.
Amma Madrid öz oyununu davam etdirir. 2024-cü ildə 3,2 faiz iqtisadi artım və rekord vergi yığımlarını fonunda, artıq bu ildən NATO-nun 2 faizlik hədəfinə çatmaq üçün əlavə 10,5 milyard avro ayırır. Bu pullar əsasən milli gəmiqayırma, aviasiya və elektronika sənayesini dəstəkləməyə yönələcək və 100 minədək yeni iş yerinin açılması hədəflənir. Sançes əminliklə bildirir ki, hazırkı artım tempi saxlanılsa, bu xərclər nə pensiyalara, nə də səhiyyə sisteminə zərbə vuracaq.
Silah istehsalı "hərbi rejimdə" - Avropada müdafiə sənayesinin yeni nəfəsi
Avropanın müdafiə sənayesində söz sahibi olan şirkətlər açıq etiraf edirlər: Ukraynadakı müharibə sabah bitdisə belə, qitədə silaha tələbat hələ uzun müddət yüksək qalacaq. Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas açıq deyib ki, Rusiya artıq faktiki olaraq öz hərbi sənayesini tam səfərbərlik rejiminə keçirib - deməli, Avropa da uzunmüddətli müdafiə planı qurmalıdır.
Bazar isə çox gözləmədi. Almaniyanın Rheinmetall konserni artıq sursat istehsalını ikiqat artırmaq və boşalan anbarları doldurmaq üçün yeni zavodlar inşa etmək niyyətində olduğunu açıqlayıb. Şirkətin rəhbəri Armin Papperger təsdiqləyib ki, sifariş portfeli günü-gündən genişlənir. Almaniyanın müdafiə xərclərinin ÜDM-in 2,5-3 faizi həddinə qalxması, onun sözlərinə görə, hər il əlavə 60-70 milyard avro gətirəcək və şirkət bu pulları yatırmağa hazırdır.
Bənzər mövqedən çıxış edən İsveçin Saab konserninin rəhbəri Mikael Yohansson hesab edir ki, silah alışı standartlaşdırılmalı, iri həcmdə edilməlidir, hər ölkə üçün ayrıca "velosiped icad etmək" yersizdir. Yohansson vurğulayır ki, Avropa ölkələri texnologiyanı bölüşməyə və istehsal zəncirlərini ortaq şəkildə qurmağa daha böyük həvəs göstərir.
İtaliyada da oxşar xətti Leonardo konserninin baş direktoru Roberto Çinqolani alqışlayır. Onun fikrincə, ABŞ prezidenti Trampın "güclü Avropa" çağırışı məhz Leonardo-nun sərhədlərarası müdafiə layihələri və konsorsiumları ilə üst-üstə düşür.
Kredit hesabına təhlükəsizlik: gizli risklər
Amma belə nəhəng müdafiə həmləsinin öz bədəlisiz deyil. O 800 milyard avro göydən düşmür. Avropa Komissiyasının hesablamalarında ÜDM-in artımı nəzərdə tutulsa da, eyni zamanda dövlət borcunun yüksəlməsi riski də açıq-aydın göstərilib. Reytinq agentliyi Fitch xəbərdarlıq edir: əlavə tədbirlər görülməsə, Aİ-nin büdcə kəsiri bir neçə ilə 3 faizdən 6 faizə qədər qalxa bilər.
Onsuz da həssas vəziyyətdə olan ölkələr var. İtaliya yeni hərbi dövrə dövlət borcunun ÜDM-ə nisbətdə 150 faiz göstəricisi ilə girir, Yunanıstan isə təxminən 200 faizlə. Bu ölkələr indi hərbi xərcləri 2 faiz həddində saxlayır və qəfil artım - əgər paralel ixtisarlar və ya vergi islahatları aparılmasa - onların kredit reytinqinə ciddi təhlükə yarada bilər. Almaniya və Fransa daha möhkəm maliyyə dayaqlarına malik olduğundan 3 faizə qədər çıxa biləcəklər, amma İtaliya və Yunanıstan üçün bu, olduqca ağrılı qərardır.
Bundan başqa, iqtisadi və həmkarlar təşkilatları da xəbərdarlıq edir ki, hərbi xərclərin artımı sosial proqramları sıxışdırmaq riski yaradır. Xüsusilə qıcıq doğuran məqam odur ki, Aİ-nin sərhədyanı bölgələrinin müdafiəsini gücləndirmək üçün birbaşa sosial və məşğulluq layihələrinə gedən 400 milyard avronun yönləndirilməsi planlaşdırılır.
Avropa Komissiyası çalışır ki, bu narazılığı yumşaltsın və müdafiə investisiyalarını yeni iş yerlərinin və texnoloji yeniliklərin katalizatoru kimi təqdim etsin. Amma həmkarlar ittifaqları və bir sıra siyasətçilər hələ də şübhəlidir - qorxurlar ki, bu vəsaitlərin yönünü dəyişmək sosial layihələri zəiflədir, nəticədə də narazılıq üzərində siyasi reytinq yığan radikal sağ partiyaların əlinə oynayır. Məhz bu amil uzunmüddətli perspektivdə Avropanın müdafiə planı üçün ən böyük təhlükə kimi göstərilir.
Avropa fondlarının yön dəyişməsi: radikalları gücləndirmək riski
Avropa Komissiyasının 2025-2028-ci illərdə müdafiə xərclərini Aİ-nin büdcə məhdudiyyətlərindən müvəqqəti çıxarmaq qərarı bir növ "nəfəs alma" imkanı yaradır. Amma bu müddət bitəndə milli hökumətlər yenə də balanslı büdcələrə qayıtmalı olacaq. İqtisadçılar açıq xəbərdarlıq edir: yüksək dövlət borcu yüksək faiz dərəcələri deməkdir, bu da gələcəkdə yeni vergilərin və ya hətta pensiya kəsintilərinin gündəmə gələcəyini istisna etmir.
Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü və Niderland Mərkəzi Bankının rəhbəri Klaas Not açıq bəyan edib ki, hərbi büdcələrin artırılması "zəruridir", amma bu, qaçılmaz olaraq borclanmanın artmasına və pul siyasətində əlavə problemlərə gətirib çıxaracaq.
Orta müddətdə də risklər kifayət qədər ciddi görünür. Beynəlxalq Valyuta Fondu son hesabatında xatırladır ki, əhalinin qocalması, iqlim problemləri və müdafiə tələbləri birlikdə Avropa büdcələrinə 2050-ci ilə qədər 6-8 faiz ÜDM həcmində əlavə yük gətirə bilər. Avropa Mərkəzi Bankı hesab edir ki, bu qədər iddialı planları maliyyələşdirmək üçün dövlət istiqrazlarının kütləvi emissiyası qaçılmaz olacaq, amma bu istiqrazların bazarda yerləşdirilməsi də ciddi sınaqlarla üz-üzə qalacaq. Xüsusilə Yunanıstan və İtaliya kimi artıq ağır borc yükü daşıyan ölkələr üçün risk daha böyükdür.
Siyasi ziddiyyətlər də hələ aradan qalxmayıb. Slovakiyanın baş naziri Robert Fitso bir daha sərt mövqeyini səsləndirib və bildirib ki, onun ölkəsi üçün "neytrallıq hətta faydalı da ola bilər". Macarıstan da öz ənənəvi skeptisizmini qoruyur: Viktor Orban hərbi xərclərin genişlənməsinə qəti şəkildə qarşı çıxır və Aİ qərarlarını istənilən anda ləngitmək niyyətindədir. Məsələn, iyun sammitindən cəmi iki gün əvvəl Macarıstan və Slovakiya Rusiyaya qarşı yeni sanksiya paketini bloklamışdı - və bu, onların ilk dəfə etdiyi addım deyil.
Ekspertlərin ortaq qənaəti belədir ki, bu möhtəşəm rəqəmlərin deyil, məhz icra mexanizmlərinin uğuru bütün layihənin taleyini həll edəcək.
Bruegel beyin mərkəzinin iqtisadçısı Quntram Volf hesab edir ki, Avropada istehsal gücləri genişlənməyə və böyüməyə hazırdır, amma ölkələr arasında koordinasiya zəifdir, bürokratik əngəllər də prosesləri yubada və resursların səmərəsiz istifadəsinə səbəb ola bilər.
Əgər xərclər əsasən yerli istehsala yönəldilsə və texnoloji yeniliklərlə yanaşı getsə, faydalar doğrudan da böyük olacaq. Əks halda - idxal artar, büdcə kəsiri dərinləşər, sosial layihələr zəifləyər - nəticə həm siyasi, həm də iqtisadi baxımdan olduqca sərt və ağrılı ola bilər.
Ticarət müharibələri - Avropanın müdafiə ambisiyalarına yeni təhlükə
Avropa İttifaqının planları daha bir ciddi risklə üz-üzədir - ticarət müharibələri ilə. ABŞ prezidenti Trampın Avropa İttifaqından idxal olunan polad və alüminiuma 25 faiz, bir çox digər məhsullara isə 20 faiz gömrük rüsumu tətbiq edəcəyini elan etməsindən sonra Avropa təchizatçıları ziyanı hesablayıb: təxminən 26 milyard avro dəyərində ixracın təhlükə altına düşə biləcəyi bildirilir. Cavab olaraq Brüssel ABŞ-dan idxal edilən 28 milyard dollarlıq məhsula güzgü tədbirləri tətbiq etdi.
Metallurgiya sektoruna dəyən zərbə avtomatik olaraq zirehli texnika, gəmiqayırma və aviasiya sənayesində qiymətlərin artmasına gətirib çıxaracaq. Almaniyanın Federal Əmək Agentliyinin rəhbəri Andrea Nales açıq etiraf edib ki, "ABŞ-ın qeyri-müəyyən ticarət siyasəti Almaniya əmək bazarı üçün yükə çevrilib" və cəmi bir il ərzində 90 min insanı işsiz qoya bilər.
Bitib-tükənməyən ticarət savaşları ümumilikdə Avropa iqtisadiyyatına təzyiqi daha da artırır. Avropa Mərkəzi Bankı hələ son gömrük tədbirlərindən əvvəl 2025-ci ildə ÜDM artımının cəmi 0,9 faiz səviyyəsində olacağını proqnozlaşdırmışdı. Hərbi-sənaye bazarının analitiki Derek Bisakçio isə qeyd edir ki, Avropa hökumətləri artıq artan büdcə təzyiqləri və iqtisadi zəifləmə ilə mübarizə aparmağa məcburdur, bu isə müdafiə xərclərinin daha da artırılmasını olduqca çətinləşdirir.
Əgər qlobal ticarət savaşı uzansa, hər şey bahalaşacaq - enerji resurslarından tutmuş nadir metallara, elektron komponentlərə qədər, onsuz da müasir silah istehsalı onsuz mümkün deyil. Avropanın müdafiə sənayesi daha ucuz Asiya idxalı qarşısında rəqabət üstünlüyünü itirə bilər. Logistika zəncirlərində qırılmalar, tarif baryerləri, inflyasiya kredit faizlərinin qalxmasına və büdcə sıxılmasına səbəb olacaq ki, bu da birbaşa hərbi proqramların maliyyələşdirilməsini sual altına qoyur.
Bir sözlə, Avropa xarici ticarətini sabitləşdirə bilməsə, iddialı silahlanma planları kağız üzərində qalacaq boş bəyanatlardan o tərəfə keçə bilməyəcək. Aİ xərcləri aşağı salmaq üçün ortaq satınalmalara güvənir, amma ən kiçik geosiyasi silkələnmə belə bu hesabları pozmağa yetər. Bu halda yüzmilyardlarla avroluq müdafiə layihəsi qlobal qeyri-sabitliyin girovuna çevrilə bilər.
Çörək, yoxsa tank? - proqnozlar Avropanı hara aparır
Avropanın "Yenidən silahlanma" proqramı bəlkə də hələ başlanğıcdır. NATO-dan gələn siqnallar aydın göstərir ki, ÜDM-in 2 faizi həcmində müdafiə xərcləri artıq reallığa uyğun deyil. Alyansın baş katibi Mark Rütte açıq şəkildə xəbərdarlıq edib ki, orduların daha da gücləndirilməsi çox güman ki, 3 faiz həddini də aşmağı tələb edəcək. Vaşinqtonda da gözləntiləri gizlətmirlər: ABŞ müdafiə naziri Pit Hegset və Almaniyanın müdafiə naziri Boris Pistorius daxil olmaqla bir çox liderlər NATO-nun hazırkı normasını köhnəlmiş sayır və faktiki olaraq "yeni norma"nın 5 faizlik hədd ola biləcəyini işarə edirlər.
Bununla belə, mövcud planı birdən-birə silmək olmaz. "2030 Hazırlığı" təşəbbüsü yalnız xərclərin mexaniki şəkildə şişirdilməsi üzərində qurulmayıb, həm də həmin xərclərin ağıllı istifadə olunması, yəni ortaq satınalmalar, texnoloji innovasiyalar və layihələrin sinxronlaşdırılması hesabına daha effektiv idarə olunması nəzərdə tutulur. Rüttənin sözlərinə görə, məhz belə yanaşma müdafiə xərclərinin nəzarətsiz böyüməsinin qarşısını alacaq və investisiyaların nəticəsini daha yüksək edəcək. Təsadüfi deyil ki, Aİ sənədlərində açıq yazılıb: "avropa malı al və layihələri birləşdir" - belə ki, xərclənən hər avronun maksimal fayda gətirməsi təmin edilsin.
Axır-əvvəl Avropa liderləri dərk edirlər ki, təhlükəsizlik və sabitlik - bu, pul ödəməyə dəyər bir dəyərdir. Müdafiə yatırımları zəruri və haqlı bir addım kimi qəbul olunur. Sadə avropalılar üçünsə əsas sual qalır: qısamüddətli dividendlər - yeni iş yerləri, texnoloji sıçrayış - uzunmüddətli riskləri örtməyə yetəcəkmi? Yəni elə riskləri ki, sabah büdcəyə ağır yük kimi oturacaq.
Siyasi liderlərin qarşısında çox incə balans tapmaq vəzifəsi dayanır - bir tərəfdə yüksək texnoloji müdafiə proqramlarının iqtisadiyyata verdiyi stimul, digər tərəfdə isə sosial prioritetlər. Əks halda, bu milyardlarla avroluq layihə cəmiyyətin başqa həyati vacib sahələrini alt-üst edə bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Mi

Kürdəmirdə qatarın altında qalan 45 yaşlı kişi ölüb.

Müğənni Xatirə İslam vəfat edən bəstəkar Ruslan Əhmədoğludan yazıb

Pirəkəşküldə 7-11 iyul tarixlərində müddəti başa çatmış və istifad

İstanbulda meşəlik ərazidə qeyri-etik hərəkət edən iki gənc saxlanıl�

Almaniyada 1980-ci illərin əvvəllərində baş verən və uzun illər cəmiyy

Bakının Xəzər rayonundakı Buzovna çimərliyində kanalizasiya suları birb

Yeni həftə bəzi bürclər üçün gərginlik, emosional dalğalanmalar və g�

Xəbər verdiyimiz kimi, iyulun 5-i Zaqatalada avtomobil qəzasında ər-arvad

Azərbaycanın Əməkdar artisti Qoçaq Əsgərov açıqlaması ilə diqqət ç�

Beyləqanda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan b
