Ağdamda son durum: icra başçısı danışır - YENİLƏNİB


Siyasət 28 Apr 2016 11:30:56 471 1

Ağdamda son durum: icra başçısı danışır - YENİLƏNİB

"Ermənilərin ağır silahlardan atəşi nəticəsində Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub".

Bunu "Report"a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov bildirib.

O qeyd edib ki, aprelin 1-dən bu günədək olan hadisələrin ən ağırı ayın 27-dən 28-ə keçən gecə olub:

"Ötən gecə atılan mərmilərin sayını konkret olaraq demək mümkün deyil. Rayon ərazisinə yüzlərlə mərmi düşüb. Gecə atəşkəsin pozulması nəticəsində 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Ağdam Rayon İcra Hakimiyyəti nümayəndəliyinin mühasibi isə kontuziya alıb. Onlarla ev dağılıb, yüzlərlə mal-qara qırılıb".

İcra başçısının sözlərinə görə, aprelin əvvəlindən rayonun Qaradağlı kəndində 27, Zəngişalı-Mahrızlıda 5 ev, Çəmənlidə 3 ev, Əfədlidə 7 ev dağıdılıb: "Hazırda araşdırma gedir, ola bilsin ki bu rəqəmlər artsın. Ötən gecədən səhər saat 5-ə qədər kəndlər artilleriyadan atəşə tutulub. Saat 5-dən etibarən isə bizim nümayəndələr, Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərə göndəriliblər. Hazırda kəndlərə nə qədər ziyan dəyməsi ilə bağlı son məlumatlar toplanır, rəqəmlər dəqiqləşdirilir".  

---------

09:32

Ötən gecə erməni hərbi birləşmələrinin təmas xəttində törətdikləri təxribat nəticəsində Ağdam rayonunda 50-yə yaxın fərdi yaşayış evi və obyektə ciddi ziyan dəyib. Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, erməni hərbi birləşmələrinin rayon ərazisini ağır artilleriya atəşinə tutması nəticəsində ev və təssərrüfatlara ciddi ziyan dəyib: "İlkin məlumata görə, rayonun Çəmənli kəndində 3 ev ciddi zədələnib, 1 ev tam dağılıb, 1 avtomobil yararsız vəziyyətə düşüb, 1 at və bir inək ölüb. Bundan başqa, Qaradağlı kəndində 27 ev ciddi zədələnib, 5 ev tam dağılıb, Zənguşalı kəndində 8 ev zədələnib, 1 ev yanıb, 2 ev və 1 mağaza tam dağılıb. Zənguşalı kəndində "Qara İnək" fermer təsərrüfatında ağır artilleriya atəşi nəticəsində təsərrüfarda olan 11 inək ölüb, 19 inək xəsarətlər alıb. Hazırda rayon ərazisində mərmi zərbələrindən dağıdılan və zərər çəkən digər ev və obyektlərin sayı dəqiqləşdirilir".