7 yaşdan kiçik uşaqları bu içkilərdən uzaq tutun Valideynlərə xəbərdarlıq


Digərləri 06 Ağu 2025 01:01:00 73 0

7 yaşdan kiçik uşaqları bu içkilərdən uzaq tutun  Valideynlərə xəbərdarlıq

Yay aylarında temperaturun yüksəlməsi ilə soyuq və dondurulmuş içkilərə maraq artıb. Lakin Böyük Britaniyanın Qida Standartları Agentliyi (FSA) xüsusilə tərkibində qliserol olan ətirli buzlu içkilərin 7 yaşdan kiçik uşaqlar üçün təhlükəli ola biləcəyini açıqlayıb.

Son.az xəbər verir ki, FSA-nın xəbərdarlığında qeyd edilir ki, belə içkilər kiçik yaşlı uşaqlarda ürəkbulanma, baş ağrısı, hipoqlikemiya (qan şəkərinin kəskin enməsi), şok və huş itkisi kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

"The Mirror" qəzetinin yaydığı məlumata görə, valideynlər məhsulun tərkibində qliserin olub-olmadığını almadan öncə mütləq yoxlamalıdırlar. FSA əlavə edib ki, 10 yaşdan kiçik uşaqlar bu içkilərdən gündəlik maksimum 350 ml (təxminən bir banka qazlı içki qədər) istehlak etməlidirlər.

"British Medical Journal"da (BMJ) dərc olunan araşdırma zamanı İngiltərə və İrlandiyada 2-7 yaş arası 21 uşağın bu içkiləri qəbul etdikdən sonra təcili tibbi yardıma ehtiyac duyduğu aşkar edilib. Bu uşaqlarda qliserol toksiklik sindromu müşahidə olunub - bu sindrom hipoqlikemiya, şüur itkisi və qanda turşuluğun artması ilə xarakterizə olunur.