Bu ictimai nəqliyyatda gedişhaqqı aşağı düşə bilər
Digərləri 05 Ağu 2025 13:55:00 62 0
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmiryolu ilə sərnişindaşıma qiymətlərinə yenidən baxacaqmı? Bu sual son günlər ictimaiyyətin və sosial medianın diqqət mərkəzindədir. Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın ADY rəhbərliyi ilə keçirdiyi görüşdə də bu məsələ geniş müzakirə olunub. Görüşdə əsas müzakirə mövzuları sırasında ADY-də son illərdə aparılan islahatlar, infrastrukturun modernləşdirilməsi, rəqəmsal transformasiya, təhlükəsizlik siyasəti və xüsusilə də sərnişindaşımada qiymətlər və xidmət keyfiyyəti ön plana çıxıb.
Son.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün sözlərinə görə, görüşdə onun da qaldırdığı əsas məsələ məhz sərnişindaşıma qiymətlərinin yüksəkliyi və bunun xidmət səviyyəsi ilə adekvat olub-olmamasıdır:
"Hazırda ölkədaxili istiqamətlərdə standart (plaskart), standart+ (kupe), biznes (SV) və birinci klass üzrə bilet qiymətləri əvvəlki illərlə müqayisədə 3-4 dəfə artıb. Bu, xüsusilə Bakı-Balakən qatarında doluluq səviyyəsinin aşağı olması ilə bağlı da diqqətə çatdırıldı".
O, əlavə edib ki, ADY rəhbərliyi bu məsələnin ictimai əhəmiyyətindən xəbərdardır, lakin hələlik qiymətləri endirmək niyyətində deyil. Görüş zamanı sərnişinlərə məcburi qaydada təqdim olunan yemək setinin ləğv olunması və bununla qiymətlərin azaldılması təklif olunsa da, ADY bu təklifi qəbul etməyib:
"Yerli sərnişinlər ödəniş etdikləri yemək setinə nisbətən evdə daha keyfiyyətli və sərfəli səhər yeməyinə üstünlük verdiklərini deyirlər. Lakin ADY bilet satışında yemək seçimini sərnişinlərin ixtiyarına buraxmaq istəmir".