Sürücü qadınlar üçün özəl parkinq: Ayrıseçkilik, yoxsa təhlükəsizlik?


Digərləri 05 Ağu 2025 02:02:00 65 0

Sürücü qadınlar üçün özəl parkinq: Ayrıseçkilik, yoxsa təhlükəsizlik?

Çin və Cənubi Koreyada qadınlar üçün özəl parklanma zonaları yaradılıb. Əsasən  daha geniş və yolağzı yerlərdə parklanmaların yaradılmasının səbəbi odur ki, qadınlar maşın parklamada daim çətinlik çəkdiklərinə, dar yerdə manevr edə bilmədiklərinə görə buna ehtiyac duyulub.

Digər sahələrdən 80 sm daha geniş olan bu məkanlarda hər iki tərəfdən avtomobillərin qapıları rahat açılacaq şəkildə dizayn edilir.

Bu cür parklanma yerləri yaxşı işıqlandırılır, kameralarla nəzarət olunur, giriş-çıxışa yaxın olur. Bu, xüsusilə gec saatlarda qadın sürücülər üçün rahatlıq yaradır.

Bu jest qadınların hər nə qədər ürəyincə olsa da, kişiləri qəzəbləndirib. Qadınların rahatlığı və təhlükəsizlik baxımından edilən bu təşəbbüs kişilərə gender bərabərsizliyi kimi görünüb. Onlar bunu texniki problemin həlli kimi deyil, sosial ayrı-seçkilik olaraq qəbul edir. Bildirirlər ki, əgər məqsəd təhlükəsizlikdirsə, onda bu cür yerlər təkcə qadınlar üçün deyil, yaşlı sürücülər, maşın sürməyə yeni başlayanlar və nisbətən əlilliyi olanlar üçün də açılsın.

Qeyd edək ki, indiyədək Almaniyada belə parklanma yeri açılmışdı. Çəhrayı cizgilərlə əhatələnmiş ərazi  o vaxt da müzakirə mövzusu olmuşdu. Belə zonaların yaradılması "qadınlar maşını yaxşı sürə bilmir" kimi stereotipin güclənməsinə səbəb olmuşdu Koreyada isə kişilər bir yana bəzi qadın hüquqları müdafiəçiləri də bu addımı seksist hesab edirlər.

Azərbaycan da kifayət qədər qadın sürücülərin oduğunu və getdikcə saylarının daha da artdığını nəzərə alsaq, belə parklanmalara ehtiyac duyulduğunu düşünmək olar. Bəs paytaxda qadınlara özəl parklanma zonaları açmaq üçün kifayət qədər yer varmı?