Sənədsiz evlər problemi həll olunur: Vətəndaşlar hara müraciət etməlidirlər?


Digərləri 02 Ağu 2025 23:14:00 67 0

Sənədsiz evlər problemi həll olunur: Vətəndaşlar hara müraciət etməlidirlər?

Sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi uzun illərdir aktual problemlərdən biri olaraq qalır. Bir çox ailələr əmlakları üzərində tam hüquqa malik deyillər. Bu isə satış, qeydiyyat, miras və digər hüquqi məsələlərdə ciddi çətinliklər yaradır. Tez-tez müzakirəyə çıxarılan bu məsələ ilə bağlı ötən həftə açıqlanan məlumatlar sənədsiz ev problemi ilə üz-üzə qalan bir çox vətəndaşı həyəcanlandırıb.

Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin idarə heyətinin sədri Nigar Alimova deyib ki, Azərbaycanda əmlak hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı imzalanan yeni fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq: "Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır".

Amnistiya hansı evlərə şamil olunacaq?

Mətbuatda tez-tez təkcə paytaxt ərazisində 500 mindən çox sənədsiz evin olduğu yazılır. Mütəxəssislər, dövlət rəsmiləri bu statistikanı təsdiqləyirlər. Maraqlıdır, əgər bu statistika düzgündürsə, amnistiya hansı evlərə şamil ediləcək?

Nigar Alimova bildirib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri hüquqi qeydiyyata alınacaq. Həmçinin texniki pasportu olan tikililərin qeydiyyatı da sadələşdirilir. Yeni qaydalara əsasən, xüsusilə 2001-ci il yanvarın 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport (texpasport) sənədləri olan vətəndaşlar torpaq sahələrinin ölçüsü göstərilibsə, həmin sənədlərlə müraciət edərək həm torpaq sahəsi, həm də tikili üzərində hüquqları əldə edə biləcəklər.

"Bu, amnistiya deyil"

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, bu, amnistiya deyil: "Əgər bu, sənədsiz tikililərin bütövlükdə sənədləşdirilməsi problemini həll etsəydi, o zaman amnistiya adlandırmaq olardı. Əslində bu, cənab Prezidentin 2015-ci ildə imzaladığı 439 saylı Fərmanın icrası istiqamətində qəbul edilmiş əlavə və dəyişikliklərdən biridir. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qəbul olunana qədər -yəni 2004-cü ildən əvvəl qüvvədə olan sənədlərin hüquqi qüvvəsi tanınır. Həmin dövrdə fəaliyyət göstərən inventar bürolar (2001-ci ildə bağlanmışdı) və keçmiş icraiyyə komitələri, xalq deputatları sovetləri kimi qurumlar tərəfindən verilmiş torpaqayırma sənədləri, qərarlar artıq ilkin hüquq müəyyənedici sənəd kimi tanınacaq".

"Qeyd olunan 500 min rəqəmi də real deyil"

Əmlak eksperti "100 min evə sənəd veriləcək" fikri ilə də razı deyil: "Dəqiq statistika yoxdur. Bu gün səsləndirilən rəqəmlər sadəcə təxminlərdir. Hətta bəzən qeyd olunan 500 min rəqəmi də real deyil. 2008-2009-cu illərdə deyilmişdi ki, ölkədə 400 minə qədər sənədsiz tikili var. O vaxtdan bəri vəziyyət dəyişib. Təkcə Bakı və Abşeron ərazisində hər il 20-30 min arası yeni qeyri-qanuni tikili meydana çıxır".

"Vətəndaşın gözləntisi başqadır"