Dövlət yalana qarşı: dezinformasiyaya hüquqi cavabın anatomiyası


Siyasət 04 İyn 2025 18:06:00 116 0

Dövlət yalana qarşı: dezinformasiyaya hüquqi cavabın anatomiyası

XXI əsr bir miflə vidalaşma dövrüdür. Müharibələr artıq tank və top səsləri ilə başlamır. Ən böyük döyüşlər indi beyinlərdə gedir - sosial şəbəkə başlıqlarında, trend olan həştəqlərdə, virallaşan podkastlarda, gizli alqoritmlərdə. Müasir konfliktlər üçün nə mərmi, nə də raket lazımdır - bir TikTok videosu bəs edir, hətta əgər o video zirzəmidə çəkilibsə də.

İnformasiya texnologiyaları təkcə ünsiyyət tərzini dəyişməyib - informasiya öz-özlüyündə silaha çevrilib. Bu dövrdə dezinformasiya artıq təsadüfi yalnışlıq deyil, silahdır. Onun gücü kilotonlarla yox, paylaşım sayıyla ölçülür. Hədəf - bədənlər yox, beyinlərdir. Bu, inama qarşı hücumdur, məntiqə zərbədir. Faktla təhlilin arasındakı sərhədi pozmaq üçün atılan qəsdli addımdır.

Məqsəd? Seçkilər, institutlar, alyanslar, insanların şəxsi tarixçələri. Troll fabrikləri, bot dəstələri, saxta media platformaları süni bir "həqiqət" yaradır. Burada həqiqət dedikdə səsli deyilən, tez yayılan fikir nəzərdə tutulur. Demokratiyalar indi çevrilişlə yox, informasiya seli ilə çökür. Dövlətlər süquta üsyanla deyil, alqoritm xaosu ilə gedir.

İnsanlıq bu gün qarşısında dayanmış ciddi sualla üz-üzədir: reallığı necə qorumaq olar? Texnologiyanın səsi, görüntüsü, hətta hissləri saxtalaşdıra bildiyi bir dövrdə həqiqətə hüquqi zəmanəti necə yaratmalı? Və ən vacibi: dezinformasiyadan qorunarkən senzuranın girovuna çevrilməmək üçün nə etməli?

Bu suallar artıq nəzəriyyə deyil. Onlar parlamentlərdə, sammitlərdə, redaksiyalarda, sinif otaqlarında səslənir. Vaşinqtondan Bakıya, Brüsseldən İstanbula qədər hər kəsi narahat edir.

Bu yazı - müqavimət mexanizmlərinə aydın baxışdır. Müxtəlif ölkələrin hüquqi və inzibati yanaşmaları, tətbiq edilən alətlər, nəticələr, doğan suallar - hamısı burada. Məqsəd - təkcə yalanı süzgəcdən keçirmək yox, həqiqəti möhkəmləndirməkdir.

Çünki dövlət bu gün həqiqəti qorumağı bacarmasa, sabah onu qoruyacaq heç kim qalmayacaq.

Dezinformasiya: hibrid aqressiyanın yeni siması

"Dezinformasiya" termini internet dövründən xeyli əvvəl yaranmışdı. Amma XXI əsr bu anlayışı tamam fərqli formaya saldı - sürətli, genişmiqyaslı, kütləvi. Sadə yalan və ya dedi-qodudan fərqli olaraq, dezinformasiya - qəsdən, məqsədli şəkildə yalan və ya təhrif olunmuş informasiyanın yayılmasıdır. Hədəf - siyasi, ideoloji, hərbi və ya iqtisadi manipulyasiyadır.

Dezinformasiyanın əsas tipləri:

Geosiyasi: münaqişələr, böhranlar, ölkə tarixləri haqda faktların təhrifi; Seçkiyə yönəlik: seçki öncəsi kompromatlar, saxta sorğular, dezinformasiyalar; İqtisadi: guya bankrot olmuş şirkətlər, saxta maliyyə hesabatları; Tibbi: vaksin əleyhinə kampaniyalar, guya elmi "araşdırmalar"; Etnik və dini: tarixə qarşı təhrif, nifrətin qızışdırılması. Avropa Komissiyasının 2024-cü il hesabatına görə, son 5 ildə AB ölkələrinin hökumətlərinə qarşı yönəlmiş dezinformasiya hücumlarının həcmi 350%-dən çox artıb. Bu yalanların 70%-i sosial şəbəkələr vasitəsilə yayılır, onlardan 48%-i isə qapalı mesajlaşma sistemləri - WhatsApp və Telegram üzərindən ötürülür.

İnzibati alətlər: monitorinqdən bloklamaya qədər

2015-ci ildən başlayaraq, Avropa İttifaqı dezinformasiya ilə mübarizə üzrə üçsəviyyəli inzibati strategiya qurur: üst-səviyyəli (AB strukturları), milli və platforma əsaslı.

East StratCom Task Force (Brüssel) - Avropa Xarici Əlaqələr Xidmətinin nəzdində ixtisaslaşmış bölmədir. Krımın ilhaqından sonra yaradılıb. 2016-cı ildən bəri əsasən Rusiya mənşəli feyk xəbərləri toplayır, təsnifləşdirir, arxivləşdirir. 2024-cü ilə qədər EUvsDisinfo bazasında 16 700-dən çox dezinformasiya kampaniyası qeydə alınıb.

Dezinformasiya ilə bağlı Etik Davranış Kodeksi (2022) - Google, Meta, TikTok, Microsoft və digər texnoloji nəhənglərin imzaladığı, könüllü olsa da, siyasi baxımdan məcburi sənəddir. Platformalar öhdəlik götürürlər ki:

feyk məlumatları siləcəklər və ya nişanlayacaqlar; silinmə statistikası üzrə hesabat verəcəklər; fact-checking təşkilatları ilə əməkdaşlıq edəcəklər; yalan məlumatların algoritmik görünməsini azaldacaqlar. Rəqəmsal Xidmətlər Aktı (Digital Services Act - DSA, 2024) artıq bu məsələyə hüquqi çərçivə gətirib. Ən iri platformalar dezinformasiya risklərini qiymətləndirməli, alqoritmik nəzarət sistemləri tətbiq etməlidir. Əks halda, onların qlobal dövriyyəsinin 6%-ə qədər cərimə olunma ehtimalı var.

Almaniya: NetzDG - rəqəmsal mühitin hüquqi müdafiəsi üçün ilk presedent

2017-ci ildə qəbul edilən "Rəqəmsal Mühitin Müdafiəsi Haqqında Qanun" - daha çox NetzDG kimi tanınan hüquqi akt - sosial şəbəkələrə aydın mesaj verdi: açıq-aşkar qanunsuz kontent 24 saat ərzində silinməlidir. Qanun Almaniyanı Avropada ilk bu istiqamətli hüquqi mexanizm yaradan ölkəyə çevirdi. 2022-ci ilin yekunlarına görə, qanun çərçivəsində 900 mindən çox şikayət qeydə alınıb, yüzlərlə sanksiya tətbiq edilib. NetzDG-in əsas hədəfləri arasında dezinformasiya, təhdidlər, təhqir və siyasi manipulyasiya kimi hallar var. Qanun platformaların ölkə daxilində rəsmi nümayəndə təyin etməsini də tələb edir.

Fransa: seçki ərəfəsində informasiyanın müvəqqəti bloklanması

Fransa 2018-ci ildə qəbul etdiyi 2018-1202 saylı qanunla seçki təhlükəsizliyinə fokuslandı. Bu qanun hökumət tələbi ilə məhkəməyə seçkiyə üç ay qalmış yalan məlumat yayan platformaları bloklamaq hüququ verir. 2022-ci il seçkiləri zamanı bu qanunun tətbiqi nəticəsində xarici strukturların nəzarətində olan üç informasiya kanalı bloklanıb.

Ukrayna: bloklama siyasəti və media islahatı

2014-cü ildən etibarən Ukrayna sistemli şəkildə rus mənşəli KİV və platformaları (o cümlədən VKontakte, Odnoklassniki, Yandex, Mail.ru) qadağan edib. 2022-ci ildə qəbul edilən "Media haqqında Qanun" isə televiziyalar, radiolar, onlayn media və hətta bloqerləri vahid hüquqi sistemə daxil etdi. Müharibə şəraitində bu qanun xüsusi səlahiyyətlər verir: dezinformasiya yayan resurslar Milli Şura qərarı ilə operativ şəkildə bloklana bilər.

ABŞ: ifadə azadlığı ilə kəşfiyyat təhlükəsizliyi arasında tarazlıq

Birinci düzəlişin verdiyi geniş ifadə azadlığı çərçivəsində ABŞ birbaşa senzura yolunu seçmir. Bunun əvəzinə hüquqi infrastruktur üzərində işləyir:

1938-ci il tarixli FARA (Xarici Agentlərin Qeydiyyatı Haqqında Qanun) xarici təsir daşıyan şəxsləri, o cümlədən media subyektlərini qeydiyyata almağa məcbur edir; 2023-cü ildə Foreign Malign Influence Center - Xarici Zərərli Təsirlər Mərkəzi yaradılıb, məqsədi xaricdən gələn informasiya hücumlarını analiz etməkdir; TikTok və digər Çin mənşəli tətbiqlər ABŞ-da hüquqi təzyiq altındadır. 2024-2025-ci illərdə Konqresdə TikTok-un qadağan olunması ilə bağlı məsələ müzakirə edilib. Amerika yanaşması Avropa İttifaqından fərqli olaraq senzura deyil, şəffaflıq və özəl sektorla könüllü əməkdaşlıq üzərində qurulub.

Türkiyə: informasiya manipulyasiyası - milli suverenlik üçün təhdid

Türkiyənin baxışında dezinformasiya təkcə jurnalistika əxlaqının problemi deyil - bu, strateji müstəqilliyə yönəlmiş hibrid hücumdur. Ankara bu məsələni birbaşa milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. 2016-cı il çevriliş cəhdindən sonra bu yana informasiya manipulyasiyaları dövlətə qarşı sabotaj mexanizminin bir hissəsi kimi dəyərləndirilir.

2022-ci ilin oktyabrında Türkiyə Böyük Millət Məclisi 7418 saylı "Dezinformasiya ilə mübarizə haqqında Qanun" qəbul etdi. Qanun həm Cinayət Məcəlləsinə, həm də Mətbuat Qanununa dəyişiklik edərək, ictimai təşviş, qorxu və panika yarada biləcək yalan məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Cəza - maksimum 3 il azadlıqdan məhrumetmədir.

Qərb ölkələrindən və QHT-lərdən səslənən tənqidlərə Türkiyə rəhbərliyi qəti cavab verdi: "Bizim üçün əsas məsələ - türk xalqının informasiya təhlükəsizliyidir, yoxsa hansısa beynəlxalq standartların kağız üzərindəki təqdimatı deyil."

Qanunun əsas müddəaları:

Sosial şəbəkələr və mesencerlər vasitəsilə yayılan feyk xəbərlər üçün hüquqi məsuliyyət; Məlumat yayan şəxsin IP-ünvanları və rəqəmsal izlərinin saxlanması tələbi; Provayderlər Türkiyədə rəsmi nümayəndə təyin etməlidir - əks halda cərimə və trafik məhdudiyyəti tətbiq olunur. Bu model ölkə daxilində dəstək qazanıb: OPTİMAR şirkətinin 2023-cü il sorğusuna əsasən, türkiyəli vətəndaşların 64%-i internetdə yalan məlumat yayanların cəzalandırılmasını dəstəkləyir. Xüsusilə ordu, təhlükəsizlik və dini dəyərlərlə bağlı yalanlar cəmiyyətin "qırmızı xətti" sayılır.

2023-cü ildə Prezident Rəcəb Tayyib Ərdoğan "Rəqəmsal terror və informasiya müdaxiləsinə qarşı mübarizə" haqqında direktiv imzalayıb. Sənəddə qlobal platformaların "qeyri-milli", "suverenliyi tanımayan" subyektlərə çevrildiyi və Türkiyəyə qarşı qərəzli alqoritmlərlə işlədikləri vurğulanır.

Türkiyə dezinformasiyaya qarşı yalnız bloklama ilə kifayətlənmir - Ankara bu sahədə tammiqyaslı institusional model qurur. Cavab tədbirləri aşağıdakılardır:

Məlumatların lokallaşdırılması ilə bağlı tələblər sərtləşdirildi; İnformasiya Texnologiyaları və Əlaqə Qurumunun (BTK) səlahiyyətləri genişləndirildi; Prezident Administrasiyası yanında yeni qurum - Dezinformasiya ilə Mübarizə üzrə Milli Mərkəz yaradılması təşəbbüsü irəli sürüldü. Bu strategiyanın əsas məqsədi sadəcə feyk xəbərləri susdurmaq deyil. Hədəf - çevik reaksiya imkanına malik, strateji cavablar verən, izahat verən və hücumları zərərsizləşdirən dövlət infrastrukturu qurmaqdır. Xüsusən də beynəlxalq müstəvidə.

Bir çox ölkə "yumşaq tənzimləmə" yolunu seçdiyi halda, Türkiyə ardıcıl şəkildə rəqəmsal platformaları milli qanunvericiliyə tabe olmağa məcbur edir. Bu çərçivədə aşağıdakı tədbirlər tətbiq olunur:

Facebook, Twitter, TikTok və YouTube kimi platformalar Türkiyədə rəsmi nümayəndəlik açmalıdır. Əks təqdirdə - 30 milyon lirəyə qədər cərimə və trafikə 90%-lik məhdudiyyət tətbiq olunur; Türkiyə məhkəmələrinin bloklama qərarları mütləq icra edilməlidir; İstifadəçi məlumatları Türkiyədə saxlanmalıdır. Bu yanaşma təkcə hakimiyyət deyil, hətta oppozisiya qüvvələri tərəfindən də dəstəklənir. Çünki Türkiyə informasiya suverenliyini qorumaqla sadəcə hökuməti yox, dövlətin beynəlxalq subyektliyini müdafiə etdiyini nümayiş etdirir.

2023-cü ilin fevralında baş vermiş dəhşətli zəlzələ zamanı sosial şəbəkələrdə yayılan saxta məlumatlar - "yeni təkanlar gözlənilir", "yüz minlərlə insan həlak olub", "bəndlər uçub" kimi xəbərlər - ictimai təşvişi artırdı. Bu səbəbdən hökumət Twitter-ə müvəqqəti giriş məhdudiyyəti tətbiq etdi. Məqsəd senzura yox, xaotik və yalan informasiyanın qarşısını almaq idi. Müzakirələr və platforma rəhbərliyi ilə dialoqdan sonra giriş bərpa olundu və zərərli kontentin filtrasiyası ilə bağlı razılıq əldə edildi.

Prezident Administrasiyası nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi hər gün:

rəsmi təkziblər, izahedici bülletenlər, təhlil və açıqlamalar dərc edir. 2024-cü ilin əvvəlində mərkəzin fəaliyyəti aşağıdakı göstəricilərlə xarakterizə olunurdu:

4 dildə yayımlanan 980-dən çox rəsmi təkzib; Suriya, PKK, seçkilər, ordu və iqtisadiyyat kimi mövzularda sistemli dezinformasiya bazası yaradılıb; Şübhəli kontentlər barədə şikayət üçün "qaynar xətt" açılıb - müraciətlər 3 saat ərzində analiz olunur. Bu mexanizm xüsusilə seçki dövrlərində və beynəlxalq gərginlik fonunda - məsələn, Qəzza münaqişəsi, Liviyadakı vəziyyət, AB ilə danışıqlar zamanı çox effektiv işləyib.

Türkiyə rəqəmsal korporasiyaları sadəcə texnoloji şirkətlər yox, qeyri-milli siyasi aktorlar kimi qiymətləndirir. Bu reallıqda dövlətin xalqı manipulyasiyalardan qoruması qanuni, məntiqli və vətəndaşla dövlət arasında etimad körpüsünü gücləndirən bir yanaşmadır.

Türkiyə ifadə azadlığını rədd etmir - o, rəqəmsal həqiqət inhisarını rədd edir. Və məhz bu səbəbdən Ankara modeli, qlobal təzyiqlər fonunda informasiya suverenliyini qorumaq istəyən digər dövlətlər üçün nümunəvi yanaşmadır.

Baltikyanı ölkələr: fövqəladə yanaşma

Estoniya 2023-cü ildə Təhlükəsizlik Qanununa dəyişiklik edərək, genişmiqyaslı dezinformasiyanı "qeyri-rəsmi informasiya aqressiyası" kimi tanıdı. Bu hüquqi baza Daxili Təhlükəsizlik Xidmətinə saytları məhkəməsiz bağlamaq hüququ verir.

Latviya isə bu yanaşmanı Media Haqqında Qanuna əlavə dəyişikliklərlə təsbit edib. 2022-ci ildə Latviya Yayım Komissiyası "Dojd" telekanalının lisenziyasını silahlı aqressiyanı dəstəklədiyi təfsir olunan ifadələrə görə ləğv etdi.

Azərbaycanın institusional yanaşması: hüquqi müstəvidən rəqəmsal gigiyenaya doğru

2020-ci illərin əvvəlindən etibarən Azərbaycan informasiya məkanının dezinformasiya, kiberhücumlar və xarici manipulyasiyalardan qorunması istiqamətində kompleks və çoxşaxəli dövlət strategiyası qurmağa başlayıb. Bu strategiya qanunvericilik təşəbbüsləri, inzibati mexanizmlər və maarifləndirici proqramların vəhdətindən ibarətdir - məqsəd, cəmiyyətin rəqəmsal davamlılığını təmin etməkdir.

2021-ci il dekabrın 30-da Milli Məclis Azərbaycan Respublikasının "Media haqqında" Qanununu (№ 471-VIQ) qəbul etdi. Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minib və ölkənin media mühitində mühüm mərhələ yaradıb.

Yeni hüquqi mexanizmə əsasən:

bütün media subyektləri və jurnalistlər dövlət reyestrində qeydiyyatdan keçməlidirlər, bu proses Media İnkişafı Agentliyi (MEDIA) tərəfindən aparılır; qeydiyyatsız media subyektlərinə fəaliyyətə rəsmi icazə verilmir; xarici maliyyələşmə qadağan olunur, siyasi partiyalar yalnız çap mediası yarada bilər. Bu tədbirlər informasiya suverenliyinin möhkəmləndirilməsinə, xarici təsirin azaldılmasına və mediada şəffaflıq mühitinin yaradılmasına xidmət edir.

Müharibə şəraiti və fövqəladə hallar zamanı dezinformasiya yayanlara qarşı məsuliyyət daha da sərtləşdirilib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən:

konstitusiya quruluşuna və dövlət təhlükəsizliyinə qarşı yönəlmiş, ictimai təşviş yarada biləcək saxta məlumatların yayılması cinayət məsuliyyəti yaradır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə görə:

media qanunvericiliyini və ictimai qaydanı pozan məlumatların yayılması inzibati məsuliyyətə səbəb olur. 2022-ci ildən etibarən Prezident Administrasiyası nəzdində fəaliyyət göstərən Dezinformasiya və Kiberhücumların Təhlili Mərkəzi bu sahədə koordinasiya edən əsas struktur kimi çıxış edir. Mərkəzin əsas funksiyaları:

informasiya məkanının davamlı monitorinqi; dezinformasiya və kiberhücumların təhlili və təsnifatı; ictimaiyyəti məlumatlandıran rəsmi hesabatlar və xəbərdarlıqların dərc edilməsi; dövlət orqanları və beynəlxalq tərəfdaşlarla informasiya mübadiləsi və əməliyyat koordinasiyası. Azərbaycan, həmçinin, radikal çağırışlar, separatizm və beynəlxalq nifrət təşviq edən internet resurslarının bloklanması siyasətini həyata keçirir. Bu bloklamalar müvafiq məhkəmə və inzibati qərarlar əsasında, qüvvədə olan qanunvericiliyə uyğun şəkildə aparılır.

2022-ci ildən bəri Təhsil Nazirliyi və Media İnkişafı Agentliyi tərəfindən "Mediada Etibar" adlı genişmiqyaslı maarifləndirmə proqramı reallaşdırılır. Proqramın məqsədi:

gənclər və müəllimlər arasında rəqəmsal savadlılığı artırmaq; dezinformasiyanı ayırd etmək, informasiya ilə özünüqoruma bacarıqlarını inkişaf etdirmək; tənqidi düşüncə vərdişlərini formalaşdırmaq. Rəsmi statistikaya görə, artıq 12 000-dən çox məktəbli bu proqram çərçivəsində təlim alıb.

Azərbaycanın informasiya təhlükəsizliyi siyasəti aşağıdakı elementləri birləşdirir:

Hüquqi əsas - müasir qanunvericilik və normativ mexanizmlər; İnzibati infrastruktur - dövlət agentlikləri və xüsusi mərkəzlərin koordinasiyalı fəaliyyəti; Maarifləndirmə - uzunmüddətli təlim proqramları və informasiya savadlılığının artırılması. Bu çoxsəviyyəli sistem qlobal informasiya hücumları fonunda Azərbaycanın milli təhlükəsizliyini, informasiya suverenliyini və cəmiyyətin rəqəmsal davamlılığını təmin etməyə yönəlib.

Azərbaycan modeli bir şeyi aydın şəkildə göstərir: informasiya sahəsində də müstəqillik və təhlükəsizlik yalnız tanklarla deyil, məlumatla və maarifləndirmə ilə qorunur. Bu, XXI əsrin müasir milli müdafiə doktrinasıdır.

Şəffaflıqdan savadlılığa və dayanıqlılığa doğru

Həqiqətin artıq onu deyənlərə deyil, onu formalaşdıranlara məxsus olduğu bir dövrdə, hər bir dövlət qarşısında fundamental seçim dayanır: xarici narrativlərin obyekti olmaq, yoxsa öz informasiya taleyinin subyekti kimi çıxış etmək.

Dezinformasiya sadəcə rabitə səs-küyü deyil, jurnalistin texniki səhvi də deyil. Bu, düşüncəyə, inama və suveren təfəkkürə qarşı yönəlmiş planlı hücumdur. Sosial toxumanı sökmək, institutların legitimliyini sarsıtmaq və milli iradəni çaşdırmaq üçün istifadə edilən strateji təsir alətidir.

Azərbaycan - öz üzərindən informasiya sabotajlarının, böhtan kampaniyalarının, geosiyasi feyklərin saysız-hesabsız dalğasını keçirmiş bir ölkə olaraq - başa düşdü: XXI əsrdə sərhədlər artıq keçid məntəqələrindən yox, xəbər başlıqlarından, axtarış sistemlərindən və alqoritmik sıralamadan başlayır.

Bu səbəbdən də Bakı informasiya təhlükəsizliyini qadağalar üzərində deyil, uzunmüddətli etimad arxitekturası üzərində qurur - dövlətlə vətəndaş, həqiqətlə onun daşıyıcısı arasında.

Bu gün Azərbaycanda "dezinformasiya" sözü boş ritorika deyil - bu, hüquqi statusa malik, institusional olaraq tanınmış və strateji səviyyədə dərk edilmiş çağırışdır. Bu, repressiya aləti deyil, milli rəqəmsal immun sisteminin yaradılmasına təkan verən amildir.

"Media haqqında" Qanun, Dezinformasiyanın Təhlili Mərkəzi, maarifləndirmə təşəbbüsləri, beynəlxalq tərəfdaşlıq - bunların hamısı vahid informasiya fəlsəfəsinin elementləridir. Bakı təhdidə reaksiya vermir - gələcəyin cavabını özü layihələndirir.

Bu cavabda isə bir özəllik var. Azərbaycan nə rəqəmsal koloniyadır, nə qlobal platformaların vassalı, nə də başqasının narrativini daşıyan donor ölkə. Bakı transmilli oyunçulardan informasiya özünütəyin hüququna hörmət tələb edir. O, Kaliforniya alqoritmlərinin Şamaxıda şagirdin, Gəncədə müəllimin nə düşünəcəyinə qərar verməsi ilə barışmır.

Amma Bakı informasiya divarı tikmir - intellektual qalalar qurur. Danışmağa qadağa qoymur - deyilənə görə məsuliyyət tələb edir. Sözdən qorxmur - yalanın azadlıq donuna bürünməsindən qorxur.

Məhz bu səbəbdən, Azərbaycanda dezinformasiya ilə mübarizə qadağalarla yox, maarifləndirmə ilə aparılır. Qorxu ilə deyil, yetkinliklə. Nəzarətlə deyil, rəqəmsal ləyaqətlə.

Dünya qarışıq və sürətli transformasiya dövrünə girir - sərhədlər artıq çaylarla, dağlarla deyil, xəbər lentlərində, sosial media şərhlərində, klik tələlərində çəkilir. Bu dünyada ən çox bloklayan yox, ilk sistemli, dayanıqlı, hüquqi və intellektual informasiya suverenliyi modeli quranlar qazanacaq.

Azərbaycan artıq bu yola çıxıb. Çağırışlardan yayınmır. Onları sənədləşdirir, təhlil edir və institusional qərarlara çevirir. O, həqiqətin manipulyasiyanın qurbanına çevrilməsinə imkan vermir - onu idarə olunan strateji resursa çevirir.

Gələcək özü gəlməyəcək. Onu qorumaq lazımdır. Xüsusən də informasiya dövründə - harada ki, reallıq hər gün uydurma ilə yarışır.

Əgər bu dünyada həqiqət üçün bir ümid yeri qalacaqsa, o ancaq həqiqətin maraqları yox, ləyaqəti təcəssüm etdirdiyi ölkələrdə olacaq.

Azərbaycan məhz bunu edir. Öz dilində. Öz qanunları ilə. Öz vətəndaşlarının naminə.

Bu - onun yoludur. Bu - onun modelidir. Bu - onun suverenliyidir.

Zelenski orduda kadr dəyişikliyi edəcək like
  • 04 İyn 18:00  
Dünya Zelenski orduda kadr dəyişikliyi edəcək

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklik

arrow Ətraflı
Baku Piano Festival 2025 gəlir like
  • 04 İyn 17:43  
Kriminal Baku Piano Festival 2025 gəlir

Qarşıdan Bakıda yayın ən maraqlı musiqi hadisələrindən biri - Bakı Pia

arrow Ətraflı
Suriyaya gedən 13 azərbaycanlı ölkəyə gətirildi like
  • 04 İyn 17:38  
Dünya Suriyaya gedən 13 azərbaycanlı ölkəyə gətirildi

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyal

arrow Ətraflı
" Aygün Kazımovaya söz deyəni verilişdən qovardım" like
  • 04 İyn 17:35  
Şou-biznes " Aygün Kazımovaya söz deyəni verilişdən qovardım"

Müğənni Mətanət Əsədova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Azərbaycanda qanunsuz dini təbliğatın qarşısı alındı  DTX və DMX hərəkətə keçdi like
  • 04 İyn 17:23  
Digərləri Azərbaycanda qanunsuz dini təbliğatın qarşısı alındı DTX və DMX hərəkətə keçdi

Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hü

arrow Ətraflı
Bu böcəyi diri tutanlara pul mükafatı verilir  23 ədədi 1 manatdan like
  • 04 İyn 17:15  
Digərləri Bu böcəyi diri tutanlara pul mükafatı verilir 23 ədədi 1 manatdan

Türkiyənin Ordu vilayətində kənd təsərrüfatı üçün ciddi təhlükə h

arrow Ətraflı
Sabahdan leysan olacaq, sulu qar yağacaq  XƏBƏRDARLIQ like
  • 04 İyn 17:08  
Digərləri Sabahdan leysan olacaq, sulu qar yağacaq XƏBƏRDARLIQ

Azərbaycanda iyunun 5-i gündüz şimal və qərb rayonlarından başlayaraq 7-

arrow Ətraflı
ABŞdə yaşayan azərbaycanlı aparıcı ana olacaq  FOTO like
  • 04 İyn 17:00  
Şou-biznes ABŞdə yaşayan azərbaycanlı aparıcı ana olacaq FOTO

Xəbər verdiyimiz kimi, teleaparıcı və aktrisa Səhər Əkbər ailə quraraq

arrow Ətraflı
Rusiya Xarkovu dron və raketlərlə atəşə tutdu like
  • 04 İyn 16:55  
Digərləri Rusiya Xarkovu dron və raketlərlə atəşə tutdu

İyunun 3-dən 4-nə keçən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən Uk

arrow Ətraflı
Bu yaşda LeyliMəcnun olar?  Xalq artisti ittihamlara cavab verdi like
  • 04 İyn 16:39  
Kriminal Bu yaşda LeyliMəcnun olar? Xalq artisti ittihamlara cavab verdi

Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova sosial şəbəkədə

arrow Ətraflı
Təbiətə 45 min manat ziyan vuruldu  Cinayət işi açıldı like
  • 04 İyn 16:26  
Digərləri Təbiətə 45 min manat ziyan vuruldu Cinayət işi açıldı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətənd

arrow Ətraflı
Sabirabadda yanğında ölən ailənin like
  • 04 İyn 16:19  
Digərləri Sabirabadda yanğında ölən ailənin

Xəbər verdiyimiz kimi, Sabirabad rayonu Muğangəncəli kəndində fərdi yaş

arrow Ətraflı
Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər like
  • 04 İyn 16:15  
Digərləri Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Əmək qanunvericiliyində bir sıra dəyişikliklər gözlənilir. Bunlardan bi

arrow Ətraflı