Yaxacırma, qışqırbağır, tər iyi: bu adamlar bizi aldadır,


Digərləri 09 Dek 2022 10:14:00 107 0

Yaxacırma, qışqırbağır, tər iyi: bu adamlar bizi aldadır,

Əminəm ki, yazını oxuyan teatrşünaslar (hansı ki bizdə ümumiyyətlə yoxdur), rejissorlar, ssenaristlər, aktyor və aktrisalar formalaşdırdıqları leksikonun yarısını əhatə edən effektsiz, təsir gücü olmayan köhnə atmaca və söyüşəbənzərləri özləri yazmasalar da, 5 manatlıq "teatr fanatları", 50 manata yazı silən jurnalistlərə yazdıracaqlar.

Bu, ümumiyyətlə mənim vecimədirmi, nə yalan deyim, yox.

Uzaqbaşı, teatrşünas olmadığıma görə danlayıb, yazının bu səbəbdən də əhəmiyyət kəsb etməyinə var gücləri ilə dirənəcəklər.

Klassik Azərbaycan teatrı necə olub, nə edib, keçmişdə qalıb. Ötən əsr üçün teatrın varlığı belə qeyri-real hadisə idi. Bu, o dövrlər idi ki, bütün dünyada necə idisə, bizdə də elə idi. Hətta qulağımızın dibində yaşayan yekə-yekə dövlətlər var ki, onların hazırkı teatrı Azərbaycan teatrının yarandığı ilk illərindən belə aşağı səviyyədədir. Yəni nə olacağam yox, nə oldum deyək.

Siyasət də yeri gələndə teatrdır, səhnədir. İzləyənlər, marağı olanlar bilir ki, artıq nə dünyada, nə də Azərbaycanda bir-birinə külqabı atan, şillə vuran, danışanda pafosdan yaxasının düymələri öz-özünə açılan siyasətçilər demək olar ki, qalmayıb. O ki qaldı teatra, dünya teatrı pafosu, tər iyini, qışqır-bağırı, sinəcırmanı o dünyaya göndərib, halvasını da bişirib.

Bizdə isə "klassik teatr" , "klassik aktyorluq" adı altında tamaşaçı ələ salınır. Ümumiyyətlə istər incəsənət, ədəbiyyat, musiqi olsun, istər kino olsun, hansısa standar qoymaq, hansısa qəliblə yaşamaq sadəcə bədbəxtlikdir. O qəlibi də haçansa sənin, mənim kimi insanlar yaradıb. Yaradıblar, siz də illərdir, bu qəliblə başınızı girələyirsiniz.

Girələmək deyəndə ki, bu sahədəkilərin hamısı yalnız baş girələmir. Teatr sahəsində istər aktoyr tayfası olsun, istərsə də rejissor kifayət qədər yaxşı qaz vurub qazan dolduranlar, özünü Stanislavkinin əlahiddə varisi elan edənlər də az deyil. Dünyada bəlkə də hər şey dəyişəcək. Ancaq mənə elə gəlir ki, Azərbaycan mədəniyyəti və incəsənətində başını aşağı salıb, "Fatı otur, Fatı qalx" prinsipilə yaşayan, teatrdan çox kabinetlər gəzənlər heç vaxt ölüb qurtarmayacaq. Onlar bir reallıqdır, əbədidir, əzəlidir, həmişəyaşar və həmişəyaşıldır. Bu adamlar "nıççç, teatr belə olmur", "nıççç oyun belə olmur" hökmünü o qədər rahatlıqla verirlər ki, inanmaq istəyirəm ki, dövlət hesabına Avropa ölkələrinə qastrollara gedəndə o ölkənin teatr tamaşalarını izləməklə vaxt keçirirlər.

Bu adamlar Azərbaycan tamaşaçısını aldadır, ələ salır, lağa qoyur. Adamın pafosdan, tər iyindən ürəyi bulanır. Səhnədən piştaxta arxasından qışqırırmış kimi özünə əl qatan aktyorlar, kulisdən "dozanı bir az da artır" deyib işarı edən rejissorlar hazırkı dünya teatrından xəbərsizdir.

Həm də təxminən 30 ildən çoxdur ki, incəsənətin bütün sahələrində intellektual səviyyəsi aşağı olan, istedadsız nə qədər adam varsa, onların ürəyini qırmamaq üçün gözəl söz tapıblar - ürəyi var. Yaxşı görək!

Teatr reallıqdır, real həyatdır. Real həyat beyinlə yaşanmalıdır, ürəklə yox.

Azərbaycan teatrının boyat ritorikası, qışqır-bağırı, kim daha çox özünə əl qatacaq hikkəsi bitmir. İllərdir, tamaşaçıya minnət vurduqları teatr tozu deyəsən doğru söhbət imiş. Bu adamların ciyərləri tozla dolub.

Ən ağrılısı odur ki, yetişən gənclik də qorxaqdır. Sırf kənarda qalmamaq üçün qoyulmuş standartlarla davam edirlər. Çünki bilirlər ki, bu adamlar fərqliliyə, yeni hər şeyə nifrət edir.

Bu adamlar həm də tayfa təfəkkürlüdür. İstənilən vaxt toplanıb, özləri rəngdə olmayan aktyoru, rejissoru ortadan götürə bilirlər.

Bu adamların hansından soruşsanız, deyəcək ki, tamaşaçı bizə baxmaq üçün gəlir. Əlbəttə, gələn 5-10 nəfər həmişə olacaq. Şairin də dediyi kimi, sizə müasir dünyanı, müasir incəsənəti başa salmaq, dünyaya kor gələn insana göyqurşağının nə olduğunu izah etmək kimi bir şeydir.

Azərbaycan teatrı çoxdandır ki, işdən yorğun çıxıb, evdə uşaqların səsindən yata bilməyənlərin əsnədiyi, "JEK"lərdən zorla göndərilən işçilərin dincini aldığı bir məkana çevrilib. Təbii ki, bunu heç kim etiraf etməyəcək. Təbii ki, heç bir teatr rəhbəri boynuna almayacaq ki, konkret iki-üç yazıçıdan ,iki-üç dramaturqdan başqa heç kimin əsəri səhnələşdirilmir. Heç kim boynuna almayacaq ki, xaricdən gələn təcrübəni qəbul etmək istəmir. Əgər belə deyilsə, bu illər ərzində hansı gənci xaricdə təcrübə üçün göndərmisiniz? Hansı gənc rejissor sizin əlinizdən rahatlıqla özəl teatr təmsil edə bilib? Özəl teatrların qənimisiniz. Yaradılan özəl teatrlar özlərini saxlaya bilmədikləri və ya sizin əlinizdən qastrollara gedə bilmədikləri üçün, məcburən tezliklə dağılır. Qorxudan əsirsiniz. Birdən özəl teatrlara gənclər gələr, yeni stilistika yaranar, yeni nəfəs gələr. Tamaşaçı tərbiyələnər. Ayılar ki, sizin onlara yedirmək istədiyiniz çiy toyuq dadı verir.

Yeri gəlmişkən, bizim teatrda nəfəs yoxdur. Rahatlıq, yüngüllük yoxdur. Qaramat, qışqırıq, pafos olan yerdə nəfəs ola bilməz. Kədər, ölüm belə yüngüllük, rahatlıqla, nəfəslə təqdim edilə bilər. Amma yox. Gərək, səhnədə boğazının damarları çıxana qədər bağıran biri mütləq olsun.

Sizlər, klassik teatr azarkeşisinizsə, hanı klassik teatrın zərafəti, hanı klassik teatrın intellekt yükü?

Azərbaycan teatrında əksər vaxt səhnədən gördüyümüz "bitsə də, getsək" ab-havasıdır. Sanki aktyor avtobusa gecikir, aktrisanın sobada yeməyi var. Bütün sahələrdə olduğu kimi işi uğurla çatdırmaq yox, uğurla yola vermək var. Elə tamaşaçı da bu yolavermə aksiyasına qoşulur. Əksər hallarda tamaşadan yarımıçıq çıxırlar.

İroniya olmayan incəsənət məhvə məhkumdur. Azərbaycan teatrında ironiya kəlməsinə pis baxırlar.

İndiyə qədər oxuduqlarınızı onlar qəbul etməyəcək. Əksinə, deyəcəklər ki, elə o günlərdə fısqırıq teatr festivalı etmişik. Bəli! Oldu. Kənddə bədən tərbiyəsi.

Beş-on buddanın yığışıb, qiymət verdiyi, "nırç, səndən olmaz" dediyi tamaşaların əksəriyyəti fiasko idi. Niyə? Çünki elə qiymətverənlərin özlərinin yetişdirmələri idilər. Onlar öz bəyənmədiklərini illərdir, tamaşaçıya sırıyırlar.

Festivalın reklam və plakatlarında "Şuşaya ithaf olunur" yazılmasaydı, düşünərdim ki, Qaraqum çöllərinin eşqinədir.

Pafos, hikkə, "necə edək, tutuzduraq"dan başqa nə var idi axı? Aralığa salıb, rejissor jurnalistə söydü, ağsaqqallar şurası yenidən gündəmə gəldi. Buddalar yenə də hikkə yarışına girdi. Dəxlisiz, çəlimsiz tamaşaları ərinmədən xaricdən gələn jüriyə də göstərdilər.

O dünya varsa, insafsızlığa görə diri-diri yandırılmamaq üçün deyim ki, baxmaq mümkün olan tamaşalar da var idi. Yazının sifarişli olduğunu iddia etməsinlər deyə ad çəkmədən qeyd edim ki, aktyor oyunu, rejissor işi olanında mətn yox idi. Əksinə, mətn olanda da aktyor yaxasını cırıb, teatra imamhüseyn məclisi düzəltmişdi.

Qarabağ, Şuşa kəlməsi hazırda istismar olunur. İllərlə bu kəlməni ağzına almayanlar indi vətənsevər olub. Vətənsevərlilik, hərənin öz sahəsində vicdanla işləməyindən başqa bir şey deyil. Millətə kifləmiş teatr göstərib, vətəni sevmək mümkün deyil.

Mənim vətən sevgiometrim yoxdur. Heç kimin vətənpərvərliyini ölçmək haqqım yoxdur.

Bircə onu bilirəm ki, səmimi deyillər. Mən, bunu 3000 km uzaqlıqdan da hiss edirəm.

Əgər baxmayanlar varsa, münsiflər heyətinin hər tamaşadan sonra müzakirə videolarına baxsınlar. Əsl tamaşa bax, odur.

Məsələn, biri aktrisa üçün deyir ki, sənin səmimiyyətin məni riqqətə gətirdi. Dəhşət səmimi aktrisasan. Vauu. Səmimiyyət göstəricisi isə bundan ibarət idi ki, aktrisa qəşəng ağlaya bilir.

Digəri isə deyir ki, tamaşa çox yaxşıdır, amma nəsə çatmır. Tamaşa isə stullardan ibarətdir.

Və ya biri qəfil deyir ki, şaman belə olmur. Ok. Necə olur?

Biri də həyəcanlanıb, deyir ki, ümumiyyətlə poninin başına belə oyun açmazlar.

İdeya verirəm, münsiflərin çıxışlarını toplayın. Netflix ölür belə anderqraund üçün.

Vətənsevərlilik, Qarabağ, türklük coğrafiyayla, qanla deyil. Təfəkkür formasıdır, mahiyyətdir. Mahiyyətdə olmadıqdan sonra, boğazdanyuxarı olduqdan sonra təbii ki, bu mövzularda buddalıq eləmək çətin olur.

Bunlar bir qırağa, festivalın şərtlərinə zidd olsa da, aylardır, oynanılan tamaşaya hələ yer də verdilər. Necə deyərlər, qərdeşlik sağ olsun. Teatr olmasa da olar.

Deyəcəklər ki, tamaşaçı əlindən tərpənmək mümkün deyildi. Hər aktyorun 5 qohum-əqrəbası, hər rejissorun 5 rəfiqəsi gəlsə, salonu doldurmaq mümkündür. Bütün hallarda tamaşaçı hələ göstərici deyil. Çünki fərqli dadlar, fərqli estetika görməyən tamaşaçıya "teatr elə belə olur" demək asandır.

Yeri gəlmişkən, Azərbaycanın incəsənət adamlarının sayəsində "estetika" kəlməsinə illərdir ki, bütün qəlbimlə nifrət edirəm. Çünki bu adamlar özlərini inandırdıqları doqmaları millətə estetika kimi sırıyır.

Dünya incəsənəti estetikanın dünyasını dəyişməyinin yetmişini qeyd edir. Estetika ilğımdır. Yoxdur. Yaxşı oyun var, intellektual tamaşa var, istedadlı aktyor var. Bu qədər.

Bu yaxınlarda Allahın geridə qalmış bir ölkəsində kranın üstündə tamaşa olacaq. Bizdə hələ də 100 il əvvəlki palçıqlı qaloşla incəsənətin üstündə bir yığın adam var-gəl edir. Ən xırda yeniliyi belə epataj kimi qəbul edirlər.

Kənddə bədən tərbiyə dərsiniz bol olsun. Canınız sağ olsun. Hələ qırx il də tamaşaçını köhnə hamamda köhnə tasla yuyundurmağa davam edəsiniz.

Günay Arda Son.az