2023cü ildə neft neçəyə olacaq


Digərləri 08 Dek 2022 08:24:00 101 0

2023cü ildə neft neçəyə olacaq

Artıq 2022-ci ilin sonuncu ayındayıq və növbəti ildə Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinin hansı həddə olacağı çoxlarını maraqlandırır. Həddən artıq sürətli dəyişikliklərin yaşandığı neft bazarına dair beynəlxalq analitik mərkəzlərin proqnozları diqqətlə izlənilməkdədir. Bir tərəfdən qlobal iqtisadiyyatda gedən proseslər, digər tərəfdən Rusiyanın Ukraynadakı işğalçı müharibəsi proqnozların dəfələrlə korrektə olunmasına səbəb olur...

Qeyd edək ki, dekabrın ilk günlərindən volatilliyin artdığı dünya bazarında neftin qiyməti kəskin şəkildə ucuzlaşmaqdadır. Son 1 ilə yaxın dövrdə ilk dəfə Brent neftinin qiyməti 80 dollardan aşağı düşüb. Dekabrın 7-də birjalarda Brent 78 dollar, WTI nefti isə 73 dollara ticarət olunmağa başlayıb. Rusiya neftinə qarşı qiymət tavanının tətbiq, Avropa İttifaqının onun alışından demək olar ki, tamamilə imtina etməsi, Moskvanın ixracı kəskin azaltmaq hədələri fonunda qiymətlərin yüksəlmək əvəzinə sürətlə enməsi dünya iqtisadiyyatında gedən proseslərlə əlaqələndirilir. Belə ki, noyabrda ABŞ-da inflyasiyanın artım tempinin yavaşımasına rəğmən Federal Ehtiyatlar Sisteminin(FED) işgüzar aktivliyin yüksəlməsindən istifadə edərək uçot dərəcəsini artırmaq siyasətini davam etdirəcəyi ehtimalını gücləndirilib. Bu isə ABŞ-da iqtisadi artımın zəifləməsi, resessiyanın qeydə alınması gözləntilərinin artmasını şərtləndirir.

Son.az musavat.com-a istinadən bildirir ki, dünyanın ən böyük istehsalçısı və istehlakçısı olan Çində hökumət kütləvi etirazlar fonunda bəzi anticovıd məhdudiyyətlərini yumşaltsa da, "sıfır yoluxma" siyasətinin davam etdiriləcəyini açıqlayıb. Bu isə ölkədə iqtisadi göstəricilərin pisləşməsinin davam edəcəyi deməkdir. Noyabra dair açıqlanan məlumatlardan aydın olur ki, Çinin ixrac və idxalında ciddi azalma var. Çin Baş Gömrük İdarəsinin məlumatına əsasən noyabrda ölkənin ixracı illik ifadədə 8,7 faiz azalaraq 296,1 milyard dollar təşkil edib. Halbuki "The Wall Street Journal" analitikləri cəmi 2 faizlik azalma proqnozlaşdırmışdılar. Çin ixracının ikinci aydır davam edən azalmasını ekspertlər qlobal iqtisadi artımın zəifləməsi nəticəsində dünyada tələbin azalması ilə izah edirlər.

Noyabrda Çinin idxalında azalma daha çox olub: illik ifadədə 10,6 faiz. Çin ötən ay 226,2 milyard dollarlıq mal və məhsul idxal edib. İqtisadçılar Çin idxalında 4 faizlik azalma proqnozlaşdırmışdılar.

Digər məhsullarla yanaşı, noyabrda Çinin neft-qaz idxalı da azalıb. Belə ki, yanvar-noyabrda Çin xaricdən keçən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz az - 99 milyon ton qaz, 1,4 faiz az - 460 milyon ton neft alıb. Daş kömür idxalı isə 10,1 faiz azalmaqla 262,4 milyon ton təşkil edib.

Göründüyü kimi, pandemiya məhdudiyyətləri Çin iqtisadiyyatına böyük zərbə vurmağa davam edir. Zərbənin təsiri isə bütün dünya iqtisadiyyatında hiss olunur.

EIA 2021-ci il üçün neft qiymətləri proqnozunu artırıb

Dünyanın daha bir iqtisadi mərkəzində - Avropa Birliyi və Böyük Britaniyada da iqtisadiyyatdakı ciddi problemlər davam edir. Doğrudur, Avropa İttifaqında ilin üçüncü rübündə iqtisadi artım qeydə alınıb, lakin ekspertlər 2023-cü ilin ilk rübündən etibarən artımın azalma ilə əvəz olunacağı qənaətindədirlər. "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna əsasən Qərbi Avropa ölkələrinin maliyyə və bank sektorunda 2023-cü ildə azalma qeydə alınacaq: "İqtisadi artımın yavaşlaması, yüksək inflyasiya və artan faiz dərəcələri səbəbindən 2023-cü ildə borcalanlara təzyiqin artacağını gözləyirik. Bununla belə, Qərbi Avropa banklarının reytinqlərinin 90 faizi stabil proqnozdadır, reytinq yüksəkliyi 2022-ci ildə artan gəlirlər və son illərdə yığılmış kapital ehtiyatları ilə gücləndirilib".

Fitch 2023-cü ildə avrozonada (Almaniya və İtaliya tərəfindən idarə olunur) və Böyük Britaniyada tənəzzül və digər Qərbi Avropa ölkələrində zəif ÜDM artımı gözləyir: "Almaniya, İtaliya və Böyük Britaniyanın bank sektorunun proqnozları əsasən tənəzzül təzyiqləri perspektivi səbəbindən pisləşir. Bunun əksinə olaraq, digər Qərbi Avropa ölkələrində bank sektorunun proqnozları neytraldır və bu, aktivlərin keyfiyyətinin aşağı düşməsi, aşağı risklərin azaldılması və yüksək faiz dərəcələrinin gəlirlərə müsbət təsiri ilə bağlı gözləntilərimizi balanslaşdırır".

Artıq əksər analitik mərkəzlər baş verənləri nəzərə almaqla  2023-cü ildə neft hasilatı, dünya bazarında tələb və təklif, həmçinin neftin qiymətinə dair proqnozlarında ciddi dəyişikliklər edirlər. JPMorgan analitiklərinin proqnozuna əsasən 2023-cü ildə neftin orta qiyməti 92 dollar ətrafında olacaq.

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) 2023-cü ilda dünyada maye karbohidrogenlərə olacaq  gündəlik qlobal tələbata dair proqnozuna azalma istiqamətində dəyişiklik edib. Quruma görə, gələn il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100,82 milyon barel səviyyəsində olacaq. Bu, əvvəlki proqnozla müqayisədə 0,16 milyon barel azdır.

Agentliyin aylıq hesabatına əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik orta tələbat 99,82 milyon barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Qeyd edək ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,43 milyon barel olub

EIA neft qiymətlərinə dair proqnozlarına da dəyişiklik edib. Agentlik hesab edir ki, 2022-ci ilin yekununda "Brent" markalı neftin orta qiyməti 102,13 dollar deyil, 101,48 dollar təşkil edəcək. 2023-cü ildə isə neftin orta qiyməti 92,36 dollar təşkil edə bilər, bu da noyabrda verilən proqnoz göstəricidən 2,97 dollar aşağıdır.