Ukrayna soyuq və işıqsız şəraitdə də döyüşəcək


Siyasət 06 Dek 2022 11:40:00 92 0

Ukrayna soyuq və işıqsız şəraitdə də döyüşəcək

"Ukraynada enerji bloklarının bir hissəsi sıradan çıxıb. Rusiya düşünür ki, şaxtalı, soyuq ayların başladığı bir vaxtda enerji bloklarını hədəf alması müəyyən qədər də olsa Ukrayna xalqının əzmini, döyüş ruhunu sarsıtmağa səbəb ola bilər, amma elə deyil". 

Bunu Son.az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, sivil dünyanın barbar Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyi savaşın taleyində həlledici ola bilər:

"Ukrayna Rusiyaya qarşı soyuq və işıqsız şəraitdə də döyüşəcək, çünki bura bizim torpağımızdır. Rəsmi Moskva hələ də Ukrayna xalqının iradəsini başa düşmür. Çünki biz genetik cəhətdən güclüyük, onlar isə əxlaqsız və barbardırlar, ancaq öldürüb, zorlaya bilirlər. 

Bu müharibədən Ukraynanın qalib ayrılmasını şərtləndirən bir sıra məqamlar var. Ukrayna xalqının təchiz olunduğu müasir silahlarla ruhunun gücü və sivil dünyanın barbar Rusiyaya qarşı müharibədə dəstəyi qalib gəlməkdə əsas faktor olaraq ön plana çıxacaq. Rusiya bəşəriyyətin lazımsız tapmacası kimi əbədi olaraq yoxa çıxmalıdır. 

Rusiya üzərində qələbədən sonra şər imperiyanın əsarətindəki bütün xalqlar azad olacaq. Dnestryanı, Osetiya-Abxaziya, eləcə də Qarabağ da sülhməramlı adı altında bölgədə var olmaq istəyən bu oyunbazlardan birdəfəlik qurtulacaq".

Qeyd edək ki, Rusiyanın enerji infrastrukturuna kütləvi raket hücumu nəticəsində Ukraynada enerji bloklarının bir hissəsi sıradan çıxıb. Sistemdə hasilatın səviyyəsini bərpa etmək üçün bir-iki gün lazım olacağı açıqlanıb.

Təhməz Əsədov Son.az