"Qardaşım 115 min manat rüşvət verəndən sonra əsəbdən rəhmətə getdi"


Digərləri 06 Dek 2022 03:22:00 115 0

"Qardaşım 115 min manat rüşvət verəndən sonra əsəbdən rəhmətə getdi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Rasim Qocayev deyib ki, Binəqədi Gənclər Şəhərciyində binaların tikintisi ilə məşğul olan şirkətin kommunal nəzarət şöbəsinin rəisi olub, mənzilləri tikib sahiblərinə təhvil veriblər.

Dövlət büdcəsindən 4 milyon 577 min manat vəsaitin Rasim Qocayevin şirkətinin balansına köçürülməsinə münasibət bildirən şahid deyib ki, mənzillərin satılmasına mərhum deputat Rəfail Cəbrayılov və qardaşı Elşən Cəbrayılov nəzarət edib, dövlət büdcəsindən ayrılan məbləğləri də onlar dəqiq biliblər: "Mən binanın kommunal işlərinə baxırdım. Maliyyə işləri ilə məşğul olmurdum. 2015-ci ildə 46 ev, sonrakı illərdə isə 15 və 81 mənzil təmir edərək sahiblərinə təhvil vermişik".

Özünün və qohumlarının adına şirkətlər yaratdığını deyən digər şahid Qabil Musayev isə bildirib ki, nazirliyin elan etdiyi tenderlərdə qalib olub. Müqaviləyə əsasən Gədəbəy və Göygöldə müharibə əlilləri üçün 5 ev tikilib. Hər evə görə, nazirliyin Tikilməkdə olan obyektlər şöbəsinin rəisi Natiq Əzizova 5 min manat verib.

Prosesdə şahid qismində dindirilən, xalq artisti Zeynəb Xanlarovanın qohumu, nazirliyin Daxili nəzarət şöbəsinin müdir müavini işləmiş Nizami Xanlarov bildirib ki, hər illik plan üzrə şöbə və müəssisəllərdə yoxlamalar aparılıb. Yoxlamalar zamanı aşkar olunan nöqsanlarla bağlı protokol yazılıb: "Sonradan nöqsanlar aşkarlanan şöbə və müəssisə müdirləri mənə müraciət edib, nöqsanların aradan qaldırılması üçün pul təklif ediblər. Mən də aldığım həmin pulları şöbənin müdiri Soltan Hacıyevə vermişəm".

Nizami Xanlarov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib, orada alınan rüşvətlə bağlı göstəridkləri düzgün yazıldığını deyib.