Şirkət rəhbəri əcnəbinin 3,5 milyonunu ələ keçirdi


Kriminal 05 Dek 2022 14:11:00 110 0

Şirkət rəhbəri əcnəbinin 3,5 milyonunu ələ keçirdi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunaraq baxılması üçün məhkəməyə göndərilmiş "Kat Holdinq" MMC-in təsisçisi və faktiki rəhbəri Ələkbərov Elçin Bəşir oğlunun Cinayət Məcəlləsinin 178.4, 179.4, 32.4, 312.1, 313 və 308.2-ci maddələri və həmin Cəmiyyətin direktoru İbadov Mail Məcid oğlunun CM-nin 179.4 və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Elçin Ələkbərova Litva Respublikası vətəndaşı Povilas Pociusa məxsus 3.520.763 manat (2.070.745 ABŞ dolları) məbləğində pul vəsaitlərinin ələ keçirilərək dələduzluq edilməsinə, habelə təqsirləndirilən şəxslər tərəfindən "Kat Holdinq" MMC-yə məxsus olmaqla onlara etibar edilmiş ümumilikdə 34 şəxs tərəfindən mənzil satışına görə ödənilmiş cəmi 1.900.128,68 manat məbləğində pul vəsaitinin 1.569.404,68 manatının mənimsənilməsinə və digər cinayət əməllərinə görə ittihamlar irəli sürülüb.

Cinayət işi üzrə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə təqribən 5,9 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulmuş və hazırda dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Tərəfimizdən bildirilir ki, qeyd olunan cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəzifəli şəxslərinin həmin cinayət əməllərinin törədilməsində iştirakı, eləcə də Agentliyə məxsus pul vəsaiti və ya əmlakın ələ keçirilməsi halları müəyyən edilməyib.