Fəqərəarası diskin protruziyası. Diaqnostika və müalicə


Digərləri 03 Dek 2022 23:15:00 138 0

Fəqərəarası diskin protruziyası. Diaqnostika və müalicə

Onurğa fəqərələrdən ibarətdir. Bu fəqərələrin arasında disklər yerləşir.

Disklər amortizasiya funksiyanı yerinə yetirir. Hər disk fibroz halqadan və pulpoz nüvədən ibarətdir. Müxtəlif səbəblərə görə (irsiyyət, travma, ağır fiziki gərginliklər, qamətin pozulması) disk fəqərə cisminin sərhəddindən kənara qabara bilər. Diskin 5-6 mm kimi fəqərələrin arasından qabarması protruziya adlanır. Bu zaman fibroz halqanın tamlığı pozulmur. Protruziya fəqərəarası yırtığının ilkin mərhələsidir.

Protruziyanı əməliyyatsız müalicə etmək mümkündür. Lakin xəstəlik dərinləşərsə, növbəti "ekstruziya" mərhələsinə keçərsə (disk daha çox qabarır, fibroz halqa yırtılır, pulpoz nüvə çölə çıxır) bu halda cərrahi əməliyyatının tətbiqi tələb oluna bilər.

Nevroloq və vertebroloq həkimlərinin fikirinə görə, yırtıqları və protruziyaları 90% hallarda əməliyyatsız müalicə etmək mümkündür. Lakin bunun üçün xəstəliklərin ilkin mərhələlərində mütəxəssislərə müraciət etmək lazımdır.

Bu səbəbdən "protruziya" diaqnozu qoyulduqdan dərhal sonra xəstəliyin müalicəsinə başlamaq lazımdır. Protruziyanın diaqnostikası zamanı rentgenoloji müayinə, KT və ya MRT müayinənələri tətbiq edilir.

Protruziya daha tez-tez onurğanın bel, sonra boyun və nadir hallarda döş hissəsində inkişaf edir. Protruziyanın yerləşməsindən asılı olaraq xəstədə xarakterik ağrılar və müxtəlif pozulmalar meydana çıxır.

Protruziya onurğanın bel hissəsində hətta 18 yaşında inkişaf edə bilər. Simptomları arasında: bel nahiyəsində sızıldayan ağrılar. Ağrılar uzunmüddətli oturma, uzanma, yerimə və ya ayaq üstə dayanma zamanı inkişaf edir. Bəzən ağrılar çox güclü, kəskin, dözülməz olur. Xəstəlik inkişaf etdikcə ayağın arxa hissəsində (sağrıdan pəncəyə kimi) dartıcı ağrılar əmələ gəlir, pəncələr keyiyir, sancma hissi yaranır. Həmçinin xəstəni baş ağrıları da narahat edə bilər. Ağır hallarda yerişin, defekasiyanın pozulmaları, iflic inkişaf edə bilər.