Aqibətin xeyirli olması insanın təfəkkür etməsinə bağlıdır


Digərləri 03 Dek 2022 23:20:00 131 0

Aqibətin xeyirli olması insanın təfəkkür etməsinə bağlıdır

Təfəkkür sözünün lüğətdəki mənası düşünməkdir. Təfəkkür iki cəhətdən mühüm bir mövzudur. Bir tərəfdən ibadətdir və ən üstün ibadət hesab olunur. İmam Sadiq (ə) buyurur: "Bir saat düşünmək bir il ibadətdən daha yaxşıdır".

İkinci cəhət budur ki, həqiqi ibadət - təfəkkürlə edilən ibadətdir. Ən gözəl ibadəti düşünən insanlar yerinə yetirmişdir.

Təfəkkür etmək insanın aqibətini gözəl edər və dünya işlərində müvəffəq olmasına səbəb olar. Çünki insan işində təfəkkür edərək çalışar ki, çətinliklərdən və bəlalardan uzaq olsun. Ona görə də ən az maddi və mənəvi ziyana uğrayar.

Müqəddəs İslam dini düşünməyə və təfəkkürə böyük dəyər verir. Təfəkkür insanı bir çox büdrəmələrdən və fikri xatalardan qoruyar.

Quran bizləri yerin, göyün, gecənin, gündüzün, insanın və başqa varlıqların yaradılışı barəsində düşünməyə dəvət edir. Çünki ancaq bu zaman insan qəflət pərdəsini kənara çəkə bilər. İnsan məxluqların yaradılığı barəsində təfəkkür edərək, Allahın qüdrətini və hikmətini dərk edər.

Təfəkkür etmək insana çox sayda fəzilət bəxş edər. O cümlədən:

1. Düzgün rəy. Təfəkkür etməyin ən üstün təsirlərindən biri budur ki, insan hər bir işdə düzgün və bişmiş rəylər verər. Əcələ etməz, düşünərək hər bir mövzunu həll etməyə çalışar.

2. Büdrəmələrdən amanda olar. Aqil insan bir iş görməzdən əvvəl onun haqqında düşünər. Başqalarının rəyini soruşar. Təcrübələrini təkliflər ilə birləşdirər. Bundan sonra son qərarlarını verər. Ona görə xata etməsi riski azalar.

3. Yaxşılıqlara dəvət. Düzgün düşünmək insanı bir çox yaxşı əməllərə tərəf sövq edər. Güclü mühərrik ki, yaxşı işlərin çarxını çevirər.

4. Aqibətin xeyirli olması. Təfəkkür insanın aqibətini xeyirli edər, çünki aqil insan hər bir işini düşünərək yerinə yetirər və büdrəməz.

Bir nəfər İmam Sadiqə (ə) deyir: "Bir qonşum var ki, çoxlu namaz qılır, çoxlu sədəqə verir, dəfələrlə həccə getmişdir və işində heç bir eyib yoxdur". İmam (ə) soruşur: "Bəs ağlı necədir?". Deyir: "Ağıldan elə bəhrəsi yoxdur (yəni, təfəkkür etmir)". Bu zaman İmam (ə) buyurur: "Bu əməllər onun inkişaf etməsinə səbəb olmayacaqdır".