Lətif Kərimov “Xalq Əmanəti” layihəsinin 22ci nəşrində


Kriminal 03 Dek 2022 11:45:00 96 0

Lətif Kərimov “Xalq Əmanəti” layihəsinin 22ci nəşrində

Lətif Kərimov "Xalq Əmanəti" layihəsinin 22-ci nəşrində

"Xalq" Bankının "Xalq Əmanəti" layihəsinin 22-ci nəşri Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun "Azərbaycan xalçası" kitabına həsr olunmuşdur.

Azərbaycan və ingilis dillərində hazırlanmış bədii albom L.Kərimovun 1961-ci ildə Leninqrad şəhərində çap olunmuş "Azərbaycan xəlçəsi" kitabının əsasında yenidən dərc edilmişdir.

Dekabrın 2-də Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilmişdir. Gecədə çıxış edənlər kitabın xalça sənətinin tədqiqatçıları üçün dəyərli mənbə olduğu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir, bütövlükdə "Xalq Əmanəti" layihəsinin milli irsin qorunmasında rolundan danışmışdır.

Lətif Hüseyn oğlu Kərimov 1906-cı ilin noyabr ayının 17-də Şuşa şəhərində anadan olmuşdur.

L.Kərimov Azərbaycan mədəniyyət tarixinə yalnız görkəmli ornamentalist və xalça rəssamı kimi deyil, eyni zamanda xalça sənətini, incəsənətin və elmin ayrıca bir sahəsi olaraq, ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı və alim kimi də daxil olmuşdur.

L.Kərimovun "Azərbaycan xalçası" əsəri yeni nəşrdə öz məzmun və əsas quruluşunu saxlamışdır. Əsərdə ilk dəfə olaraq xalçalar xovsuz və xovlu kimi iki hissəyə bölünür, onların dörd əsas inkişaf mərhələsi təyin edilir. Əsərdə müəllif yenə də ilk dəfə Azərbaycanın ayrı-ayrı xalça məktəblərini "növ" və "qrup" adı ilə Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz kimi növlərə ayırıb, daha sonra ayrı-ayrı qruplara bölmüş, bu qruplara daxil olan xalçaların, qısaca da olsa, bədii və texniki xüsusiyyətlərini təhlil etmişdir.

L.Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplamışdır. Onların əksər hissəsinin qrafik rəsmləri əsərdə damalı kağızlar üzərində yerləşdirilmiş və bu elementlərin xalçalar arasında işlənən adları və müəllifin şəxsi fikirləri qeyd edilmişdir.

Azərbaycan xalçaları əsrlər boyu yalnız Azərbaycan və Qafqazda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazanmış, dünya bazarlarında çox yüksək qiymətləndirilmişdir. Mahir xalça ustalarımızın bu vaxta kimi yaratdığı ən gözəl və yüksək bədii keyfiyyətli xalçalar dünyanın bir çox məşhur muzeylərində nadir sənət əsərləri nümunəsi kimi saxlanmaqdadır.

L.Kərimov Azərbaycan xalçalarının hələ bizim eradan çox-çox əvvəl təşəkkül tapdığını əsaslandıraraq qeyd edir ki, Azərbaycan xalçaçılığı öz inkişaf mərhələsinə xarici şərqşünasların və sənətşünasların iddia etdikləri kimi, XVIII əsrdə deyil, ondan xeyli əvvəl çatmışdır. İndi artıq məlumdur ki, hələ eramızdan əvvəl Azərbaycanda ticarətin inkişafı ilə əlaqədar olaraq, tətbiqi sənətlər, o cümlədən xalçaçılıq sənəti də yüksək səviyyədə olmuşdur. Bunu həm şifahi xalq ədəbiyyatı, yazılı mənbələr, həm də arxeoloji qazıntılardan tapılmış xalça nümunələri təsdiqləyir.

Məlum olduğu kimi, L.Kərimov nəinki xalça sənətinin dərin tədqiqatçısı, eyni zamanda istedadlı ornamentalist-rəssam idi. O, həmçinin ədəbiyyat tarixini dərindən bilir, bəzən şeirlər yazırdı. Lətif Kərimov "Azərbaycan xalçası" əsərində xalçaçılıqla əlaqədar olaraq orta əsr Azərbaycan və İran klassiklərinin əsərlərindən də misallar gətirir. Azərbaycan xalçalarının təsvirinə klassik ədəbiyyatımızda, xüsusən poeziyamızda da tez-tez rast gəlmək olur.

1941-ci ildə XII əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə istedadlı rəssamlarımız (K.Kazımzadə, İ.Axundov, R.Mustafayev və b.) və xalça ustaları L.Kərimovun rəhbərliyi və hazırladığı çeşnilər əsasında şairin poemaları mövzusunda beş xalça hazırlamışlar.

1950-ci illərdən başlayaraq L.Kərimov yüzlərcə portret və ornamental xalçalar yaratmış, özündən sonra zəngin irs qoyub getmişdir. Həmin əsərlər Azərbaycan, Avropa, Amerika muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.