"Fransanın üçtərəfli danışıqlarda iştirakı qəbuledilməzdir"


Siyasət 28 Noy 2022 14:30:00 98 0

"Fransanın üçtərəfli danışıqlarda iştirakı qəbuledilməzdir"

"Ermənilər hər zaman bizə qarşı təxribatlar törədiblər və layiqli cavablarını da alıblar. Lakin bu onların xislətində, qanındadır ki, onlar daim təxribatlar törədirlər, hay-küy salaraq hadisələri biz etmişik kimi qələmə verirlər".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibədən müəyyən müddət keçdikdən sonra ermənilər yenidən bizim mövqelərimizi atəşə tutmağa başladılar: "Hər gün təxribatçı əməllərə əl atırlar, hər gün də biz onların cavablarını veririk. Bu zaman isə hay-küy yaradaraq, Azərbaycanın onları atəşə tutduqlarını bildirirlər.

Eyni zamanda ermənilərin sülh müqaviləsinin bağlanması ilə bağlı keçmiş Minsk Qrupunun üzvlərindən olan Fransa ilə aralarında ciddi yaxınlaşma var. Bu ilin oktyabrının 6-da Praqada üçtərəfli görüşdə Makron da özünü həmin görüşə saldı. Bu görüşdə göstərildi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu rəsmən elan olundu. Bundan bir həftə sonra Fransanın prezidenti Makron televiziyada çıxışı zamanı Azərbaycana qarşı şər-böhtanlar səsləndirməyə başladı, Azərbaycanı əsassız olaraq günahlandırdı. Fransa senatı Azərbaycana qarşı təhqiredici və qəbuledilməz qətnaməni qəbul etdi. İndi isə onların milli assembliyası yeni bir anti-Azərbaycan qətnaməsi qəbul etməyə hazırlaşır.

Paşinyan hər dəfə sülh müqaviləsini ilin sonuna kimi imzalayacağına dair vəd verirdi. İndi isə məlum olur ki, bu onun hər zaman danışdığı yalanlardan biridir. Artıq dekabrın 7-ə təyin olunan görüşə Ermənistan ayrı bir şərtlə gəlmək istəyir. Bu şərt isə Fransa prezidenti Makronun da burda iştirak etməsidir. Bu isə qəbuledilməzdir. Çünki Makron keçmiş Minsk qrupunun həmsədri olduğu zamanlarda hər zaman Ermənistanı dəstəkləyib və Azərbaycan-Ermənistan münasibətlərinin statusun saxlanılmasına çalışıb. BMT-nin dörd məlum qətnaməsinin yerinə yetirilməsinə heç bir cəhd göstərilməyib. Fransa prezidenti Emmanuel Makronun son dövrlərdə anti-Azərbaycan rolu oynadığını və Ermənistana tərəf durduğu halda onun həmin danışıqlarda iştirakı qətiyyən qəbuledilməzdir.

Onlar ümumiyyətlə sülh danışıqlarının aparılmasını istəmirlər. Ermənistanda olan revanşist qüvvələrin çoxu müharibədəki məğlubiyyətlərinin əvəzini çıxmaq üçün çalışırlar. Onlar bir daha silahlanıb, müharibəyə hazırlaşırlar. Hətta bu istiqamətdə atılan addımlardan biri də Azərbaycanın hərbi hazırlığı ilə bağlı uydurduqları şayələrdir. Sülh müqaviləsindən imtina etmələri isə 3-cü Qarabağ müharibəsinin qaçınılmaz olduğunu göstərir".