Xankəndidə “Rus icması” layihəsi iflas olur ermənilər Ukrayna müharibəsinə aparılacaq?


Digərləri 01 Okt 2022 17:16:00 75 0

Xankəndidə “Rus icması” layihəsi iflas olur  ermənilər Ukrayna müharibəsinə aparılacaq?

Məlumdur ki, Rusiya təkcə ilhaq etdiyi Krımda, "dxr" və "lxr"də deyil, Abxaziya və Cənubi Osetiyada da öz pasportlarını paylayıb. Həmçinin Qarabağın separatçı anklavındakı ermənilərin bir çoxuna Rusiya vətəndaşlığı verilməsi haqda vaxtaşırı məlumatlar dolaşmaqdadır.

Bundan əlavə, Xankəndidəki qondarma rejim saxta referenduma hazırlaşaraq "konstitutsiyaya düzəliş" etməyi və ikili vətəndaşlığa icazəni təklif edir. Bu da öz növbəsində rus pasportunun gələcəkdə keçmiş DQMV-nin ərazilərində paylamaq üçün zəmin hazırlamağa hesablanıb. Yeri gəlmişkən, Qarabağda "Rus icması" yaradılması, erməni əsilli Aleksandr Bordovun ona rəhbərlik etməsi, bu şəxsin ermənilərin katolikosu II Qareginlə görüşməsi və Qarabağda ilk dəfə pravoslav kilsəsi tikildiyi üçün təşəkkür etməsi məhz yeni Abxaziya, yeni Donbas planlarına işarədir.

Lakin bir nüans var - o zaman Rusiya Qarabağda pasport paylayıb erməniləri də Ukrayna müharibəsinə səfərbər edə bilər. O halda mümkündürmü ki, Rusiya vətəndaşlığı olan ermənilər dərhal imtina etsin, rus pasportlarına bir daha maraq göstərməsinlər? Ümumiyyətlə, bu vəziyyətdən separatçılar necə çıxacaqlar?

Əslində onlar üçün ən idealı, yaxud ən təhlükəsiz variant Azərbaycan vətəndaşlığını qəbul etməkdir. Azərbaycan üçün yaxşı hal odur ki, nə vaxtsa Rusiyanın Qarabağda "öz vətəndaşlarını qorumaq" adı ilə müdaxilə planı sayılan, "Rus icması" layihəsi artıq zərbə almış sayıla bilər. Çünki ermənilər rus pasportu almaqla özlərini olduqca cəncələ salmış olacaqlar. Necə ki indi Rusiya vətəndaşlığı olanlar səfərbərlikdən yayınmaq üçün ölkədən qaçır, kimi intihar edir, kimi hərbi komissara atəş açır...

Son.az xəbər verir ki, professor Qabil Hüseynlinin "Yeni Müsavat"a bildirdiyinə görə, Rusiya pasportlarının Qarabağda paylanması ilə bağlı bir qorxu var. "Elə "Rus icması"nın yaradılması da həmin bədniyyətli məqsədi güdür. Amma Azərbaycan imkan verməyəcək. İctimai proseslərin gedişi və Ukrayna müharibəsi bölgədə geosiyasi dəyişikliklərə, yeni siyasi konfiqurasiyanın formalaşmasına gətirib çıxarmayacaq, supergüclərin buna qüvvəti çatmayacaq. Bölgənin supergücü Azərbaycan və Türkiyədir, regiondakı yeni düzəni də onlar diktə etməkdədir. Bu diktə prosesi isə davam edəcək. Ola bilsin ki, ağrılı gedişat baş versin, lakin yekunda bölgədəki supergüclərin siyasi iradəsindən xeyli dərəcədə asılı olacaq".