Vardanyan Xankəndidə “ordu” yığır özünü qoruyacaq, yoxsa...


Digərləri 30 Sen 2022 20:52:00 92 0

Vardanyan Xankəndidə “ordu” yığır  özünü qoruyacaq, yoxsa...

Araik və Ruben məğlub olmuş "ehtiyatdakı zabitləri" də qanunsuz silahlı dəstələrə cəlb etmək istəyirlər; Sülhəddin Əkbər: "Bugünkü "Dağlıq Qarabağ" məsələsinə ənənəvi oyunçularla yanaşı yeni oyunçular daxil olub, Vardanyan isə burada bir elementdir"

Son.az yeni müsavat-a istinadən xəbər verir ki, avqustun əvvəllərindən Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Qarabağa gəlmiş erməni milyarder Ruben Vardanyan aktiv fəaliyyətə keçib. "Yeni Müsavat"ın verdiyi məlumata görə, bir neçə gün əvvəl Ermənistana çəkilmiş yeni yolun yaxınlığındakı Azərbaycan kəndlərində məskunlaşmış ermənilərlə görüşən Vardanyan onlara hər cür dəstək verəcəyini vəd edib.

İndi isə Rusiya sülhməramlı kontingetinin himayəsinə güvənən erməni milyarder artıq separatçı-terrorçu rejimdə özünə "ordu qurmağa", ermənilərin "təhlükəsizliyinin" qayğısına qalmağa start verib. Belə ki, Vardanyan Xankəndidə "ehtiyatda olan zabitlər ittifaqı"nın nümayəndələri ilə görüşüb. Bu barədə o, özü sosial media səhifəsində məlumat paylaşıb.

"Təhlükəsizliyimizi təmin etmək üçün bizim kifayət qədər potensialımız və imkanlarımız var. Stepanakertdə görüşdüyüm "Artsax"ın ehtiyatda olan zabitlər ittifaqının nümayəndələri belə deyirlər. Mən də eyni fikirdəyəm. Təhlükəsizliyimizi öz gücümüzlə təmin etmək üçün zabitlər üç mühüm komponent müəyyən etdilər: hərbi təhsilin genişləndirilməsi və yüksək keyfiyyətli hərbi kadrların hazırlanması; bütün sahələrdə bacarıqlı və məsuliyyətli iş, potensialımızdan, xüsusən də insan potensialımızdan tam və düzgün istifadə etmək. Bir neçə gün əvvəl Xankəndidəki separatçıların  lideri Araik Arutyunyan da "xalqa müraciətində" etiraf edib ki, hazırkı "çox kövrək dünya nizamı və regional iğtişaşlar" şəraitində heç kim onlara uzunmüddətli təhlükəsizliyə zəmanət verməyə hazır deyil.

Arutyunyan Rusiyanın vəd etdiyi təhlükəsizlik zəmanətlərinə etibar etmədiyinə eyham vurub. "Rusiyanın məşğulluğu və diqqətinin yayınması səbəbindən Rusiya sülhməramlılarının təminatları müəyyən dərəcədə pozulub və Azərbaycan bundan istifadə edir", - deyə Arutyunyan bildirib. Araik Arutyunyan onu da bildirib ki, "Qarabağın müdafiə sisteminin modernləşdirilməsi və cari çağırışlara uyğunlaşdırılması üçün" bütün mümkün addımlar atılır. Görünən mənzərə budur ki, ermənilər nəinki üçtərəfli bəyanatda əks olunan qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasına hazırlaşmır, əksinə, "müdafiə ordusu"nun yenidən silahlanması və modernləşdirilməsi planlarından danışır. Vardanyan isə bu işin daha çox sponsoru kimi çıxış edir ki, indilikdə bu ac-gic ermənilər üçün silaha sarılmaq yeganə çıxış yoludur. Araik də, Vardanyan da bu vəziyyətdən istifadə edərək, hətta müharibədə məğlub olmuş zabitləri də qanunsuz silahlı dəstələrə cəlb etmək istəyirlər. Lakin halqası getdikcə daralan separatizmin mövcud olmaq üçün dəridən-qabıqdan çıxmasının nəticələri olacaqmı? Vardanyan fəallığı ilə hansı prosesin zəminini indidən hazırlayır? Rusiya bölgədə separatizmin yox olmasına niyə imkan yaratmır?