Bayatıya coşan İran, Danielyanın şok ittihamına niyə susur?


Digərləri 30 Sen 2022 18:44:00 87 0

Bayatıya coşan İran, Danielyanın şok ittihamına niyə susur?

Bakıda səslənən "Arazı ayırdılar" bayatısına dərhal xarici işlər naziri səviyyəsində reaksiya verən İran nədənsə Ermənistan mətbuatında dərc olunan ifşa materialına səssiz qalıb. Erməni politoloq Stepan Danielyanın şok açıqlaması dedi ki, 44 günlük müharibədə İranın Ermənistana verdiyi bir neçə təklif müharibənin mahiyyətini və nəticəsini dəyişə bilərmiş, amma İrəvan həmin təkliflərdən imtina edib. Politoloq əslində, bu sensasion məlumatı İranı "vurmaq" üçün deyil, Paşinyan hakimiyyətinə zərbə vurmaqdan ötrü açıqlayıb.

Sitat: "Ermənistan cəmiyyəti baş nazir Nikol Paşinyanın 44 günlük müharibədə İranın hansı təkliflərindən imtina etdiyini bilsə, şoka düşəcək: "Sual yaranır: niyə imtina edildi?"

Özü də Danielyanın gətirdiyi arqumentlər çox inandırıcıdır. Vaxtilə biz də ABŞ-ın Ermənistanla bağlı planlarından çox yazmışıq, həmçinin 2018-ci ildə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun İrəvana səfərindən. Erməni politoloq deyib: "2018-ci ildə Ermənistana səfəri zamanı Bolton erməniləri stereotiplərdən qurtulmağa çağırıb, ABŞ-ın Ermənistan və ermənilərin Türkiyəyə münasibətində maraqlı olduğunu bildirib. Bolton indiki hakim rejimin Ermənistanda hakimiyyətə gəlməsini dəstəkləmək üçün ödəməli olduğu qiyməti deyib. Bu, 2018-ci ildə hakimiyyət dəyişikliyi üçün şərt idi".

Demək, "Soros uşağı" statusunu almış Paşinyan İranla hərbi əməkdaşlığa ABŞ-ın xətrinə dəyməmək üçün getməyibmiş. Hələ qaranlıqda nə qədər həqiqətlər gizlənir, zaman-zaman açılacaq. Amma İran susur, bu iddiaları yalanlamaq üçün cəhd belə, göstərmir. Bəlkə "min illərdir" (?) münasibətlərdə olduqları ermənilərin xətrinə dəyməmək üçün üstündən sükutla keçirlər, yoxsa elə fakt açıqlanıb ki, onları təkzib etmək cəhdi əks effekt yarada, digər ifşaedici faktlar da ortaya çıxa bilər.

Son.az yeni müsavat-a istinadən xəbər verir ki, İranın Qarabağ siyasəti bizə çoxdan bəllidir. Çox da uzaqlara ekskurs etməyə ehtiyac yoxdur. Şuşanın işğalı elə məhz İranın Azərbaycan və Ermənistan arasında vasitəçilik etdiyi gündə baş verdi. Məntiqlə Tehran bu cür alçaqlığa görə Ermənistanın üzünə tüpürməli, belə haramzadə, zinadan əmələ gələnlərlə salaməleykə son qoymalı idi. Amma əksini gördük, İran günbəgün Ermənistanı öz ağuşuna alma siyasəti yürütdü. Hətta Azərbaycandan fərqli olaraq, Ermənistan İsraildə səfirliyini açdıqdan sonra da ermənilərə "gözün üstə qaşın var" deyən olmadı. Əksinə, İran Azərbaycanın Qərbi Zəngəzura doğru hərəkət edə biləcəyindən ehtiyatlanıb, Qafanda tez-tələsik baş konsulluğunu açdı. Adam düşünür, kim bilir, bəlkə Tehran rejimi şah Qacarın Şuşadakı müsibətinə cavab olaraq Pənahəli xanın yurdunu erməniyə yurd etmək üçün plan cızıbmış...

Kimlərsə əksini iddia edə bilər. Amma axı gedişat başqa şeylər deyir. Məsələn, 14 oktyabr 2019-cu ili xatırlayaq. Həmin gün Şuşada Yuxarı Gövhər Ağa məscidinin "təmir-bərpası"ndan sonra açılış mərasimi keçirilmişdi. Məscidin 5 il çəkən (2014-2019) "təmiri"ni kim həyata keçirmişdi? Yada salaq: erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın (bir müddət əvvəl Rusiya vətəndaşlığından imtina edib, Xankəndiyə köçən-E.P.) "İDEA" fondunun maliyyə yardımı ilə İranın "Part Saman Jahan" memarlıq şirkəti! Hədəf nə idi? 1883-cü ildə, Kərbəlayi Səfi Xan Qarabağinin memarlığı əsasında tikilən "Yuxarı Gövhər Ağa" məscidini "İran memarlığının nümunəsi" olaraq təqdim etmək! Açılış mərasimində separatçı qurumun ovaxtkı başçısı Bako Saakyan beləcə demişdi: "İran İslam Respublikasında bizim monastır və kilsələr qorunur. Biz də Artsax ərazisində, həmçinin Şuşada İran mədəniyyət abidələrinin bərpası ilə məşğul oluruq. Bu, İran-erməni dostluğunun nümunəsidir".

Bunun qarşılığında İrandan hər hansı etiraz-filan eşitdikmi? Qəti şəkildə! Hətta içimizi yandıran bu alçaq davranışla bağlı İranın Azərbaycandakı səfirliyinə hər dəfə sorğu ilə müraciət edəndə onlarda bu barədə məlumat olmadığını deyir, belə xəbərləri "İran-Azərbaycan dostluğunu pozmaq istəyən qüvvələrin" işi sayırdılar.

Məsələ o yerə çatdı ki, həmin vaxt Şuşa məscidinin "bərpası" adı altında Ermənistan tərəfindən İranın "Part Saman Jahan Co" şirkətinin işə cəlb edildiyinə rəsmən etirazını bildirdi. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri olan Hikmət Hacıyev dedi ki, məsələ ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyi İran Xarici İşlər Nazirliyində bir neçə dəfə görüş keçirib, Azərbaycanın narahatlığını çatdırıb və sözügedən şirkətin Azərbaycan-İran əlaqələrinin ruhuna zidd olan qanunsuz fəaliyyətinin qarşısını almaq üçün zəruri və təsirli addımların atılmasının vacibliyini qeyd edib. Həmçinin "İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də Xarici İşlər Nazirliyinə çağırılıb və sözgedən şirkətin qanunsuz fəaliyyətinin qarşının alınmasının zəruriliyi bildirilib".

Amma rəsmi Bakının gözləntilərinə rəğmən İran nəinki Şuşada cinayətkar fəaliyyətə yol verən şirkəti cəzalandırdı, hətta dolayı yollarla bu cinayəti malalamağa çalışdı.

Necə ki, İrəvanda "sağ" qalmış "Göy Məscid"imizi, 1776-cı ildə İrəvan xanlığının xanı Hüseynqulu xan Qacarın tikdirdiyi abidəmizi də 1995-2006-cı illərdə İran tikinti şirkətlərinin köməyi ilə "bərpa" etmişdilər, o vaxtdan İranın Ermənistandakı "mədəniyyət mərkəzləri"ndən birinə çeviriblər. Hətta Ermənistan bizim məscidi İrana 99 illiyə icarəyə verib.