Ceyhun Allahverdiyevin 50 illik yubileyi münasibətilə konsert keçiriləcək


Kriminal 28 Sen 2022 17:02:00 140 0

Ceyhun Allahverdiyevin 50 illik yubileyi münasibətilə konsert keçiriləcək

Oktyabrın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, professor, bəstəkar, pianoçu vəmüəllim Ceyhun Allahverdiyevin 50 illik yubileyi münasibətilə konsert keçiriləcək. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertin dirijoru Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov olacaq.

Solistlər: Azərbaycanın Əməkdar artisti Fəridə Məmmədova (soprano), respublika və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Cəmil Sedizadə (fortepiano).

Konsertdə bəstəkarın əsərləri səslənəcək: "Qələbə" Uvertürası, "4 romans", o cümlədən ilk dəfə olaraq "Tac-Mahal" baletindən I, II süita, piano və simfonik orkestr üçün konsert.

Qeyd edək ki, Ceyhun Allahverdiyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin laureatı, simli kvartetlər, simfonik və kamera orkestrləri üçün tanınmış konsertlərin müəllifidir. Onun əsərləri təkcə ölkəmizdə deyil, müxtəlif beynəlxalq festivallarda, konsertlərdə, o cümlədən Yaponiya, İran və Kiprdə keçirilən konsertlərdə səslənir.

1989-cu ildə Musiqi Kollecinin ikinci kursunda bəstəkar Tiraspolda (Moldova) keçirilən Beynəlxalq Pianoçular Müsabiqəsində birinci yerə layiq görülüb. Laureat olduqdan sonra daha bir il oxudu və üçüncü kursda eksternal tələbə kimi musiqi məktəbini bitirdi.

Gələcək bəstəkar 1990-cı ildə Üzeyir Hacıbəyli Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə professor Arif Məlikovun sinfinə daxil olub. İki ildən sonra fortepiano şöbəsinə daxil olub, Elmira Əliyevanın müəllimə sinfində təhsil alıb, 1997-ci ildə həmin şöbəni qırmızı diplomla bitirib.Ceyhun 1998-ci ildə konservatoriyanı bitirdikdən sonra Bəstəkarlar İttifaqının üzvü olub.