Rusiyada səfərbərlikdən yayınıb Azərbaycana gələn


Digərləri 27 Sen 2022 08:49:00 101 0

Rusiyada səfərbərlikdən yayınıb Azərbaycana gələn

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarından sonra qonşu ölkədə yaşayan və Rusiya vətəndaşlığı olan azərbaycanlılar qəliz durumla üzləşiblər. Gələn məlumatlara görə, adına çağırış göndərilmiş və göndəriləcək soydaşlarımız Ukraynada mənasız ölümə tuş gəlmək, Ukrayna xalqına qarşı vuruşmaq istəmirlər. Odur ki, Rusiyadan çıxmağın yollarını axtarırlar. Bəziləri min bir çətinliklə də olsa, artıq Azərbaycana gəlib. Səfərbərlik elan ediləndən öncə gələnlər də var.

Son.az musavat.com-a istinadən bildirir ki, 22 fevral 2022-ci il Moskva bəyannaməsində aşağıdakı bəndlər də yer alır:

Bənd 7. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.

Bənd 11. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

Bənd 17. Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.

Bundan əlavə, bəllidir ki, Putinin imzaladığı fərmanla fərariliyə görə 10 il həbs cəzası nəzərdə tutulur. O halda beynəlxalq axtarışa verilmiş, Rusiya vətəndaşı olan və ölkəmizə sığınmış azərbaycanlıların taleyi necə olacaq? Geri göndəriləcəklərmi?

Əlavə edək ki, Rusiya prezidenti yanında İnsan hüquqları üzrə Şuranın (İHŞ) sədri Valeri Fadeyev Rusiyaya gələn və Rusiya pasportu almış əmək miqrantları və digər vətəndaşlar üçün hərbi yaşın 45 və ya 50 yaşa qədər artırılmasını təklif edib.

"Rusiya Konstitusiyasına əsasən, vətənin müdafiəsi Rusiya Federasiyasının hər bir vətəndaşının uzunmüddətli öhdəliyidir. Qanun anadangəlmə vətəndaşlıq almış şəxslərlə vətəndaşlığı qəbul edənlər arasında fərq qoymur", - deyə Valeri Fadeyev söyləyib.