Ermənistan Türkiyəyə 2 PKKçını təhvil verdi


Siyasət 27 Sen 2022 08:56:00 107 0

Ermənistan Türkiyəyə 2 PKKçını təhvil verdi

"Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kürdüstan Fəhlə Partiyasının (PKK) iki silahlısını saxlayıb və sonra Türkiyə kəşfiyyatı MİT-ə təhvil verib". Bunu Ermənistan parlamentinin deputatı Qaxam Manukyan deyib. Onun sözlərinə görə, bunlar terror təşkilatının üzvləri Atilla Çiçək və Hüseyn Yıldırımdır.

"Məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra onlar Ermənistan ərazisində saxlanılaraq Türkiyə hakimiyyətinə təhvil verilib. Kürd mənbələri "Lexenk" və "Alişer" təxəllüslü hər iki terrorçunun Türkiyənin xüsusi xidmət orqanı MİT-ə təhvil verildiyini bildirir", - deputat yazıb.

Son.az musavat.com-a istinadən bildirir ki, Çiçək və Yıldırım 2021-ci il avqustun 16-da Araz çayı üzərindən Ermənistan sərhədini qanunsuz keçməkdə və respublikaya qaçaqmalçılıq yolu ilə silah və sursat keçirməkdə ittiham olunublar. Ermənistanın Qərbi Zəngəzur (Sünik) vilayətinin birinci instansiya məhkəməsi 2022-ci ilin yanvarında Hüseyn Yıldırım və Attila Çiçəyin hər birini onların pul vəsaitlərinin müsadirə edilməsi ilə 7 il müddətinə azadlıqdan məhrum etmə barədə hökm çıxarıb.

Təhvil verilən terrorçuların şəkilləri də dərc olunub.

Türkiyə mətbuatının məlumatına görə, 2012-ci il sentyabrın 25-də terrorçu Hüseyn Yıldırım Tunceli vilayətinin Çiçəkli kəndində "Türk Telekom"a məxsus avtomobili ələ keçirərək içərisinə uzaqdan idarə olunan partlayıcı qurğu yerləşdirib. Daha sonra terrorçu bu avtomobili Atatürk bölgəsində Türkiyə ordusunun hərbi maşınının yanında partladıb. Nəticədə 6 əsgər, eləcə də ətrafdakı bir nəfər həlak olub. 29 avqust 2020-ci il tarixində terrorçu Yıldırım İran ərazisindən Türkiyənin Aqra vilayətinə keçərək Doğubəyazıt bölgəsində təhlükəsizlik qüvvələrinə silahlı basqın həyata keçirib. Nəticədə iki əsgər şəhid olub. Digər terrorçu Atilla Çiçək isə uzun illərdir Türkiyə ilə həmsərhəd Suriya və İranda terror fəaliyyəti ilə məşğul olub.

Bu, kifayət qədər maraqlı, hətta sensasion gəlişmədir. Ən azı o səbəbə ki, Türkiyəyə qarşı təxribatçı mübarizədə PKK-nın terrorçu birləşmələri daim erməni terrorçuları ilə əlbir, hətta "ət-dırnaq" kimi olublar. Bunu Suriyada da gördük. O da məlumdur ki, PKK-çıların ən etibarlı sığınacaq yeri məhz Ermənistan, işğal dövründə isə Qarabağ olub. O zaman sual ortaya çıxır: Ermənistan öz tarixi ideya müttəfiqi olan bir qüvvənin təmsilçilərini niyə qardaş ölkəyə versin ki? Yaxud bu nəyin qarşılığında mümkün ola bilərdi? (Xəbər həm də Ərdoğanla Paşinyanın Praqa görüşü ərəfəsində yayılması ilə diqqət çəkir. Erməni saytlarından biri yazıb ki, Paşinyan guya bununla görüş ərəfəsi Ərdoğana sürpriz edib).

Onu da qeyd edək ki, Ankara və İrəvan arasında diplomatik münasibətlər mövcud deyil. Xüsusi nümayəndələr arasında (Sərdar Kılıc və Ruben Rubinyan) indiyədək 4 görüş olsa da, hələ nəticə yoxdur. Çünki Türkiyə ikitərəfli münasibətlərin normallaşmasını haqlı olaraq ən əvvəl Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanmasına bağlayır. İrəvan isə hər vəchlə bu müqavilədən yayınır.

O zaman nə baş verir? PKK-çı məsələsi haradan çıxdı? Türkiyə (MİT) və Ermənistan xüsusi xidmətləri əməkdaşlıqmı edir? Nəhayət, bu fakt Yaxın Şərqdə kürd-erməni terrorçularının müttəfiqliyində, bütövlükdə iki toplum arasında ənənəvi isti münasibətlərdə çat yarada bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə "Yeni Müsavat"a bildirdi ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində addımlar atılır. Bunun hələlik böyük müsbət nəticələri olmasa da müvafiq xüsusi kəşfiyyat orqanlarının arasında artıq müəyyən əməkdaşlığın yaranmağa başlamasından danışmaq mümkündür. PKK-çı terrorçuların Ankaraya təhvil verilməsi bunu deməyə əsas verir: "Bu, Türkiyənin son illərdə izlədiyi bir siyasi gedişdir. Bunu Misir, İsraillə münasibətlərdə də gördük. Bu iki ölkə ilə Türkiyənin arasında siyasi əlaqələr pozulsa da kəşfiyyat orqanlarının əməkdaşlığı ilə əlaqələr normallaşır. Suriya ilə də eyni analoji xətt yürüdülür. Ermənistanla, görünür, kəşfiyyat orqanlarının əməkdaşlığı var ki, PKK terror təşkilatının üzvləri ekstradisiya olunur. Ermənistan Ankaranın bu tələblərini geri çevirməyib, müsbət addım atıb. Ümumən bu, hər bir halda müsbət jest sayıla bilər. Təbii ki, Praqada cənab prezident Ərdoğanla erməni baş nazir Paşinyanın görüşü ərəfəsində İrəvanın belə bir reveransı maraq doğurmaya bilməz. Paşinyan bu addımlarla Ərdoğanla görüşün müsbət atmosferdə keçməsini istədiyini nümayiş etdirir. Terrorçuların Türkiyəyə təhvil verilməsi düşünürəm ki, iki ölkə arasında müsbət bir siyasi atmosferin yaranmasına da hesablanıb. Ermənistan bununla göstərmək istəyir ki, biz əməkdaşlığa hazırıq. Amma düşünürəm ki, ilk növbədə Azərbaycanla normallaşma olmayacaqsa, Türkiyə ilə bu kimi əməkdaşlıq dərinləşə bilməyəcək. Bu kimi jestlərin, əməkdaşlığın dərinləşməsinin, daha ciddi müsbət nəticələr verməsinin şərtlərindən biri Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsindən keçir. Eyni zamanda hesab edirəm ki, Türkiyə ilə münasibətlərin düzəlməsi proseslərinin müsbət nəticə verməsi üçün Ermənistan Azərbaycana yönəlik müsbət addımlar atmağa başlamalıdır. Hazırkı situasiyada isə biz bunu görmürük. Ermənistan Türkiyənin şərtlərindən birinin məhz bu olduğunu nəzərə almalıdır. Yalnız bunu nəzərə almağa başladığı müşahidə olunsa, söyləmək olar ki, Ermənistan ağıllanır".

Ekspert hesab edir ki, PKK-çı terrorçuların Türkiyəyə verilməsi, şübhəsiz, PKK-nı razı salmayacaq, millətçi kürdlərin ermənilərə münasibətinə müəyyən qədər olsa mənfi təsirini göstərəcək.