Avstriya mətbuatı Ermənistan hakimiyyətindəki antiRusiya isterikasından yazdı


Dünya 26 Sen 2022 17:56:00 82 0

Avstriya mətbuatı Ermənistan hakimiyyətindəki antiRusiya isterikasından yazdı

Avstriyanın dasfazit.at onlayn qəzetində Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının tribunasından çıxışı barədə "Paşinyandan uçuruma doğru növbəti addım" adlı məqalə dərc olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, məqalədə qeyd olunur ki, Paşinyan çıxışı zamanı daha çox Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri zamanı diqqət çəkdiyi delimitasiya xəritələri barədə səsləndirdiyi fikirlərin üzərində dayanıb.

Prezident İlham Əliyevin çıxışında Azərbaycan ordusunun Ermənistan ərazisinə guya daxil olması ittihamını qətiyyətlə təkzib etməsi, dövlət başçısının "əgər sərhəd onların dediyi yerdə idisə, sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar" sözləri, eləcə də 20-ci əsrin xəritələrinə müraciət etməsi Paşinyanın BMT-dəki çıxışında da sezilən ciddi narahatlığa səbəb olub.

Vurğulanır ki, Paşinyanın xəritələrlə bağlı səsləndirdiyi fikirlər onu düşünməyə əsas verir ki, Ermənistan baş naziri delimitasiyanın müstəqillik dövrünə aid xəritələrlə aparılmasında, tarixi xəritələrə, sənədlərə müraciət olunmamasında maraqlıdır. Belə ki, daha əvvəlki xəritələr erməni tərəfinin siyasi iştahları ilə tamamilə ziddir.

Məqalədə bildirilir ki, Azərbaycan tərəfinin delimitasiya xəritələri ilə bağlı dəqiq arqumentlərinin diqqətə alınmaması bu prosesin Ermənistan tərəfindən daha da uzadılmasına yol açacaq.

Materialda, həmçinin qeyd olunur ki, Paşinyanın Şərq İqtisadi Forumunda çıxışı zamanı səsləndirdiyi Cənubi Qafqazda gərginlik yaşana biləcəyi barədə bəyanatları erməni tərəfinin dövlət sərhədində atəşkəsin intensiv şəkildə pozması ilə müşayiət olunurdu. Məqalədə əminliklə vurğulanır ki, Paşinyan oxşar ssenariyə yenidən əl ata bilər. Bir sözlə, o, Vladivostokda olduğu kimi, Nyu-Yorkda da hərbi gərginlik mesajı verir və hərbi gərginlik mesajı fonunda atəşkəs demək olar ki, hər gün pozulmaqdadır. Bununla da Azərbaycanı cavab tədbiri görməyə təhrik edərək və Bakını "təcavüzkar" kimi göstərərək qərbli havadarlarının diqqətini bölgəyə çəkmək, bu yolla ölkəmizə qarşı beynəlxalq təzyiqləri artırmaq niyyəti güdür.