Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümə yeniliklərlə FOTO


Kriminal 26 Sen 2022 16:14:00 128 0

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümə yeniliklərlə  FOTO

Uzun zaman başqa teatr səhnələrindən öz tamaşaçılarını salamlayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yubiley mövsümünü açıq elan edib. 95-cimövsümün ilk uşaq tamaşası Pyer Külliforun "Şirinlər"i olub. Tamaşadan öncə teatrın foyesində uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilib. 

Dövlət Gənc Tamaşaçılar Teatrı, "AskerovArt" və "Crazy Art" Studiyalarının birgə layihəsi çərçivəsində baş tutan sərginin həyata keçirilməsinin əsas məqsədi uşaqların dünyagörüşünün formalaşması, estetik zövqünün inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və onların təsviri sənətə olan meylini artırmaqdır. Sərgidə fərqli yaş katerqoriyalarından olan uşaqların əl işləri məzmun etibarilə müxtəlif mövzuları əhatə edib.

"AskerovArt" studiyasının rəhbəri, Rəssamlar ittifaqının üzvü Rüfət Əsgərov bizimlə fikirlərini bölüşərək təqdim olunan əsərlər, uşaqların bu sənətə marağı haqqında danışıb. Onun sözlərinə görə rəhbərlik etdiyi studiyaya bütün yaş hədlərindən olan insanlar müraciət edirlər: "Studiyamızın əsas məqsədi bizə müraciət edən hər kəsə təsviri sənətin incəliklərini öyrətməklə, bu sənəti onlara sevdirməkdir. Studiyamızda hər kəsə individual yanaşan, onların daxilindəki potensialı üzə çıxaran və bacarıqlarını doğru istiqamətləndirən peşəkar pedaqoqlar çalışır".

"Crazy Art" Studiyasının rəsm dərnəyinin müəllimi Ülkər Hümmətzadə məqsədlərinin uşaqlara incəsənətin bütün növlərini sevdirməklə, onlara mədəni dəyərləri, mədəni tərbiyəni aşılamaq olduğunu qeyd edərək, teatrın rəhbərliyinə yaradılan şərait və göstərilən diqqət üçün minnətdarlığını bildirib.  Sərgilənən rəsm nümunələri arasında "Crazy Art" Studiyasının dərnək üzvləri Fəxriyyə Məmmədova, Fatimə Məmmədova, Setayevə Sitarə Vəlinin  əl işləri xüsusilə diqqəti cəlb edib.

Sərgidə 17 uşağın yağlı boya ilə çəkdiyi20-dək əl işi nümayiş etdirilib.  Daha sonra tamaşa göstərilib. Quruluşçu rejissoru Elşad Rəhimzadə, tərtibatçı rəssamı Şahin Hüseynli, geyim üzrə rəssamı Yekaterina Xaritonova, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımova olan səhnə əsərində mahnıların mətni Rəna Mirzəyevaya, plastik həll isə Ceyhun Dadaşova məxsusdur.