Ukrayna savaşı bloklanır, ABŞ narazıdır:


Siyasət 18 Avq 2022 10:00:00 148 0

Ukrayna savaşı bloklanır, ABŞ narazıdır:

Əgər, prezident Ərdoğan Ukrayna və Rusiyanın maraqlarında uzlaşmaya nail olarsa, sülh prosesinin davamı Türkiyə ərazisinə keçiriləcək... Yəni, bu halda, Ukrayna prezidenti Zelenski və Kreml sahibi Putinin Türkiyə lideri R.T.Ərdoğanın vasitəçiliyi ilə İstanbulda görüşə biləcəyi artıq qətiyyən istisna deyil...

Son.az "Yeni Müsavat"a istinadən bildirir ki, Türkiyənin qlobal gücə çevrilməkdə olduğu artıq inkaredilməz reallıqdır. Hazırda rəsmi Ankara dünya üçün taleyüklü xarakter daşıyan bütün qlobal problemlərin həlli proseslərində birbaşa iştirak edir. Üstəlik, Türkiyə bu proseslərdə əsas beynəlxalq siyasi iradə mərkəzlərindən biri roluna da sahibdir. Və Türkiyə bu statusunu beynəlxalq məkanda son vaxtlar qazandığı önəmli siyasi-diplomatik uğurlarla qazanıb.

Məsələ ondadır ki, rəsmi Ankara bir müddət öncə bütün dünya üçün böyük əhəmiyyət daşıyan "buğda böhranı"nı həll edə bilib. Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində İstanbul anlaşmasının imzalanması və "taxıl dəıhlizi"nin yaradılması artıq reallığa çevrilib. İndi həm Rusiya, həm də Ukrayna İstanbul anlaşmasına tam şəkildə riayət etməyə çalışır. Və bu, Türkiyənin dünyanı "ərzaq böhranı"ndan xilas etməsi anlamına gəlir.

Digər tərəfdən, Türkiyə bir-birilə savaşan Rusiya və Ukrayna ilə eyni səviyyədə normal münasibətlərə sahibdir. Ona görə də, rəsmi Ankaranın rəsmi Kiyev və Kremllə Ukrayna savaşının sona çatdırılması baxımından, vasitəçilik etmək imkanları mövcuddur. Və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət öncə Kreml sahibi Vladimir Putinlə Rusiyanın Soçi şəhərində dörd saatdan artıq təkbətək müzakirələr aparması da önəmli faktordur.

Düzdür, Ərdoğan-Putin görüşündən öncə əsas iddialar ondan ibarət idi ki, guya iki lider "taxıl dəhlizi" ilə bağlı bəzi məqamları müzakirə etmək üçün görüşməyə ehtiyac duymuşdular. Ancaq bu iddiaların qətiyyən inandırıcı olmadığını anlamaq o qədər də çətin deyildi. Çünki, "taxıl dəhlizi" ilə bağlı bütün məsələlər İstanbul anlaşmasının imzalanması ilə böyük ölçüdə dəqiqləşdirilmişdi. Və ona görə də, Türkiyə liderinin yalnız bu məsələni yenidən müzakirə etmək üçün Rusiyaya səfər etməyə ehtiyac duymasına yalnız sadəlövhlər inana bilərdi.

Ərdoğan-Putin görüşündən sonra Türkiyə və Rusiya arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsinə yönəlik anlaşmaların əldə olunması da bunu təsdiqləyir. Böyük ehtimalla həmin görüşdə Ukrayna savaşı və onun ətrafında cərəyən edən beynəlxalq proseslər də müzakirə mövzusu olub. Hər halda, rəsmi Ankara və Kremlin bu savaşın uzanmasından eyni səviyyədə məmnun olmadığı qətiyyən diqqətdən yayınmır.

Maraqlıdır ki, Ukraynanın Lvov şəhərində daha bir yüksəksəviyyəli görüşün planlaşdırılması savaşın dayandırılması istiqamətində ciddi cəhdlərin olduğunu göstərir. Belə ki, BMT-nin baş katibi Antoniu Quterreş Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə avqustun 18-də Ukraynaya səfər edəcək. BMT təmsilçisi Stefan Dujarrik bildirib ki, baş katib Lvov şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirəcək.

Nə qədər qəribə də olsa, Ərdoğan-Putin görüşündən əvvəl olduğu kimi, bu dəfə də "taxıl dəhlizi" ilə bağlı mövzu dövriyyəyə buraxılıb. Güya ki, Lvov görüşünün də əsas məqsədi İstanbul anlaşmasının icrasını müzakirə etməkdir. Halbuki, taxılla yüklənmiş gəmilərin bir-birinin ardınca Türkiyəyə yola düşdüyünü nəzərə aldıqda, İstanbul anlaşmasının icrasını müzakirə etmək məqsədilə Ukraynada əlavə görüşə ehtiyac duyulması yenə də ciddi şübhələr doğurur.

Məsələ ondadır ki, indiyə qədər Türkiyə prezidenti R.T.Ərdoğan Ukrayna savaşının durdurulması məqsədilə müxtəlif cəhdlər göstərib. Hətta həm Ukrayna prezidenti Volodimir Zelenskiyə, həm də Kreml sahibi Vladimir Putinə Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüşməyi təklif edib. Ukrayna və Rusiya prezidentləri bu görüşdən birmənalı şəkildə imtina etməyiblər. Ancaq prezident V.Putin real nəticələr olacaqsa, Ukrayna və Rusiya arasında sülh sazişi imzalanacaqsa, belə bir görüşə hazır olduğunu vurğulayıb.

Göründüyü kimi, Kreml sahibi Ukrayna prezidenti ilə görüşə qarşı çıxmır. Əksinə, yalnız "nəticəli görüş" şərtini irəli sürür. Ukrayna prezidenti də vaxtilə Ukrayna savaşından öncə mövcud olan sərhədlərə qayıdılacağı təqdirdə, Kreml sahibi ilə müzakirələrə hazır olduğunu gizlətməyib. Ancaq ABŞ və Qərbin savaşın uzadılmasına yönəlik cəhdləri Ukrayna və Rusiya prezidentlərinin sülh danışıqlarına başlaması qarşısında əsas əngəl hesab olunur.

Böyük ehtimalla Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə bu məsələlər ciddi şəkildə çüzakirə edilib. Hətta ola bilər ki, Lvov görüşünün keçirilməsi də məhz prezident V.Putinlə müəyyən anlaşmaların nəticəsidir. Hər halda, Ərdoğan-Putin görüşündən qısa müddət sonra Türkiyə prezidentinin Ukraynaya səfər qərarı verməsi qətiyyən səbəbsiz ola bilməz.

Ehtimal etmək olar ki, Türkiyə lideri Kreml sahibini Ukrayna savaşını dayandırmağa razı sala bilib. Ancaq şübhə doğurmur ki, prezident V.Putinin də bunun üçün öz şərtləri olub. Yəqin ki, Türkiyə lideri Kreml sahibinin şərtlərini diplomatik kanallar üzərindən Ukrayna prezidentinə artıq çatdırıb. Və yalnız bundan sonra Türkiyə prezidenti və BMT-nin baş katibinin iştirakı ilə müzakirələrin başlamasına razılıq verilib.

Bütün bunları nəzərə aldıqda, Kreml sahibinin irəli sürdüyü şərtlərin Ukrayna üçün o qədər də ağır və qəbuledilməz olmadığını da düşünmək olar. Çünki, Rusiyanın Ukrayna savaşında düşdüyü vəziyyət kifayət qədər ağırdır. Üstəlik, Rusiyanın bu savaşdan qalib ayrılma şansları sürətlə tükənir. Və belə vəziyyətdə Kreml sahibi üçün bəzi güzəştlər müqabilində Rusiyanın daha ağır itkilərə məruz qalmadan savaşdan çəkilməsi tamamilə sərfəli ola bilər.

Digər tərəfdən, rəsmi Kiyevin də savaşın uzanmasından ciddi şəkildə narahat olduğu nqətiyyən şübhə doğurmur. Çünki, savaş uzandıqca, Ukrayna şəhərləri dağılmaqda davaş edir, iqtisadiyyat çökür, insan itkilərinin sayı isə durmadan artır. Üstəlik, rəsmi Kiyevin narazı olduğu ABŞ və Qərb Ukraynaya vəd edilən maliyyə və hərbi yardımlarını gecikdirir. Bununla da, savaşın uzanmasına nail olur. Və nəticədə Ukrayna daha ağır kataklizmlərlər üzləşir.

Təbii ki, bu baxımdan, Ukrayna savaşının dayandırılmasının yollarının tapılması həm rəsmi Kiyevə, həm də Kremlə daha sərfəlidir. Bu problemin həllində vasitəçilik edəcək yeganə dünya lideri rolundasa, hazırda yalnız Türkiyə prezidenti R.T.Ərdoğan çıxış edir. Yəqin ki, prezident R.T.Ərdoğan Kreml sahibinin şərtlərini və mesajlarını Ukrayna lideri V.Zelenskiyə bu dəfə birbaşa çatdıracaq. İki ölkə arasında sülh sazişinin imzalanması baxımından, maraqların uzlaşdırılmasına vasitəçilik edəcək. Və BMT-nin baş katibinə isə yəqin ki, bu prosesdə beynəlxalq şahid, yaxud da müşahidəçi rolu ayrılacaq.

Belə anlaşılır ki, əgər, Lvov görüşündən sonra Ukrayna və Rusiyanın maraqlarında uzlaşma baş verərsə, prosesin davamı Türkiyə ərazisinə keçiriləcək. Yəni, bu halda, Ukrayna prezidenti V.Zelenski və Kreml sahibi V.Putinin Türkiyə lideri R.T.Ərdoğanın vasitəçiliyi ilə İstanbulda görüşə biləcəyi qətiyyən istisna deyil. ABŞ və Qərbin Lvov görüşü ilə bağlı hazırlıqları qıcıqlı reaksiya ilə qarşılaması da, Türkiyə liderinin növbəti bəşəri uğura yaxın olduğunu göstərir.