İlham Əliyev: Heydər Əliyev Müslüm Maqomayevin fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi


Siyasət 17 Avq 2022 12:56:00 143 0

İlham Əliyev: Heydər Əliyev Müslüm Maqomayevin fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi

Müslüm Maqomayevin atası İkinci Dünya müharibəsinin son günlərində qəhrəmancasına həlak olanda Müslümün hələ 3 yaşı tamam olmamışdı və o, əmisi Cəmaləddin müəllimin ailəsində böyümüşdü. Artıq gənc yaşlarında ümumittifaq şöhrəti qazananda əlbəttə ki, atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq.

Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq və son görüşümü də Mehribanla Moskvada Müslümün və Tamaranın evində xüsusilə xatırlayıram. Artıq Müslümün səhhəti o qədər də yaxşı deyildi, problemlər var idi, ancaq buna baxmayaraq, bizi çox səmimiyyətlə qarşıladı və biz bir neçə saat onların evində olarkən çox səmimi söhbətlər etdik, keçmişi xatırladıq, atamı, rəhmətlik anamı xatırladıq, o gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq. Bildiyiniz kimi, son illər Müslümün ayaqlarında müəyyən problemlər var idi. Ancaq o qədər səmimi atmosfer var idi ki, hətta sonra bəlli oldu, uzun illər evdən çıxmayan Müslüm bayıra çıxdı, bizi yola saldı. Ağlımıza gəlməzdi ki, bu, bizim son görüşümüz idi.

Tamara və Müslüm - onların hər ikisi böyük sənətkar, dünyaşöhrətli müğənnilər, bir-birinə o qədər bağlı idilər ki, onların eşq hekayəsi və dostluq hekayəsi bir əfsanədir. Onların tanışlığı da Bakı şəhərində olmuşdu və mənim rəhmətlik atam həmişə o günləri xatırlayırdı.

Əlbəttə ki, bu gün Müslüm haqqında danışmaq həm asandır, həm çətindir. Çünki o qədər böyük şəxsiyyət idi, həm sənətkar kimi, həm insan kimi. Onun haqqında saatlarla danışmaq olar. Eyni zamanda, onu yaxından tanıyan, onu sevən insanlar, əlbəttə ki, onun bütün istedadlarını qeyd edərək, ilk növbədə, insan kimi onu xatırlayır. Əminəm ki, siz də eyni hisslər keçirirsiniz".

Son.az