O rola görə daşqalaq olundu, səhnədə döyüldü,


Kriminal 14 Avq 2022 15:30:00 150 0

O rola görə daşqalaq olundu, səhnədə döyüldü,

Son.az Kulis.az-a istinadən Əməkdar aktrisa Mehriban Xanlarova haqqında maraqlı faktları təqdim edir.

Xanlarova Mehriban Aslan qızı 1967-ci il, avqust ayının 12-də Bakıda anadan olub. Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, Xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursda təhsil alıb.

Aktrisa 1986-cı ildə rejissor Ənvər Əblucun ekranlaşdırdığı "Bircəciyim" filminin seçim turuna qatılır. Gözləmədiyi halda 18 yaşında filmdəki Sarıköynək roluna təsdiq olunur.

***

Aktrisa zaman-zaman ona qarşı haqsızlıqların olduğunu müsahibələrində dilə gətirir:

"Mənə qarşı haqsızlıq çox olub. Mən dırmana-dırmana gəlib aktrisa olmuşam. O qədər ağır daşlar qoyublar ki yoluma.

Bakıda ola-ola deyiblər, Mehriban yoxdur burda. Mən heç bir kəsə qarşı pis olmamışam. İstəmişəm həmişə çörəkpulu qazansınlar. Amma məni çox yerdən vurublar. Rolda şillə yeyəcəkdimsə, istəmişəm, onu həqiqi yaşayım. Bir dəfə Abbas Qəhrəmanov mənə şillə vurmalı idi səhnədə. O da həyəcanlı idi, şilləni elə vurdu ki, ağzım partladı. Düşünürdü, bəlkə, ssenari bitdikdən sonra ona nəsə deyərəm, amma heç nə demədim".

Mehriban Xanlarova "Azərbaycanfilm" kinostudiyasında "Kənar adamlar", "Bircəciyim", "Kuklalar", "Qəzəlxan", "Sahilsiz gecə", "Şəbəkə", "Xoşbəxtlər" adlı filmlərə çəkilib.

***

1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa kimi qəbul olunub. İndiyə qədər bu teatrın səhnəsində çox sayda rol alıb.

***

Əməkdar artist müxtəlif vaxtlarda sənət adamları ilə qalmaqalları ilə də gündəmə gəlib. Onunla müğənni Kərim Abbasov arasında qalmaqal bir müddət mətbuatın gündəminə çevrilib. Bu haqda aktrisa özü müsahibələrinin birində deyir:

"Mən hələ susuram, amma bu, o demək deyil ki, hər şeyi unutmuşam. Sadəcə, gözləyirəm. O adam mənim nəslimi, atamı təhqir edib. Deyib ki, Mehriban getsin soyadından utansın... Soyadımdan niyə utanmalıyam ki? Mənim atam əsl kişi olub, onunla həmişə fəxr etmişəm. Heç vaxt da heç kimə ixtiyar vermərəm ki, nəslimi və atamı biabır etsin. O adam məni təhqir edib və buna görə də məndən üzr istəyəcək. Özü də elə-belə dilucu üzrxahlığı nəzərdə tutmuram ha! Əməlli-başlı, sosial şəbəkədə, sayt vasitəsilə üzr istəsin, əks halda, yenidən onunla məhkəmədə görüşəcəm. Rəşad Dağlı da haqqımda xoşagəlməz söz deyib. Bir toy məclisində lazımsız sözlər işlədib, videosu sosial şəbəkədə yayılıb. Əgər çıxıb üzr istəməsə, onu da məhkəməyə verəcəm".

Aktrisa 1989-cu ildə Şahmar Ələkbərovun ekranlaşdırdığı "Sahilsiz gecə" filmində fahişə qadın roluna çəkilir. Bu filmin çəkilişlərindən sonra nəinki aktrisaya, yaradıcı heyətin digər üzvlərinə qarşı hücumlar olur. İnsanlar filmi və filmdə baş verənləri mentalitetə zidd hesab edirlər.

***

"Sahilsiz gecə" filmində erməni Roza rolunun ifaçısı, Xalq artisti Nuriyyə Əhmədova müsahibələrinin birində deyir:

"Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət var, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin əli varmış. Əslində, filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı".

Deyilənə görə, "Sahilsiz gecə"nin yaradıcı heyəti filmin müdafiəsi zamanı rejissoru tək qoyublar. Bəlkə də, bu səbəbdən həmin film illərlə rəflərdə qaldı, ekranlara çıxa bilmədi. Filmin çəkilişləri vaxtı isə aktyorlar rejissorun xasiyyətini bildiklərindən nizam-intizamla işləyirdilər. Şahmar Ələkbərovun xanımının sözlərinə görə, rejissor Zibeydənin cavan vaxtını ifa eləməyi Mehriban Xanlarovaya həvalə etmək istəyəndə, Ənvər Əbluç ona deyib ki, onu çəkmə, "Bircəciyim" filmini çəkəndə gördüm ki, necə intizamsızdı, hər çəkilişə gecikəcək, sən də əsəbiləşəcəksən. Lakin Şahmar Ələkbərov öz seçimindən vaz keçmir. Mehriban Xanlarova isə bir dəfə də olsun çəkilişə gecikmir. Ümumiyyətlə, aktyorların hamısı çəkilişlər qurtarana qədər nizam-intizama tam riayət edirlər.