Bayden administrasiyası ABŞda koronavirusa qarşı mübarizəni gücləndirir


Dünya 14 Yan 2022 21:09:00 109 0

Bayden administrasiyası ABŞda koronavirusa qarşı mübarizəni gücləndirir

ABŞ Prezidenti Co Bayden yanvarın 13-də Amerika xalqına müraciət edərək bildirib ki, onun administrasiyası ABŞ-da koronavirusa qarşı mübarizəni gücləndirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Baydenin sözlərinə görə, hökumət gələn həftə bütün Amerika sakinlərinə pulsuz maskalar göndərməyə başlayacaq. Ev şəraitində COVID-19 testindən keçmək üçün ötən həftə elan edilmiş yarım milyard test dəstindən əlavə daha 500 milyon test dəstialınması planlaşdırırlır.

Bayden deyib ki, pulsuz test dəstləri almaq istəyən hər bir ABŞ sakini gələn həftə bu dəstləri onlayn rejimdə sifariş edə biləcək. ABŞ-da hər gün 15 milyon COVID-19 testi keçirilir. Ölkədə pulsuz testdən keçmək üçün 20 min məntəqə fəaliyyət göstərir.

Bayden daha sonra bildirib ki, ABŞ-ın 50 ştatının 6-da (Nyu-York, Nyu-Cersi, Rod-Aylend, Ohayo, Miçiqan və Nyu-Meksiko) yerləşən xəstəxanalara 120 həkim və tibb bacısı göndəriləcək. Bu xəstəxanalarda tibb işçilərinin çoxu koronavirusa yoluxduğuna görə tibbi heyətin çatışmazlığı hiss olunur. Bayden qeyd edib ki, onun administrasiyası bu ştatlara kömək məqsədilə 1000 nəfərə qədər hərbi tibb işçisi cəlb edəcək.

Ağ evin məlumatına görə, noyabrın axırlarından bəri 24 ştata və əraziyə 800-dən çox hərbi və digər federal təcili yardım xidməti əməkdaşları göndərilib. Prezident Baydenin sözlərinə görə, amerikalıların əksəriyyəti koronavirusa yoluxmanın ciddi nəticələrindən qorunub, çünki onlar tam vaksinləşdirilib. Bayden ölkənin hələ peyvənd edilməmiş 40 milyona yaxın sakininə bir daha müraciət edərək vaksinasiyadan keçməyə çağırıb.