Göz qripinə diqqət… Hovuza girərkən linzalarınızı çıxarın


Digərləri 02 Dek 2021 07:11:00 131 0

Göz qripinə diqqət… Hovuza girərkən linzalarınızı çıxarın

Günümüzdə göz xəstəlikləri və gözlə bağlı narahatlıqlar geniş yayılmış problemlərdəndir.

Müxtəlif səbəblərdən meydana çıxa bilən bu narahatlıqların müalicəsi və profilaktikası da fərqlidir. Bu tip xəstəliklərdən biri də elmi dildə konyunktivit adlanan göz gripidir. İsparta Dövlət Xəstəxanasının göz xəstəlikləri üzrə mütəxəssisi, dr. Özgür Uzun göz qripi xəstəliyinin yoluxucu xüsusiyyətinə diqqət çəkərək yoluxma formalarının əldən-ələ, göz-gözə, ortaq eynək, dəsmal, yastıq, makiyaj ləvazimatları ola biləcəyini söyləyib.

Linzadan istifadə edən xəstələrin infeksiyalara qarşı həm daha həssas olduğunu, həm də xəstəliyin daha ağırlaşa biləcəyini qeyd edən Özgür Uzun hovuza girərkən linzaların mütləq çıxarılmasının vacibliyini vurğulayıb.

Linzadan istifadə edən xəstələr gözlərində qızartı, yanma və batma kimi şikayətlər hiss etdikləri zaman dərhal linzaları çıxarıb göz həkiminə müraciət etməlidirlər.

Xəstəlik uşaqlarda yuxarı tənəffüs yolları infeksiyası, qripə bənzər əlamətlərlə başlaya bilər. Bu, əsasən tək tərəfli şəkildə başlayır və 2 həftədən sonra digər gözə də keçə bilir. Şikayətlər sulanma, batma və ağrı şəklində olur. Göz qripi həkim nəzarətində qəbul ediləcək dərmanlarla 2 həftə ərzində sağala bilər.

Gözün ön tərəfində yerləşən, buynuzlu qişa adlanan şüşəvari hissədə tutulma olarsa, yaxşılaşma müddəti uzana bilər. Adenoviral konyunktivitin müalicəsində məqsəd infeksiyanın başqa insanlara keçməsinin qarşısını almaq və şəxsi gigiyena qaydalarına diqqət etməkdir.

Bu xəstəlik zamanı gözlər qaşınmamalı, dəsmal, yastıq və eynək kimi əşyalardan istifadəyə nəzarət edilməlidir. Xəstənin əşyaları ayrı olmalıdır. Ətrafdakı bütün insanlarla təmasdan qaçınmaq lazımdır. Xüsusilə kiçik uşaqlar və xroniki xəstəliyi olan yaşlı xəstələrdən mümkün olduğu qədər uzaq durmaq gərəklidir.

Soyuq kompres şikayətləri azaldaraq xəstələrin vəziyyətini rahatlada bilər.