Aşağı Ləki kəndinin problemləri


Digərləri 01 Dek 2021 13:54:00 152 0

Aşağı Ləki kəndinin problemləri

Ağdaş rayon Aşağı Ləki kənd sakini Mustafa Kərimov yaşadığı ərazinin ciddi problemlərini qaynar xəttimizə video şəklində göndərib. Videogörüntülərdə kənd məktəbinin, bağçasının və kitabxanasının acınacaqlı durumda olduğu əks olunub. Tamaşaçımız bu səbəbdən övladlarını məktəbə göndərə bilmədiyini deyir. Görüntülərdən də problemin açıq-aşkar olduğu sezilir. Təmirsiz, uçuq-sökük təhsil, mədəniyyət ocaqlarının içində nə baş verdiyini təsəvvür etmək o qədər də çətin olmamalıdır.

Son.az Real TV-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Ağdaş rayon İcra Hakimiyyətindən mövqe öyrəndik. Oradan bildirdilər ki, 2016-cı ilə kimi orta məktəbin cari təmiri icra hakimiyyətinin öhdəsində olub. Həmin ildən sonra isə bu işə cavabdeh qurum Təhsil Nazirliyidir. Təhsil Nazirliyi isə növbəlilik əsasında ehtiyac olan bütün təhsil ocaqlarını təmir edir. Bağçaya gəlincə, onun təmirinin icra hakimiyyətinə aid olduğunu bildirən qurumun əməkdaşı Cari təmirin aparıldığını, lakin hazırda əsaslı təmirə ehtiyacı olduğunu qeyd etdi. Təmirin isə növbəlilik əsasında aparılacağına söz verdi. O ki qaldı bağçaya bitişik kitabxana binasına, bununla bağlı regional mədəniyyət idarəsinə xəbər verildiyini öyrəndik. Belə məlum oldu ki, bu kəndin problemləri növbə ilə həll olunacaq. Aşağı Ləki kəndi üçün həmin növbənin tez çatacağına ümid edirik.