Övladları ilə sonuncu dəfə şəkil çəkdirib döyüşə yollandı VİDEO FOTO


Digərləri 25 Okt 2021 21:31:00 235 0

Övladları ilə sonuncu dəfə şəkil çəkdirib döyüşə yollandı  VİDEO  FOTO

Qırx dörd günlük Vətən müharibəsində düşmənə ağır zərbələr endirən igidlərimiz arasında Timur Nurəddin oğlu Əliyev də olub. Timur Əliyev Füzulinin düşmən işğalından azad olunmasında böyük şücaət göstərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qazax rayonunun Xanlıqlar kəndindən olan şəhid Timur Nurəddin oğlu Əliyev Vətən müharibəsi başlamazdan bir gün əvvəl gecə evə gələrək yatmış körpələrini oyadıb və onlarla şəkil çəkdirib. On dəqiqə sonra isə yenidən hərbi hissəyə yola düşüb. Ailəsinə isə döyüşlərdə olması barədə bir kəlmə də deməyib. Sanki şəhadətə ucalacağını hiss etmişdi. Sonuncu dəfə evdən çıxanda iki qızını həyat yoldaşına tapşıraraq gedib. Şəhidin həyat yoldaşı Könül Əliyeva son görüşü belə xatırlayır: "Sentyabrın 26-sı axşam saat 11 idi, uşaqlar yatmışdı. Timur gəldi, uşaqları soruşdu. Dedim yatıblar. Dedi istəyirəm yuxudan oyadım, qızlarımla şəkillərimizi çək. Dedim sabah da olar. Dedi yox, mən 10 dəqiqəyə qayıtmalıyam. Gətirdim uşaqları şəkillərini çəkdim. Mənə dedi ay Könül, o şəkilləri saxla, böyük qızım məni tanıyır. Balaca ola bilsin ki, məni yadda saxlamadı. Şəkilləri görüb yadında saxlasın. Onda dedi ki, həyatdır, bilmək olmaz, bəlkə heç qayıtmadım. Sonra da güldü, dedi ki, zarafat edirəm".

Silahlı Qüvvələrin çavuşu olan Timur Əliyev müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) idi. Hərbidən əvvəl boksla məşğul olub. Timur evin tək oğul övladı olmasına baxmayaraq, atası ona hərbçi olmasını tövsiyə edib. "Həmişə deyirdi ki, torpaqlarımızın işğal altında olması mənə çox ağır gəlir. Mən də deyirdim ki, bu, sənə ağır gəlirsə, get hərbçi ol, Vətənə töhfəni ver. O da mənimlə razılaşdı. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq xidmət etməyə qərar verdi. Hər bir oğul Vətəni müdafiə etməlidir, Vətən anadır. Mən oğlumla fəxr edirəm. Çünki o, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub", - deyə şəhidin atası Nurəddin Əliyev bildirib.

Timur Vətən müharibəsində döyüşlərə həmlə taborunun tərkibində Füzuli istiqamətindən qoşulur. Oktyabrın 13-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndində gedən döyüşlərdə minaatan mərmisi qəlpəsindən ağır yaralansa da, döyüşə davam edib və şəhidlik zirvəsinə ucalıb. Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub.

O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.