Azərbaycanda bu körpüdən avtomobillə keçənlər 50 qəpik haqq ödəyir


Digərləri 25 Okt 2021 20:12:00 111 0

Azərbaycanda bu körpüdən avtomobillə keçənlər 50 qəpik haqq ödəyir

Sabirabad rayonunda, Kür çayının üzərində ödənişli körpü - panton körpüsü fəaliyyət göstərir.

Son.az report-a istinadən xəbər verir ki, onun üzərindən avtomobillə keçənlər 50 qəpik haqq ödəyir.

Uzunluğu 170 metr, eni isə 5 metr olan bu körpü 2000-ci ildə istifadəyə verilib, rayonun Ulacalı və Qruzma kəndlərini birləşdirir. Kürün üzərində ona paralel bir neçə ödənişsiz körpü də var. Lakin onlar təxminən 12-15 km məsafədə yerləşdiyi üçün sürücülər 50 qəpik verib buradan keçməyə üstünlük verirlər. Həmin körpü həm də rayonun Qəzli, Yenikənd və Kovlar kəndlərinə getməyə, eləcə də Bakı-Qazax magistral avtomobil yoluna çıxmağa imkan verir.

Körpünün nəzarətçisi Mahir Mirzəyev deyir ki, obyekt fərdi sahibkara məxsusdur və sürücülər müəyyən edilmiş məbləği hər dəfə ödəməlidirlər. Məsələn, körpünün üstündən avtomobillə çayın o biri tərəfinə keçənlərdən geri qayıdanda da haqq alınır. Yəni, gediş-gəliş 1 manata başa gəlir. Bununla belə, I və II Qarabağ savaşında şəhid olmuş şəxslərin ailə üzvləri, eləcə də qazilər pul ödəmirlər.

Körpünün istifadəsindən yığılan vəsait hesabına burada çalışan 3 nəfərə maaş verilib, vergilər, istifadə olunan elektrik enerjisinin haqqı (körpünün işıqlandırılması üçün) ödənilir, eləcə də körpünün hər iki tərəfindəki yollar təmir edilir.