"Biz sizinlə qardaşıq"


Siyasət 25 Okt 2021 16:24:00 227 0

"Biz sizinlə qardaşıq"

Bir müddət əvvəl Azərbaycana qarşı qarayaxma və təhdid dolu bəyanatları ilə yadda qalan İran daxili işlər naziri Əhməd Vəhidi indi fərqli fikirləri ilə yadda qalıb. Belə ki, İranın daxili işlər naziri Əhməd Vəhidi bəyan edib ki, Türkiyə və Azərbaycanın əziz xalqları onlarla eyni dinə və eyni məzhəbə xidmət edirlər.

Son.az xəbər verir ki, nazir Türkiyə və Azərbaycanla iqtisadi diplomatiyanın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Daxili işlər naziri qeyd edib: "Türkiyə və Azərbaycanın əziz xalqları bizimlə eyni dini və eyni məzhəbi paylaşırlar və Şərqi Azərbaycan vilayətinə yaxınlıqlarına görə bundan mənəvi və iqtisadi cəhətdən maksimum yararlanmalıdırlar.

Onun sözlərinə görə, bu vilayətdə Azərbaycan Respublikası və Türkiyə ilə birgə əməkdaşlıq strategiyası müəyyən edilməlidir, çünki həmin ölkələrlə çox yaxşı əməkdaşlıq sahələrimiz var. Şərqi Azərbaycan mühüm tranzit bölgəsi və İranın şimal ölkələri ilə əlaqə nöqtəsidir və bu sahə çox vacibdir: Qonşu Türkiyə və Azərbaycan Respublikası ilə iqtisadi diplomatiyamız daha da inkişaf etdirilməlidir.

Qeyd edək ki, son aylarda İran yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasına start vermişdi. Lakin Azərbaycanın qətiyyətli cavablarından və iradəsindən sonra geri oturan və hazırda çıxılmaz vəziyyətdə qalan İran hökuməti indi də yenidən hər zaman olduğu kimi ikiüzlü siyasətə əl ataraq "dostluq" və "əməkdaşlıq"dan dəm vurmağa başlayıb.