5ci DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək


Kriminal 25 Okt 2021 13:58:00 158 0

5ci DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək

3-7 Noyabr 2021-ci il tarixində Bakıda 5-ci DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. 

Əsası 2017-ci ildə qoyulan festival, ölkəmizdə dünyanın hər yerindən sənədli filmlərin nümayişini təqdim etmək məqsədi daşıyan ilk müstəqil beynəlxalq sənədli film festivalıdır.

Festival eyni zamanda yeni simalar tapmaq və yerli sənədli film rejissorlarını dəstəkləmək niyyətindədir.

Builki festivalın əsas mövzusu "Duyğular ±" dır. Təqdim olunacaq filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr olunmuşdur. Festivalın proqramı 200-dən çox təqdimat arasından seçilmiş 50 filmdən ibarətdir. Finalçılar 30 ölkəni təmsil edir. Bundan əlavə, Azərbaycan sənədli filmlərinin retrospektivi təşkil olunacaq və mərhum azərbaycanlı senarist və rejissor Çingiz Rəsulzadənin xatirəsinə həsr olunacaq.

DokuBaku festivalı Ən Yaxşı Uzunmetrajlı, Ən Yaxşı Qısametrajlı və Ən Yaxşı Azərbaycan Sənədli Filmi adlı nominasiyaları açıqlayıb. Bunlardan əlavə, pandemiya zamanı həyatla bağlı yarışmadan kənar filmlərin nümayişi də həyata keçiriləcək.

Seçim komitəsinin festivalın tamaşaçılarına və münsiflər heyətinə təqdim ediləcək bütün filmləri qiymətləndirməsi üç ay vaxt aparıb. Münsiflər heyəti festival boyunca namizədləri qiymətləndirəcək. Jüri heyətinə Vitaly Mansky və Kristian Feigelson kimi tanınmış sənədli film rejissorları və mütəxəssislər daxildir. Dəvət olunmuş qonaqlar arasında mükafat laureatları və Azərbaycan sənədli film sənətinin elitasının nümayəndələri var.

Hər kateqoriyada qaliblər diplom və əldə hazırlanmış iHuman heykəli ilə təltif olunacaqlar.

Həmçinin festivalın iki xüsusi mükafatı və önəmli xidmətlərinə görə Azərbaycan kinematoqrafiyasının görkəmli nümayəndələrinə təqdim olunacaq iCyborg mükafatı var.

Festivalın direktoru İmam Həsənovun sözlərinə görə, builki festival Azərbaycanda son illərdə keçirilən ən böyük miqyaslı festival olacaq. "Bu il bir insanın hissləri kimi intim bir sahəyə toxunmaq qərarına gəldik. Bu gün insan təbiətini filmlərlə kəşf edirik və buna görə də bu festivalı keçiririk. İnanıram ki, DokuBaku festivalı tezliklə bütün sənədli film həvəskarları üçün əlamətdar bir hadisəyə çevriləcək və tez zamanda insanlar bizim haqqımızda nəinki ölkə daxilində, hətta ölkə hüdudlarından kənarda da danışacaqlar" - deyə İmam Həsənov bildirib.

Azərbaycan dilində altyazılı filmlər Bakının müxtəlif mədəniyyət məkanlarında nümayiş olunacaq. Festival proqramına musiqi və teatr tamaşaları, mühazirələr və müzakirələr də daxildir.

Biletləri iticket.az saytında əldə etmək olar. Tam proqram www.dokubaku.az  saytında mövcuddur.

Facebook:  IDFFDokuBaku İnstagram: @idffdokubaku

Nümayiş məkanları: YARAT Müasir İncəsənət Mərkəzi, Cine House, Kapellhaus, Nizami Kino Mərkəzi, Daş Salnamə Muzeyi.

Bu il festival Goethe İnstitut, Free Art və Barza Art Bureau dəstəyi ilə təşkil olunub. Festivalın tərəfdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Media Mərkəzi, Colibri Arts, Institut Français d'Azerbaïdjan və YARAT Müasir İncəsənət məkanıdır.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Son.az, Azernews.az